Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Bölgələr / Qazi: “Ağstafa rayon İcra Hakimiyyətindən bir nəfər gəlib qapımızı açıb deməyib ki…”

Qazi: “Ağstafa rayon İcra Hakimiyyətindən bir nəfər gəlib qapımızı açıb deməyib ki…”

Vətən müharibəsində döyüşərək ağır yaralanan hərbçilərimizdən biri də MAXE Kənan Məhərrəm oğlu Lələyevdir. K.Lələyev Ağstafanın Qaçaq Kərəm kəndində yaşayır və Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və sol gözünü itirib.

Döyüşçümüz hələ ki, müalicələrinin davam etdiyini bildirib:

“Mən kəşfiyyat bölüyündə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirəm. Sentyabrın 21-dən biz artıq Daşkəsənə gəldik. Sentyabrın 27-dən isə Murovdağı və Kəlbəcər istiqamətində əməliyyatlarımız oldu. Daha sonra isə Şuşa şəhəri istiqamətində əməliyyatlara başladıq. Noyabrın 3-də yaralı döyüşçü yoldaşımı döyüş meydanından çıxararkən düşmənin minaatandan atəş açması nəticəsində ağır yaralandım. Qəlpə sol gözümü çıxardı, sifətim çox pis vəziyyətə düşdü. Bundan başqa başıma və kürəyimə qəlpələr dəydi. Daha sonra döyüşçü yoldaşlarım məni ərazidən təxliyyə etdilər. Biz ailədə üç qardaşıq və böyük mənəm. Məndən kiçik qardaşım da Xocavəndədir, əsgəri xidmətini artıq başa vurub”.

Qazimiz rayon rəhbərliyinin ona qarşı olan biganəliyindən gileylənib:

“Dekabrın 19-dən  xəstəxanadan evə buraxılmışam. Amma Ağstafa rayon İcra Hakimiyyətindən bir nəfər gəlib qapımızı açıb deməyib ki, necəsən, yaxud müalicələrin necə gedir? Bunlar hara baxırlar, niyə maraqlanmırlar? Mənim şəxsən elə dərmanım var ki, onu almağa maddi imkanım yoxdur. Hazırda müalicələrim davam edir və iki aydan sonra yenidən əməliyyat olunacam. Gözümə şüşə göz qoyulacaq və bədənimdə olan qəlpələr çıxarılacaq”.(moderator.az)

Həmçinin oxuyun

Ləmkəranda iki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün …