Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Bölgələr / Məktəbləri hədəf alan erməni terrorunun nəticələri aradan qaldırılır

Məktəbləri hədəf alan erməni terrorunun nəticələri aradan qaldırılır

Yeni tədris ilinin başlanmasına az qalıb. Bir il yarımlıq distant təhsildən sonra bu il ənənəvi tədrisin bərpası gözlənilir. Ötən il 44 günlük Vətən müharibəsində ermənilərin cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərimizə atdığı raket zərbələri nəticəsində dağılan məktəblərin şagirdləri də yenidən parta arxasında oturmağı səbirsizliklə gözləyirlər.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-na qədər davam edən II Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncə, Tərtər, Ağdam, Goranboy, Füzuli rayonlarındakı yaşayış məskənlərini raket zərbələri endirmələri nəticəsində 60-a yaxın ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, onlardan 7-sinin binası tamamilə yararsız hala düşüb.

Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Tərtər rayon Təhsil Şöbəsindən Azvision.az -a bildirilib ki, Ermənistanın Tərtər rayonuna atdığı raket zərbələri nəticəsində 18 məktəb binasına ziyan dəyib, onlardan 2-si tamamilə dağılıb. Tamamilə dağılanlar Şıxarx 1 saylı və 5 saylı şəhər ümumtəhsil məktəbləridir:

“Şıxarx 1 saylı məktəbdə hazırda tikinti işləri davam edir və yeni tədris ilinə hazır olacaq. Amma 5 saylı tam orta məktəbdə tikinti işləri davam edir və yeni tədris ilinə yekunlaşmayacaq. Bu məktəbin şagirdləri 1 saylı şəhər məktəbində tədrisə davam edəcəklər. Raket hücumları nəticəsində qismən zərər görən, şüşələri, qazanxana sistemi, akt zalı, sinif otaqları dağılan digər 16 məktəbdə təmir-bərpa işləri bitib. Həmin məktəbin şagirdləri yeni tədris ilində öz məktəblərində təhsil alacaqlar”.

2020-ci ilin oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda raket atəşinə məruz qalması nəticəsində M.Mehdizadə adına 4 saylı xarici-dillər təmayüllü məktəb-lisey, 9 və 11 saylı, M.Əzizbəyov adına 15 saylı, N. Aydın adına 18 saylı, M. A. Abbaszadə adına 20 saylı, K.D.Uşinski adına 29 saylı, 36 saylı və 42 saylı tam orta məktəblər zərər görüb. Gəncə Şəhər Təhsil Şöbəsinin verdiyi məlumata əsasən, həmin təhsil müəssisələrindən M. Mehdizadə adına 4 saylı xarici-dillər təmayüllü məktəb-lisey və K. D. Uşinski adına 29 saylı tam orta məktəbə ciddi zərər dəymişdi. Məktəblərin hər biri təmir olunub və yeni tədris ilinə tam hazırdır. Yanız K. D. Uşinski adına 29 saylı tam orta məktəbdə tikintiyə başlanılmayıb. Həmin məktəbin şagirdləri digər məktəbdə tədrisə davam edəcəklər.

Erməni silahlı qüvvələrinin Füzuli rayonunu atəşə tutması nəticəsində 11 məktəb ziyan görüb. Rayon Təhsil Şöbəsindən bildirilib ki, həmin məktəbləri bəzilərində təmir bitib, bəzilərində isə davam edir:
“Yeni tədris ilinə qədər həmin məktəblərdə təmir işləri başa çatacaq və şagirdlərimiz ənənəvi tədrisə başlaya biləcəklər. Yalnız Aşağı Alıxanlı kənd orta məktəbinə ciddi ziyan dəyib, uçmaq təhlükəsi ilə üz-üzədir. Orada yeni məktəb tikiləcək. Buna qədər isə həmin kəndin şagirdləri digər kənd məktəbində tədrislərinə davam edəcəklər”.

Goranboyda isə ziyan dəyən 5 məktəb binası tamamilə təmir olunub. Rayon Təhsil Şöbəsinin verdiyi məlumata əsasən erməni terroru nəticəsində rayonun Tap, Tapqaraqoyunlu, Safıkürd, Qaraçinar kənd və Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbləri qismən zərər görüb. Onlar təmir olunub və yeni tədris ilinə hazırdır.

Ermənistan silahlı qüvvələrinin Ağdamı atəşə tutması nəticəsində ümumilikdə 17 məktəbə ciddi ziyan dəyib. Ağdam rayon Təhsil Şöbəsindən bildirilib ki, həmin məktəblərdən 5-i tamamilə dağılıb, 12 məktəb qismən zərər görüb:

“Qismən zərər görən məktəblərdə təmir-bərpa işləri bitib. Tamamilə dağılan məktəblər Qaradağlı kənd tam orta, Mahrızlı kənd tam orta, Birinci Baharlı qəsəbə tam orta, 4 yol qəsəbə tam orta, İkinci Baharlı ümumi orta məktəbləridir. Onların da bəzilərinin içərisində son tamamlanma işləri gedir. Məktəblərimizin hər biri yeni tədris ilinə tam hazır olacaq”.

Həmçinin oxuyun

Polad Həşimovun anasından Şuşada təsirli çıxış – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Şuşada səfərdə olub. …