Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Bölgələr / “Orda on səkkiz ildir itirdiyim anamı və uşaqlıq xatirələrimi tapdım” – Zibeydə Şakir

“Orda on səkkiz ildir itirdiyim anamı və uşaqlıq xatirələrimi tapdım” – Zibeydə Şakir

“Çox şadam ki, Füzuli şəhəri işğaldan azad olunandan sonra o torpağa qədəm qoyan ilk qadın mən oldum.  Keçirdiyim hisslərə gəlincə, orda yalnız gözlər və göz yaşları danışdı”

Milyonlarla azərbaycanlının qəlbində, dilində dolaşan ülvi, müqəddəs arzusu nəhayət, reallığa çevrildi! Nə xoş ki, Azərbaycanın siyasi, diplomatik bacarığa, məharətə malik müdrik, uzaqgörən, fövqəl dövlət başçısı, yenilməz ordusu, cəngavər əsgəri, Vətən eşqi, təəssübü ilə ürəyi döyünən xalqı var! Belə bir gücün, dövlət-xalq-ordu birliyinin nəticəsidir ki, artıq Vətənimizin başı üstünü almış qatı duman çəkilir, zəfər yürüşünün yetirdiyi qələbə sorağından anaların üzü gülür, uşaqların çöhrəsində təbəssüm cilvələnir, beli bükülmüş insanların qəddi dikəlir. Belə bir möhtəşəmliyin sevincini, bəxtiyarlığını yaşamaq Tanrının bizə bəxş etdiyi ən böyük lütfüdür.

Budur, artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər ikisi hərbi geyimdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində işğaldan azad edilmiş Cəbrayıl rayonundan videogörüntüləri “Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN” mətni ilə paylaşıb və #QarabağAzərbaycandır haştaqı əlavə edib. Bu bəxtəvərliyin işığına, sevgisinə bələnmək böyük səadətdir. Bu bəxtiyarlığı yaşamaq qismət olmuş vətəndaşlar öz hisslərini bölüşmək, məmnunluqlarını ifadə etmək üçün yüksək tribuna axtarırlar.

– Əlbəttə, daşıdığı mühüm dövlət vəzifəsindən, yüksək ictimai statusdan asılı olmayaraq, Mehriban Əliyeva həm də bir Azərbaycan Qadını kimi, bir Ana kimi sevinir. – deyir həmkarımız Zibeydə Şakirqızı:  – Bilmirəm, müharibədə hərbi vəzifə daşıyan qadınlarımız, zərif tibb işçilərimiz harda və nə qədər olublar. Dəqiqdir ki, çoxmilyonluq Azərbaycanın yetərli sayda döyüş qabiliyyətli qeyrətli, namuslu oğulları vardır, onların heç vaxt Anna Akopyanın gülüş hədəfinə çevrilmiş saxta “qadın batalyonu”nu nümayiş etdirən Ermənistan kimi qadınların köməyinə ehtiyacı olmayıb, olmayacaq da. Amma çox xoşbəxtəm ki, işğaldan azad edilmiş Füzuli şəhərinə qədəm qoyan ilk qadın mülki vətəndaş məhz mən olmuşam…

Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli rayonunda ziyalı ailəsində doğulub. Atası Şakir Hacıyev vaxtilə rayonda məsul vəzifələrdə çalışıb, hazırda rayonun sayılıb-seçilən ağsaqqallarından biridir. Zibeydə xanım ali təhsillidir, Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur.

– Söz vermişdim ki, Füzuli şəhəri azad olunandan sonra ora gedən, o müqəddəs torpağı ziyarət edən ilk qadın mən olacağam. – duyğularını bizimlə paylaşır Zibeydə xanım: – Məni özləri ilə götürüb bu qeyri-adi sevinci mənə yaşatdıqları üçün həyatımda çox dəyərli olan iki insana – atam Şakir Hacıyevə və 15 ildir mənə əsl dostluq edən, ən çətin günlərimdə hər zaman maneələri mənimlə birgə dəf edən Samir müəllimə sonsuz təşəkkürümü bildirirəm. Keçirdiyim hisslərə gəlincə, orda yalnız gözlər və göz yaşları danışdı. On səkkiz ildir itirdiyim anamı və uşaqlıq xatirələrimi tapdım. “Ana”, “Vətən” kəlmələrinin mənasını, “Ana Vətən” ibarəsinin duyğusallığını, bu söz birləşməsinin ehtiva etdiyi müqəddəs mətləbi bir daha dərindən dərk etdim – Gəzməyə də, Ölməyə də Vətən yaxşı!

Zibeydə xanım deyir ki, onun ən böyük minnətdarlığının ünvanı isə əlbəttə ki, müzəffər Azərbaycan Ordusunun əsgəridir, Silahlı Qüvvələrimiziun Ali Baş Komandanı cənab İlham Əliyevdir:

– Allah şəhid əsgər və zabitlərimizə rəhmət eləsin. Onlar canlarından keçməklə Böyük Qələbənin qazanılmasına töhfə verdilər, həm öz qanları yerdə qalmadı, həm də I Qarabağ savaşında şəhid olanların ruhları sevindi. Bu hadisələrin gedişində mənə ən dərin təsir bağışlayan, gözlərimi yaşardan məqam möhtərəm Prezidentimiz İlham Əliyevin noyabrın 8-də Şuşanın işğaldan azad edildiyini xalqa xəbər verdiyi gün Fəxri Xiyabanda şəhidlərimizin və Ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edərək söylədiyi nitq oldu. Dövlətimizin başçısı həmin nitqində həm də ata vəsiyyətini yerinə yetirdiyinə görə özünü çox xoşbəxt övlad saydığını söylədi. İnanın, mən o məqamı televiziyadan izləyəndə qəlbim sözlə ifadə olunmayacaq dərəcədə kövrəldi, riqqətə gəldi. Yadıma düşdü ki, ailə qurduğum 2004-cü ildə toyumuz günündə həyat yoldaşımla ilk ziyarət etdiyimiz ünvan Ulu Öndər Heydər Əliyevin məzarı olmuşdu. O vaxtdan dahi rəhbərin Azərbaycanın gələcəyi ilə bağlı arzularının bir-birinin ardınca necə gerçəkləşdiyinin şahidi olmuşduq. Torpaqlarımızın mütləq işğaldan azad ediləcəyinə də inanırdıq. İndidən belə artıq Azərbaycanda məcburi köçkün olmayacaq. Onların övladları toy edəndə daha tamada deməyəcək ki, “o gün olsun, işğaldan azad olunacaq filan rayonda şadlıq edək”. Bir sözlə, çox şey dəyişəcək. Necə ki, dəyişib artıq!..

Yeri gəlmişkən, onu da qeyd edək ki, hətta Zibeydə xanım müharibənin başladığı ilk gündən, 27-sitarixindən bitənə qədər doğma Füzuli rayonunu – Horadiz şəhərini bir an belə tərk etməyib.

Qələmə aldı: Şəbnəm Vəliyeva

Həmçinin oxuyun

Naxçıvanda qrip əleyhinə peyvəndləmə aparılır

Payız-qış aylarında havaların soyuması ilə mövsümi xəstəliklərin də sayı artır, qrip və kəskin respirator virus …