Ana səhifə / Bölgələr / Parlament seçkiləri Lerikdə hansı reallıqları ortaya çıxartdı? – Firdovsi Şahbazov

Parlament seçkiləri Lerikdə hansı reallıqları ortaya çıxartdı? – Firdovsi Şahbazov

2020-ci ildə keçirilən parlament seçkilərinin ədalətlilik və şəffaflıq baxımından necə keçirilməsi barədə “78-ci dairənin 9 fevral seçkisi: ağ örpəyə bürünən Leriki qaranlığa qərq edən kabus” yazımızda geniş bəhs etmişdik. Bu yazıda isə seçki sahəsində ortaya çıxan digər problemlərə toxunmaq istərdik. Seçkilərin namizədlər və seçicilər baxımından da təhlilini zəruri hesab edirik. Bunun üçün bir necə suala cavab axtarmaq məcburiyyətindəyik.

1. Müstəqil namizədlərin sayının çox olması seçkilərin keçirilməsinə necə təsir etdi?

2. Onların birləşməyə meyl etməməsi nə ilə bağlı idi?

3. Namizədlər cəlbedici platformalar ortaya qoya bildilərmi?

4. Bu platformalar mövcud reallıqların yaratdığı eybəcərlikləri dəf etmək üçün seçiciləri nəzəri və ideoloji biliklərlə silahlandıra bildimi?

5. Bəs seçicilərin seçimləri nəyə əsalanırdı?

6. Namizədin tərcümeyi-halının, onun şəxsi keyfiyyətlərinin və ortaya qoyduğu platformanın təhlilinə yoxsa həmkəndlim, həmmahalım, tanışım kimi cılız prinsiplərə?

7. Bir sözlə orta statistik Lerikli seçicisinin malik olduğu dünyagörüşü ona layiqli seçim etməyə imkan verirmi? 8. Ədalətli və şəffaf seçkilər olacağı halda bu seçimlərin Lerik üçün uğurlu olacağına ümid bəsləmək olarmı?

1. Bəli, müstəqil namizədlərin sayının çox olmasının seçkiyə təsiri ikili oldu. Bu təsir bir tərəfdən seçkilərə marağın artması, seçicilərin aktivləşməsi baxımından müsbət oldu, digər tərəfdən isə səslərin parçalanmasına səbəb olmaqla mənfi istiqamətdə oldu.

2. Müstəqil namizədlərin əksəriyyətinin gənclər olaraq iddialarının böyük, siyasi təcrübələrinin isə əksinə az olması, aralarında baş tutan ilk görüşün yumşaq desək çox uğursuz təşkil olunması, sonrakı görüşlərin isə formal xarakter daşıması, birləşməyin zəruriliyi və onun yolları barədə namizədlərin əksəriyyətinin heç bir ideyaya malik olmaması birləşməni mümkünsüz etdi. Namizəd Firdovsi Şahbazov olaraq ilk görüşdən çox narazı qaldıq elə oradaca görüşü belə təşkil etməzlər deyib, bir daha belə görüşlərdə iştirak etməyəcəyimizi bəyan etdik. Mən görüşə gedəndə köməkçilərim də mənimlə zala getmək istədiklərini bildirdilər. Onlara dedim məsləhət görmürəm, etik deyil, qoy biz gedək namizədlər olaraq öz aramızda zəruri olanları danışaq, nələrisə razılaşdıraq, köməkçilərə ehtiyac qalarsa birgə qərar verdikdən sonra sizə xəbər edərəm. Beləcə mən zala tək daxil olası oldum. Amma daxil olmağıma da dərhal peşiman oldum. Zal namizədlərin hər birinin 2-3 köməkçisinin ard-arda çəkdiyi siqaretlərdən tüstü ilə dolu idi. Zala daxil olduqdan sonra ilk gördüyüm iş pəncərəni açmaq oldu. Namizədlərin 1-2-si bir qədər gec gəlib çatdılar. Baş tutacaq iclasa rəhbərlik etməyə cəhd etsəm də namizədlərdən birinin köməkçisi buna imkan vermədi və iclası özü aparmağa başladı. Çox keçmədi namizədlərdən biri ilə aramızda yüngül söz dartışması da oldu. Namizədlərdən biri iştirak etmirdi 2 nəfər onun vəkili adı altında zalda oturmuşdular. İclası aparan əsas mövzunun müşahidəçilərin yerləşdirilməsi məsələsinin olduğunu elan etdi. İştirak etməyən namizədin vəkillərindən münasibət öyrənəndə onlar bildirdilər ki, biz heç bir söz deyə bilmərik, namizədimiz bilər. İclası aparan onlara bildirdi ki, onda zəhmət olmasa namizədinizlə əlaqə yaradıb fikrini bizə çatdırın, dedilər biz əlaqə saxlaya bilmərik. Bundan sonra aparıcı onlara qapını göstərib buyurun xoş gəldiniz demək əvəzinə başladı onlarla mənasız polemika qurmağa. Hərçənd onlar zala daxil olanda onlardan soruşmalı idi ki, namizədiniz sizə onun yerinə qərar vermək səlahiyyəti verib ya yox, ancaq müsbət cavab aldıqdan sonra onları zala buraxmalı idi. Bir sözlə, təcrübəsizlik qan qaraldırdı. Bu formada görüşün mənasız olduğunu gördükdən sonra sizə uğurlar olsun, mənim daha belə görüşlərdə iştirak etmək fikrim yoxdur deyib oradan çıxdım. Onlar da bir daha o tipli görüşlərə məni dəvət etmədilər. Sonradan məlum oldu ki, təşkil olunan sonrakı görüşlər də səmərəsiz keçməklə heç bir məsələdə hansısa razılıq əldə olunmayıb.

