Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Bölgələr / Qarabağda sürətli yol tikintisi – 10-a yaxın layihə icra olunur

Qarabağda sürətli yol tikintisi – 10-a yaxın layihə icra olunur

Azərbaycan işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlərə başlayıb. Qısa müddət ərzində bir neçə istiqamətdə müasir tələblərə cavab verən avtomobil yollarının tikintisinə start verilib. Qarabağa yol çəkilişi, Daşaltıdakı tunellər Ermənistan ictimaiyyətini heyrətləndirib. 10 noyabr bəyanatından sonra işğaldan azad olunan ərazilərin minadan təmizlənən hissələrində sürətli şəkildə bərpa, quruculuq işlərinə, infrastruktur layihələrin icrasına var gücü ilə start verən Azərbaycan keçən 8 ay ərzində gördüyü işlərlə Ermənistan ictimaiyyətini ciddi şəkildə heyrətləndirməyə başlayıb.

Erməni jurnalist Bella Lalayan sosial şəbəkə hesabında Azərbaycanın işğaldan azad edilən ərazilərdə apardığı quruculuq işlərindən yazıb. Bella Lalayan sosial media hesabında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin fotoşəklini paylaşaraq “30 il ərzində Stepanakertdə (Xankəndi) tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin” sözlərini qeyd edib.

Lalayanın haqqında bəhs etdiyi Əhmədbəyli-Füzuli-Şuşa yolunun təməli bu ilin yanvarında qoyulub. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulub.

Prezident İlham Əliyev iyunun 14-də yolun Daşaltı kəndinin ərazisindən keçən hissəsində tikiləcək tunelin təməlqoyma mərasimində iştirak edib. Ümumilikdə, yol boyu 7 tunel tikilir. İnşasına başlanılan tunellərin ümumi uzunluğu təqribən 6.3 km olacaq. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Uzunluqları 360-3300 metr arası dəyişəcək tunellərin giriş hissəsində aparılan işlər artıq tamamlanıb.

Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Sözügedən avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü km-lik hissələri, “AZVİRT” MMC-in inşa etdiyi 34-51-ci km-lik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84.6 km-lik hissəsidir.

Yol başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir?

Azad olunmuş ərazilərdəki ən mühüm layihə, sözsüz ki, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər” yoludur. Uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu”  Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. “Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb.

Yolun tikintisini AAYDA-nın “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı qismində Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu”  Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Yeni Şuşa yolunun çəkilişi nə vaxt başa çatacaq? AÇIQLAMA » Cenub.az -  Regional Qazet

AAYDA-dan “Yeni Müsavat”a verilən məlumata görə, artıq yolun 30 km hissəsinə asfalt örtüyü çəkilib. Qalan hissənin isə sentyabrın ortalarına qədər tam istismara hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.

Maraqlıdır ki, erməni mətbuatı «Zəfər yolu»nun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindən keçməsinə qəsəbədə yaşayan ermənilərin icazə vermədiklərini, buna görə də yolun mürəkkəb relyefli ərazidən keçəcəyini iddia edirlər. Guya bu səbəbdən tikinti işləri 4 il çəkəcək. AAYDA mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirdi ki, ermənilərin cəfəng iddialarına rəğmən yol sentyabrın ortalarına qədər istismara veriləcək.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrindən biri  də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 km təşkil edir. Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 m-dən Murovdağ zirvəsinədək – 3250 m-ə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara (serpantin) əlavə özül əsaslı istinad divarları tikilsə belə, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maililik 16-28 dərəcə arası dəyişir. Əgər yol 7 dərəcə maililiklə tikilsə, mövcud 16.5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11.7 km-lik tunellə keçilməsi daha məqsədəuyğun hesab edilib.

Füzuli-Şuşa avtomobil yolunda 3 kilometrlik tunel olacaq - AAYDA - FOTO -  Şafaqna Azərbaycanca

Murovdağ silsiləsindən sonra 2830 və 460 metr uzunluqlara malik daha 2 avtomobil tunelinin inşası da nəzərdə tutulur. Beləliklə, yol boyu ümumi uzunluğu 15 km-ə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Tikintini AAYDA-nın  “3 N-li Magistral Yolların İstismarı” MMC ilə Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir.

Azad olunan bölgələrdə sürətlə icra olunan daha bir yol layihəsi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası işləri aparılır. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. İnşa edilən yolun hərəkət hissəsi 14 metr, çiyinlər isə 2×1,5 metr təşkil edəcək.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Aprel ayından etibarən Azərbaycanın azad olunmuş ərazilərində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə də başlanıb.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir  (FOTO) - Baku Press Klub

Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Yol 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolboyu genişmiqyaslı tikinti işləri davam etdirilir. Tikintini AAYDA-nın “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin ölkəmizdəki filialı birgə icra edir.

Yeni Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Azərbaycan hökuməti Bərdə şəhərindən Ağdama qədər dəmir yolu ilə yanaşı, yeni avtomobil yolunun da tikintisinə başlayıb. Yolun uzunluğu 44,5 kilometr təşkil edəcək. Yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Hazırda Bərdə-Ağdam avtomobil yolunun 14-40-cı kilometrləri arasında olan hissələrində tikinti işləri aparılır.Yolun tikintisini AAYDA-nın  “54 N-li Yol İstismarı” MMC ilə subpodratçı kimi “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti birgə icra edir.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək.

Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanılıb

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Tikinti işlərini AAYDA-nın  “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı qismində Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti birgə icra edir.

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …