Bazar , Oktyabr 25 2020
Ana səhifə / Bölgələr / Rayonlarda və sərhəd bölgələrində yaşayanlar karantindən nələr danışdılar – RƏYLƏR…

Rayonlarda və sərhəd bölgələrində yaşayanlar karantindən nələr danışdılar – RƏYLƏR…

Son 20-25 ildə belə bir sosial izolyasiya, katantin, hərəkətin məhdudlaşdırılması şəraiti olmamışdı. Faktiki olaraq, martın 19-dan bəri Bakı ilə regionlar arasında gediş-gəliş dayanıb. Yalnız yükdaşımalarına icazə verilir, nə avtobuslar, nə qatarlar, nə taksilər sərnişin daşıya bilir, nə rayon qeydiyyatı olanlar əyalətdən Bakıya gələ və yaxud şəhərdən bölgəyə gedə bilir. Hazırda paytaxtda işi olan minlərlə insan xüsusi karantin rejimi ilə bağlı rayonlarda qalıblar. 

Eyni zamanda rayonlarda da hərəkət məhdudlaşdırılıb, zəruri ehtiyacları qarşılamaq üçün gün ərzində iki saat küçəyə çıxmağa SMS vasitəsi ilə icazə verilir. Amma gələn rəsmi xəbərlərdən görünür ki, əyalətlərdə karantin rejiminə əməl etməyənlər, bu səbəbdən cərimələnənlər az deyil. Rayonlardakı son vəziyyəti öyrənmək üçün əlaqə saxladığımız yazarlar, fəallar ümumi mənzərəni təsvir etdilər.

İlk növbədə Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) İctimai- siyasi və humanitar məsələlər şöbəsində müdir müavini, dini qurumlarla işin təşkilatçısı Bəhruzar Rüstəmov Musavat.com-a bildirdi ki, bəşəriyyətin üzləşdiyi bəla Azərbaycandan da yan keçməyib, dövlət bütün qabaqlayıcı addımlar atsa da, koronavirus epidemiyası insanlarımıza da çatdı: “Ancaq xalqımız yaranışdan pak, təmiz olub, gigiyenik qaydalara həmişə riayət edib. Dinimiz də tələb edir ki, can Allahın əmanətidir. 

Ona görə də bu gün dövlət səviyyəsində karantin, sosial izoliyasiya tədbirləri xalq tərəfindən təqdir edilir. Çünki bütün bu addımlar genefondun saxlanmasına görədir. Bu mənada Tovuzda da Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri yerinə yetirilir. Rayonda karantinə ciddi əməl olunur, binalar, küçələr dezinfeksiya edilir, yollar yuyulur”. 

Tovuz RİH rəsmisi qeyd etdi ki, evdə qalan tənha insanlar müvafiq strukturlar və yerli icra hakimiyyəti başçısının nümayəndələri tərəfindən diqqətdən kənarda qalmır: “Sosial müdafiəyə ehtiyacı olanlara yardımlar edilir. Bununla belə Tovuzda həyat öz axarı ilə davam edir, həyati əhəmiyyətli xidmət sahələri ahəngdar işləyir. Bir sözlə, koronavirus bəlasına qarşı mübarizədə hakimiyyətlə xalqın qovuşması özünü büruzə verir. Mən bir ziyalı və ağsaqqal olaraq tövsiyəm edirəm ki, evdə qalaq, özümüzü, övladlarımızı, xalqımızı və dövlətimizi qoruyaq”. 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Cavanşir Abbaslı isə Gədəbəydəki son durumu diqqətə çatdırdı. 

Onun sözlərinə görə, hazırda olduğu dağ bölgəsində insanlar karantin rejiminə əməl edir, qadağaları pozmamağa çalışır:  “Adicə bir faktı deyim: Karantin rejimi qüvvəyə minəndən kənddə avtomobillər az-az gözə dəyir. Bazar günləri isə ən yaxşı halda saat 11-ə kimi işləyirlər. Bir kənddən digərinə getmək üçün bəzən maşın tapmaq olmur. Rayonun mərkəzinə getmək isə mümkün deyil. Gədəbəy insanları bir-birini sağlamlığını düşünməyə və karantinə riayət etməyə çağırırlar. Amma karantin rejimini pozan adamlar da olur. Buna elə insanlar özləri etirazlarını bildirirlər. Hətta sakinlər öpüşüb – görüşməyi də yığışdırıblar”. 

