Çərşənbə , İyun 19 2019
Ana səhifə / Bölgələr / Masallıda vətəndaşı kimlər incidir? – GİLEY

Masallıda vətəndaşı kimlər incidir? – GİLEY

Masallı rayonu Şıxlar kəndi sakini Səmədov Alı Daxil oğlu ölkə başçısı İlham Əliyevə və Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

A. Səmədov üzləşdiyi qanun pozuntularından, əmlakının əlindən alınmasından və məhkəmə ədalətsizliyindən şikayətlənir.

O, Arqument.Az-a deyib ki, ona məxsus 1,32 ha payıbəlli torpaq sahəsi başqası tərəfindən mənimsənilib: “1997-ci ildə torpaq islahatları zamanı mən və ailə üzvlərimə 1,32 ha torpaq sahəsi düşüb. 2000-2005-ci illərdə Rusiyada yaşamışam. Mənə və ailə üzvlərimə məxsus torpaqdan qardaşım Səmədov Rəhman istifadə edib. Özünün payıbəlli torpağı olmasına baxmayaraq, sonradan bu torpağı məndən istəyib. Mübahisəmizi Masallı Rayon Məhkəməsi araşdırıb, ekspertiza rəyi ilə onun təqdim etdiyi dövlət torpaq aktının saxtalaşdırıldığı məlum olub və mənim xeyrimə qərar çıxarıb”. 

Masallı sakini deyib ki, Şirvan Apelyasiya məhkəməsi onun işi ilə bağlı saxtalaşdırmış sənədləri nəzərə almayıb və ədalətsiz qərar çıxarıb: “Masallı Rayon Məhkəməsinin qərarından sonra qardaşım apelyasiya şikayəti verib. İlk məhkəmə iclasında etiraf edib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində saxtalaşdırılıb. Növbəti məhkəmə prosesi zamanı hakim Müşviq Həsənov heç nə olmayıbmış kimi heç bir sübuta, dəlilə ehtiyac görmədən Masallı Məhkəməsinin qərarını ləğv edib”. 

A. Səmədov ölkə başçısına və Ədliyyə nazirinə də müraciət edib: “Mən ölkə başçısına müraciət edirəm: məhkəmə islahatlarını tezləşdirin, yoxsa Müşviq Həsənov kimi hakimlər mənim kimi neçə-neçə insanın evini yıxıb, torpağını əlindən alıb imkanlı, pullu birisinə verəcək. Mən Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıram ki, məhkəmələrin belə ədalətsiz qərar çıxarmasına münasibət bildirsin”. 

Həmçinin oxuyun

“Başçı bizə heç bir cavab vermədi” – GİLEY

Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. …