Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Bölgələr / “Örüşü əlimizdən alıblar, Allaha and olsun ki, dolana bilmirik…”

“Örüşü əlimizdən alıblar, Allaha and olsun ki, dolana bilmirik…”

Göyçay rayonunun,  Xəlitli kəndində sakinlərin  örüş sahəsi kimi istifadə etdikləri torpaqlar əllərindən alınıb, kəndlilər mal-qaranı otarmağa otlaq tapa bilmirlər.

Bu barədə kənd sakinlərinin sosial şəbəkələrdə yayılmış şikayətində    bildiriblər. Onların sözlərinə görə, uzun illərdir örüş sahəsi kimi istifadə etdikləri torpaqlar kənd icra nümayəndəsi tərəfindən zəbt edilib. “Guya ki, örüş sahəsində tut bağı salınıb, ağac əkilib. Bu ərazidə az sayda tut ağacı var. İcra nümayəndəsi boş qalmış ərazidə taxıl- yonca əkir, məhsulları evinə daşıyır. Təsərrüfat sahibləri isə heyvandarlarını otarmağa yer tapmırlar”,-şikayətçilər bildiriblər.

Sakinlər deyiblər ki, bu barədə dəfələrlə icra nümayəndəsinə şikayətlərini çatdırıblar, lakin problem həllini tapmayıb. Xəlitli kənd bələdiyyəsinə, Göyçay Rayon İcra Hakimiyyətinə də şikayət ünvanlayıblar, araşdırma aparılacağı vəd olunub. “Vətəndaşlara dövlət tərəfindən mal-qara  verilir ki, təsərrüfatlar böyüsün, ailələrin qazanc yeri olsun. Bəs təsərrüfat sahibləri heyvanlarını harda otarsınlar? Nümayəndə bu boyda ərazini tutub öz məqsədi üçün istifadə edirsə, sakinlər  nə etsinlər? Göyçay Rayon İcra Hakimiyyətinə də yanlış məlumat veriblər,  guya bu sahədə tut ağacı əkilib. İstəyirik ki, örüş sahələri boşaldılsın,  sakinlərə qaytarılsın”,-şikayətçilər qeyd ediblər.

Kənddə 350-yə yaxın  heyvandarlıq təsərrüfatı var. Şikayətçilərdən biri deyib ki, heyvanları yol kənarına çıxara bilmirlər, maşın vurur, ziyana düşürlər. Məsələn, sonuncu hadisədə tələf olmuş heyvanın pulunu ala bilməyib: “5 nəfərlik ailəyə 37 sot pay torpağım var, bu torpağın hesabına dolana bilmirəm. Eyni sahədən həm əkin, həm örüş yeri kimi istifadə etmək mümkün deyil.  Heyvanlar örüş sahəsinə  girən kimi icra nümayəndəsi tutub aparır, bizi cərimələməklə hədələyir. Bəlkə də 100 ilə yaxındır bu sahə kəndin örüş ərazisidir.  Kəndin xəritəsində də bu ərazilər örüş sahəsi kimi qeyd olunub”.

Sakinlər sual edirlər ki, ərazi tut bağıdırsa, niyə yonca-taxıl əkilməsinə icazə verilir?

Xəlitli kənd icra nümayəndəsi Əhməd Məmmədov isə virtualaz.org-a bildirib ki,  2017-ci ildə Çindən tut tinkləri gətirilib, həmin ərazidə 10 min tut tingi üçün yer ayrılıb. “Bizim boş sahəmiz olmadı, istifadəsiz 4 hektar vardı, 2 hektar ərazidə tut tingləri əkdik, sonradan yerli tut ağacları əkmişik. Mal-qara tingləri məhv edir”.

Ə. Məmmədov əlavə edib ki,  bağda işləyən fəhlələr tərəfindən boş qalmış 1 hektar 70 sota yaxın sahədə yonca əkilib, yəni məhz fəhlələrin dolanışığı üçün əkinə icazə verilib.   

İcra nümayəndəsi kəndlilərin mal-qara üçün örüş yeri olmaması ilə bağlı  dediklərini  qəbul etmir. Onun sözlərinə görə, sakinlərinin pay torpaqları, bəzilərinin həm də bələdiyyə torpaqları var.  Bununla yanaşı, 8 hektara yaxın boş örüş sahəsi mövcuddur: “Şikayətçi yalnız iki nəfərdir, onlar da bütün kəndin adından danışırlar.  Şikayət ərizəsində adı yazılan sakinlərdən neçəsi xəbərsiz olduğunu deyib.  Onlardan şəxsiyyət vəsiqəsi alınıb, nəyə imza atdıqlarını bilməyiblər. Cəmi 4 hektar yarım ərazidir, sakinlərin dedikləri kimi  10 hektar deyil.  Bir-iki nəfər yığışıb şikayət edir, kənd yeridir, digərləri də baxmağa gəlib”.

Kənd bələdiyyəsindən isə deyiblər ki, əvvəllər həmin sahə örüş yeri olub və məsələ ilə bağlı icra hakimiyyəti qərar verəcək.

Göyçay Rayon İcra Hakimiyyətindən isə məsələdən xəbərdar olduqlarını, aradırıldığını bildiriblər. “Gələn həftə zəng vurub ətraflı öyrənə bilərsiz”,- icra hakimiyyətindən deyiblər.  Virtualaz.org

Həmçinin oxuyun

İcra Hakimiyyətinin tenderini qazanan şirkət kimə məxsusdur? – İzlər deputata aparır

Saatlı Rayon İcra Hakimiyyəti “Muğan SB” MMC ilə maliyyə dəyəri 184 994.81 AZN olan müqavilə …