C.Abbaslı bildirdi ki, yaşadığı kənddən yalnız qonşu Saratovka kəndinə qədər gedə bilir: “Post qurulub və Gədəbəyin mərkəzinə gediş-gəliş yoxdur. Vaxtaşırı polis əməkdaşları kəndləri gəzir, ahıl insanları çölə çıxmamağa çağırırlar. Yəni, təmas tam aradan qaldırılıb və bu baxımdan sevindirici haldır ki, koronavirusun yayılmadığı rayonlar arasında Gədəbəyin də adı var. 

Əlbəttə, buna əsas səbəb camaatın karantin rejiminə əməl etməsi və təmiz hava şəraitidir. İnsanlar qonaq getməyi dayandırıblar, zəruri ehtiyac üçün çölə çıxırlar, bayırda çox vaxt keçirməməyə çalışırlar, hər Novruz bayramında kənd sakinləri bir yerə yığılıb, tonqal qalayardı, bu il tonqallara da rast gəlmədik. Yəni, 20 gündən artıqdır rayondayam, insanların özlərini təcrid etdiklərini görürəm. Mənə elə gəlir ki, karantin rejiminin müddəti uzadılsa, insanlar yenə qərara uyğun hərəkət edəcəklər”.

Axar.az-ın əməkdaşı Turanə Məmmədli isə Oğuz rayonundan Bakıya işinə qayıda bilməyib və bölgədən yazır. Onun sözlərinə görə, karantin rejimi ilə əlaqədar hazırda Oğuzun Xaçmaz kəndində qalıb. 

“Rayon əhalisi şəhərdəkilərə nisbətən bir addım öndədir. Ona görə ki, şəhərdə yaşayanlar hava almaq, gəzmək üçün həyətə çıxmaq məcburiyyətindədir, kənd camaatının belə bir çətinliyi yoxdur.

Yəni, onsuz da insanlar torpaqda işləyir, əkir-becərir, çörək bişirir, heyvana baxır, südündən istifadə edir. Belə desək, təbiət özü karantini pozmağa imkan yaratmır”, – deyə jurnalist vəziyyəti təsvir edir.

Jurnalistin dediyinə görə, rayon camaatı virusa yoluxmaqdan qorxmasa da, başqasını yoluxdurmaqdan ehtiyatlanır: “Burada evlər yan-yanadır, qadınların qonşularla mehribanlığı, söz-söhbəti, dedi-qodusu bitib – tükənmir, amma karantin qaydalarına da maksimum riayət olunur”. 

Gürcüstanla sərhəd olan Qazax rayonunda yaşayan şair Hikmət Nazim  dedi ki, rayonda koronavirusa inananlar çoxdur, inanmayanlar isə ondan da çoxdur: “Misal üçün, karantin elan olunan gündən dünənə qədər kəndlərdən şəhərə gediş-gəliş mümkün idi. Sonra vəziyyət sərtləşdi. Ailələr var ki, xərc çəkib istixanalarda yetişdirdiyi məhsulu indi qapısında zay olur. Bu insanlara yardım olunmalıdır. Kəndçi götürdüyü məhsulu sata bilmirsə, qapısında xarab olursa, torpaq istifadəyə yararlı olub-olmaması heç nəyi ifadə etmir”.

H.Nazim deyir ki, indi Qazaxda sakitlikdir, xüsusi karantin rejiminə görə küçələr boşalıb, Gürcüstanla sərhədin bağlanması isə insanların işinə, dolanışığına təsirini göstərib. 

İranla sərhəd olan Astarada yaşayan “facebook” istifadəçisi Raqif Hacı isə bildirdi ki, küçələrdə polis əməkdaşları və əsgərlər görmək olur.

Onun sözlərinə görə, insanlarda panika, qorxu yoxdur, amma İranla sərhədin bağlanması bazarlığa, alverə gedənlərə təsir göstərib: “Dövlət idarələri işləmir, küçələrdə az adam gözə dəyir. Astarada sakitlikdir. Amma İran malları bahalaşıb”.

Həmçinin oxuyun

Beyləqanda bələdiyyə sədri səfərbərlikdən necə yayınıb?

Vətən torpağını qoruya bilməyən Tehran Sadıqov Bələdiyyə torpaqlarını necə qoruyacaq? Bu gün Azərbaycanda Böyük Vətən …