Şənbə , Avqust 13 2022
Ana səhifə / Bölgələr / Şəmkir sakini oğlunun toyundakı dini mahnıya görə həbs edilib?

Şəmkir sakini oğlunun toyundakı dini mahnıya görə həbs edilib?

Sosial şəbəkələrdə Şəmkir sakini Ramid Səfərlinin oğlunun kiçik toyu zamanı dini mahnı səsləndirdiyi üçün həbs oldunuğuna dair iddialar yayılıb.

Qeyd olunub ki, R.Səfərliyə buna görə 20 sutka, eyni zamanda toy mərasiminin keçirildiyi “Qoşa Çinar” şadlıq sarayının rəhbərinə isə 10 sutka inzibati həbs cəzası verilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu ilə əlaqə saxladıq. Qrupun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirdi ki, iddialar həqiqətə uyğun deyil: “İyulun 14-də Ramid Səfərli telefon vasitəsilə övladına sünnət edən şəxslə danışan zamanı yüksək səslə nalayiq ifadələr işlədib və bu ətrafdakı insanların haqlı narazılığına səbəb olub. Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq irad bildirən zaman o, hüquqazidd hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.

Bundan başqa rayonun digər sakini Qulu Quliyev isə digər bir şəxslə mübahisə edən zaman  ətrafda olan insanlara məhəl qoymayaraq nalayiq ifadələr işlədib. Bununla bağlı polis əməkdaşı yaxınlaşaraq onu intizama dəvət etsə də, o polisin qanuni tələblərinə tabe olmayıb.

Hər iki şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə hər iki şəxs törətdikləri inzibati xətanı etiraf edərək səmimi peşmanlıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Ramid Səfərli 20, Qulu Quliyev isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib”.

“Əfsuslar olsun ki bəzi şəxslər heç bir əsas olmadan bu hadisəni bir neçə gün əvvəl keçirilən kiçik toy mərasimi ilə əlaqələndirməyə çalışır. Qeyd etmək istəyirəm ki, Azərbaycanda yaşayan hər kəs ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimləri yerinə yetirməkdə sərbəstdir”, – DİN rəsmisi əlavə edib.

Həmçinin oxuyun

Vətən müharibəsi bu kənddən başlamışdı… – VİDEO

Bu günlərdə cəbhə xəttində işğalçı erməni silahlı dəstələrinin yaratdığı təxribat düşmənlə üz-üzə dayanan kəndlərimizdə son …