Ana səhifə / Bölgələr / Ombudsman Aparatı Söyüdlüdə həbs olunanların narazılıqlarının olmadığını deyir

Ombudsman Aparatı Söyüdlüdə həbs olunanların narazılıqlarının olmadığını deyir

Aparatdan bildiriblər ki, həbs olunanlar vizual müayinə olunub

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının Milli Preventiv Qrupunun üzvləri Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerinə (MSY) baxış keçiriblər.  

Bu barədə məlumatı Abzas Media-ya Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə verib.

Aparatın sözçüsü bildirib ki, başçəkmə zamanı inzibati qaydada həbs olunmuş 5 nəfər konfidensial qaydada qəbul edilib, müraciətləri dinlənilib: “Onların hər biri fərdi qaydada vizual müayinə olunub, onlarla rəftardan, qida təminatından, saxlanma şəraitindən şikayətləri olmadığını bildiriblər”.

Qeyd olunub ki, MYS-də saxlanılan şəxslərlə bağlı sənədləşmə, saxlanma şəraiti – bütün kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qida təminatı yerində araşdırılıb.  “Yekunda MYS rəhbərliyi ilə söhbətlər aparılıb, müvafiq tövsiyələr verilib”- R.Rumzadə bildirib.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar  İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.

DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb. 11 iyulda ölkə başçısı İlham Əliyev də hökumət üzvləri ilə keçirdiyi müşavirədə Söyüdlüdə baş verən hadisələrdən danışıb. O bildirib ki, etirazlarda özünü ləyaqətli aparan təkcə polislər olub və onlar dözümlü davranıblar.

Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.

Həmçinin oxuyun

İşğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb?

Bu ilin ilk rübü ərzində işğaldan azad olunan rayonlarda 292 yeni iş yeri açılıb.Yeniavaz.com açıqlanan rəsmi …