Seçki platformamda ziyalılara ayrıca müraciətim var idi. Seçicilərlə görüş zamanı seçicilərin tələblərindən biri müstəqil namizədlərin birləşməsi tələbi olurdu. Bu zaman mən ziyalılardan xahiş edirdim ki, əziz ziyalılar namizədlərin özləri bu işdə çətinlik çəkirlər, siz bizə kömək etsəniz yaxşı olar. Bunun üçün siz namizədlərin tərcümeyi-halı, onların platformaları, şəxsi keyfiyyətləri ilə tanış olduqdan sonra bir ziyalı kimi digər namizədlərə müraciət edib bildirəsiniz ki, mənim bir ziyalı kimi fikirim odur ki, siz filan namizədin xeyrinə namizədliyinizi götürsəniz yaxşı olar. Təəssüf ki, bunu heç bir ziyalı etmədi…

Daha konkret bir fakt. Qonşu kəndimizdən də namizəd var idi. Həmin kənddə seçicilərlə görüşdə seçicilər bildirdilər ki, siz görüşün, danışın biriniz namizəd qalın, bizə də asan olsun. Dedim yaxşı görüşərik. Həmin namizədlə görüşdük. Dedim gəl müzakirə edək görək hansı birimiz qalsaq yaxşı olar, seçicilər bunu bizdən tələb edir. Birbaşa bildirdi ki, bu mövzu ona maraqlı deyil, bunu müzakirə etmək istəmir. Gəlib onun bu fikrini həmkəndlilərinə də çatdırdım.

3-4. Namizədlərdən 1-2-sini çıxmaqla qalanlarının platformaları şablon cümlələrdən ibarət olmaqla seçiciyə müzakirə üçün heç bir material vermirdi. Namizədlərin əksəriyyətinin platformalarında ənənəvi seçki saxtakarlıqlarına qarşı seçicilərin davranışlarını istiqamətləndirə biləcək materiallar ya ümumiyyətlə yox idi ya da çox bəsit formada idi.

