Cümə axşamı , May 26 2022
Ana səhifə / Bölgələr / Lerikdə güclü qar Şuşa fatehinin ata yurdunu sürüşmə təhlükəsi ilə üz-üzə qoyub – FOTOLAR

Lerikdə güclü qar Şuşa fatehinin ata yurdunu sürüşmə təhlükəsi ilə üz-üzə qoyub – FOTOLAR

Məlum olduğu kimi, mart ayı üçün xarakterik olmayan hava şəraiti bir sıra problemlərin yaranmasına səbəb oldu. Martın 14-dən yağan intensiv qar isə Lerik rayonunda fəsadlara səbəb olub. Yağıntıların törətdiyi fəsadlar rayonun bir çox kəndlərində məktəblərin, evlərin dam örtüklərinə ciddi ziyan vurub. Dam örtükləri qarın ağırlığına dözməyərək uçub.

Digər bir problem ondan ibarətdir ki, yağıntılar zamanı qarın hündürlüyü 1-1,5 metrə çatdığı üçün qar əriyən zaman rayonun bir sıra kəndlərində torpaq sürüşməsi xeyli aktivləşib. Mart ayı üçün xarakterik olmayan qarın sürətlə əriməsi müxtəlif yamaclarda çatların əmələ gəlməsinə və sürüşmənin intensivləşməsinə səbəb olub. Məsələn, rayonun Lərmərud kəndində baş verən sürüşmə nəticəsində bir ev tamamilə torpaq altında qalıb. Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb. Xoşbəxtlikdən ev sakinləri xəsarət almayıb. Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.

Bu arada sürüşmə təhlükəsi ilə üzləşən kəndlərdən biri də rayonun Ordahal kəndidir. Ordahalda yağan qarın əriməsi nəticəsində kənddə Kamal və Rəsul Mirzəyev qardaşlarına məxsus olan iki ev ciddi sürüşmə təhlükəsi ilə üz-üzədir. Onlardan biri Vətən müharibəsində Qarabağ ordeni ilə təltif olunmuş, Şuşa fatehlərindən olan xüsusi təyinatlı Zəka Mirzeyevin atası Kamal Mirzəyevə məxsus evdir. Dağ yamacında yaranan sürüşmə nəticəsində torpaq örtüyü yolu bağlayıb. Eyni zamanda yaranan çat o dərəcədə dərindir ki, hər iki evin divarlarında çatlar əmələ gəlib. Problem odur ki, Lerik rayon icra hakimiyyəti rəhbərliyi xüsusi təyinatlının ata yurdunun torpaq altında qalma təhlükəsinə biganə yanaşır. Formal olaraq, “xala xətrin qalmasın” bir dəfə baş çəkiblər. Ondan sonra konkret hansısa tədbirlərin görülməsi, məsələnin diqqətdə saxlanılması ilə bağlı heç bir tədbir görülmür.

Yeri gəlmişkən, Vətən müharibəsi zamanı Mirzəyev qardaşlarının 3 övladı – Zəka Mirzəyev, Şamxal Mirzəyev və Tacəddin Mirzəyev aktiv döyüş əməliyyatlarında iştirak edib. Şamxal Mirzəyev Xocəvənd döyüşlərində xəsarət alıb. Göstərdikləri fədakarlıqlarla əlaqədar medallarla təltif olunublar.

Məsələ ilə əlaqədar sürüşmə təhlükəsi ilə üz-üzə olan ev sahibi Kamal Mirzəyevlə əlaqə saxladıq. O, qəzetimizə verdiyi açıqlamada qeyd etdi ki, neçə gündür gecəni yata bilmirlər: “Çünki sürüşmə dayanmır. Artıq bu gecədən evin divarlarında ciddi çatlar əmələ gəlib və get-gedə məsafə böyüyür. Hər an evin üstümüzə uçması təhlükəsi var. Mənim 72 yaşım var, yoldaşım ağır şəkər xəstəsidir. Hava da soyuq, qalmışıq çıxılmaz durumda. Hər an evin uçması stresi ilə yaşayırıq. Gecəni yata bilmirik. Sürüşən yamacdan uğultu səsləri gəlir. Gəlib maraqlanan yoxdur. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə zəng etmişəm. Maraqlanacaqlarını deyiblər, amma hələ də bir səs-soraq yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxlamışam, maraqlanan yoxdu”.

Məsələ ilə əlaqədar Lerik rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək istəsək də, bu mümkün olmadı.

Vidadi ORDAHALLI (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Şabranda uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır” – FOTO

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır. APA …