Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Bölgələr / “Rayonda özbaşınalıq baş alıb gedir”

“Rayonda özbaşınalıq baş alıb gedir”

Cəlilabad rayon sakini Nahid Abdullayev AYNA-nın redaksiyasına müraciət edib. Onun sözlərinə görə, 7 nəfərdən ibarət olan ailəsində yaşlı ata və anası işləmək qabiliyyətində deyil, 3 azyaşlı övladı var və onlara qulluq etdiyi üçün həyat yoldaşı da işləmir.

“Özüm də illərdir ki, işləmirəm, iş tapa bilmirəm. Bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə, Məşğulluq Mərkəzinə dəfələrlə müraciət etmişəm, lakin səsimə səs verən olmayıb. Təsərrüfat üçün dəfələrlə müraciət etmişəm, heç bir nəticə yoxdur. Burada özbaşınalıq baş alıb gedir. Sanki rayon məmurlara məxsusdur”, – deyə şikayətçi bildirir.

Abdullayevin problemi bununla da bitmir: “Mənim Ədliyyə Nazirliyində təsdiq olunmuş çıxarışlı, nizamnaməli, möhürlü “Ceyrankeçməz” kiçik müəssisəmi əlimdən alıblar. İcra hakimiyyətinin başçısı Namiq Zeynalov mənim şəxsi torpaq sahəmi kimlərəsə icarəyə verib. Öz torpaq sahəmdən özüm istifadə edə bilmirəm”.

Şikayətçi problemlərini sadalamaqda davam edir: “Cəlilabad rayon Heydər Əliyev prospektində yerləşən küçəmizdə, 2011-ci ildə sakinlər tərəfindən qaz xətti çəkilib, sonradan “Azəriqaz” həmin xətti öz balansına keçirsə də, yararsız halda olan xətti bərpa etmirlər ki, “vəsait yoxdur”. Küçənin elektrik xəttini də vaxtilə sakinlər öz vəsaitləri hesabına çəkdiriblər, transformator qoydurublar. Lakin Cəlilabad işıq idarəsinin rəisi, baş mühəndis vəzifəsini icra edən Əbdülhəsən adlı şəxs gecə ilə həmin transformatoru oğurlayaraq satıb. Mən idarəyə gedərək transformatorun hara yoxa çıxdığını öyrənmək istədim, həmin şəxs mənə “Transformatoru mən satmışam və yaxşı etmişəm, get hara və kimə şikayət edirsən, et” cavabını verdi”.

“Ümumiyyətlə, Cəlilabad rayonunda özbaşınalıq baş alıb gedir və buradakı məmurlara biri “dur!” deyə bilmir. Xahiş edirəm, bütün dediklərimi olduğu kimi işıqlandırın ki, burda baş verənlərdən hamının xəbəri olsun. Mən artıq bezmişəm. Son əlacım odur ki, ailəmi də götürüb, sərhədi keçib İrana üz tutam və Azərbaycanın vətəndaşlığından imtina edəm. Mən və ailəm artıq çıxılmaz vəziyyətdə qalmışıq”, – deyə şikayətçi vurğulayır.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən AYNA-ya çox qısa cavab verməklə kifayətləndilər. Məsələn, sakinin torpaq sahəsinin mənimsənilməsi barədə şikayətinə belə cavab aldıq: “O məsələ ilə bağlı araşdırma aparılır”.

Digər problemlərə gəlincə, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov da qaz xəttinin yararsız olması məsələsinin araşdırılacağını dedi.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanırverdi Mustafayev isə AYNA-ya bildirdi ki, şikayətçinin iddia etdiyi həmin transformatoru heç kim oğurlaya bilməz: “Bu, mümkünsüz olan bir şeydir. Orda yüksək gərginlikli xətlər keçir. Uşaq oyuncağı deyil, kimsə götürüb aparsın. Həm transformator ordan götürülübsə, belə çıxır ki, həmin ərazi işıqsız qalıb? Bu, inandırıcı deyil. Kimsə kiminləsə şəxsi qərəzinə görə belə iddialar səsləndirir”.

Şikayətçi isə deyir ki, həmin ərazidə üç küçə var və hər bir küçə üçün də üç ayrı transformator olub: “Bizim küçənin transformatorunu öz hesabımıza yerləşdirmişdik. Onlar isə üç küçənin elektrik enerjisini bir transformatora birləşdirərək, qalan ikisini yoxa çıxarıblar ki, o ikisindən biri də bizim öz hesabımıza aldığımız transformator idi. Öz hesabımıza alınan transformatoru niyə kimsə aparıb satmalıdır?”

Həmçinin oxuyun

Ermənilər 22 günlük körpəni anasız qoydu — FOTO

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həyatını itirən Tükəzban Mirzəliyevadan geriyə Kəmalə adında 22 günlük körpəsi …