5-8. Namizəd olaraq seçkiyə geniş platforma ilə qatılmışdıq. Platformamızda Deputatlığa layiqli namizədi necə müəyyən etmək olar? bəndi də var idi və orada qeyd edirdik: Məlumdur ki, hər bir məsələnin qiymətləndirilməsi müəyyən göstəricilər sistemi vasitəsilə həyata keçirilir. Mövcud reallıqlar deputatlığa layiqli namizədin aşağıdakı göstəricilərlə müəyyənləşdirilməsini tələb edir:1. Şəxsin mənəvi keyfiyyətləri, təhsil və siyasi hazırlıq səviyyəsi;2. Rayona bağlılığı, indiyə qədər rayonla bağlı fəaliyyəti (şəxsin təkcə feysbuk profilinə baxıb bunu müəyyən etmək olar);3. Ölkənin və rayonun iqtisadiyyatını, onun sosial-iqtisadi problemlərini bilməsi, bu sahədəki iş təcrübəsi, mövcud problemlərin həlli yolları barədə ideyalara malik olması.

Seçicilərin seçimi bu prinsiplərə əsaslansaydı şübhəsiz biz seçkilərin qalibi olmalı idik. Ola bilər kimsə bu prinsipləri yetərli saymasın, amma mən seçkilər zamanı alternativ yanaşmaları da görmədim. Seçkinin nəticələri onu göstərdi ki, seçicilərin əksəriyyətinin seçimi çox təəssüf ki, neqativ kimi qeyd etdiyimiz həmkəndlim, həmmahalım, tanışım kimi prinsiplərə əsaslanıb. Təbliğat zamanı hər yerdə seçicilərdən onu xahiş edirdim ki, biz hansısa kənd, zona üçün deyil, bütün Lerik üçün deputat seçdiyimizdən ona görə seçimi layiqli namizəd yanaşması ilə etsəniz onda həmin seçim rayonumuz üçün uğurlu ola bilər. Amma görünür seçicilərimiz seçimlərində bunu çox da ya nəzərə ala bilməyiblər ya da almaq istəməyiblər. Nəticədə seçkinin nəticələri ürəkaçan olmadı. Təbliğat zamanı hər yerdə bizə deputat olmaq üçün bütün parametrlərə uyğun olduğumuzu bildirirdilər, çıxışlarımızdan, onların suallarına cavab verməyimizdən razılıqlarını ifadə edirdilər. Deyirdilər ən layiqlisi sənsən. Amma nə fayda? Seçici sənə qulaq asır, amma fikiri uzaqlardadır, sosial qayğıları onu elə məşğul edib ki, seçki onun marağında deyil, o öz hayındadır. Cismani mövcuddur amma ruhu çoxdan ölüb. Biz seçkilərdə sosial problemlər ucbatından ruhu ölümə məhkum edilən, gündəlik sosial qayğıları ilə yaşayan insanlardan öz seçki hüquqlarını reallaşdırmağı xahiş edirdik. Onların isə heyi qalmayıb, onlar hər şeydən bezib, usanıb, yorulub, bir kimsəyə inamı qalmayıb. Ziyalıları səsləyirdik, tək-tük hallardan savayı hay verən olmurdu. Müəllimdi, adı ziyalıdı amma hədə qorxular, təhdidlər ucbatından qınına çəkilən susquna çevrildiyindən çoban kimi davranmağa məhkumdur. O danışmır, ona danışmağı, fikirlərini ifadə etməyi, nəyəsə münasibət bildirməyi qadağan ediblər. Onun formal olaraq ziyalı görsənməyi üçün ancaq qalstuk taxmağa icazəsi var.

Kifayət qədər ziyalıları ilə tanınan kəndlərdən birindən mənə bir səs belə gəlməyib, amma tərcümeyi-halını belə bilmədikləri namizədə səs veriblər. Deməli seçicinin doğru seçim etməsi məsələsi seçkinin demokratik, şəffaf keçirilməsindən heç də az əhəmiyyətli məsələ deyil. Belə məlum olur ki, seçicilərin indiki seçim meyarları ilə seçki tam şəffaf keçirilsəydi belə onun nəticələrinin rayonumuz üçün uğurlu olacağını demək çox çətin olardı.

İqtisad üzrə fəlsəfə doktoru, Firdovsi ŞAHBAZOV

Həmçinin oxuyun

Şabranda 4 müəllim koronavirusa yoluxdu, siniflər distant təhsilə keçdi

Şabran rayonunun Şahnəzərli kənd orta məktəbində 4 sinif COVID-19 infeksiyasına görə distant təhsilə keçirilib. “Qafqazinfo” xəbər …