Ana səhifə / Bölgələr / “Lerikdə çox ciddi işsizlik və məmur özbaşınalığı problemi var” – Firdovsi Şahbazov

“Lerikdə çox ciddi işsizlik və məmur özbaşınalığı problemi var” – Firdovsi Şahbazov

Azərbaycanın ucqar rayonlarından biri də Lerikdir. Ərazisi 1084 kvadratkilometr olan rayon əsasən dağlıq hissədən ibarətdir. Rayon əhalisinin sayı 85 min nəfərdir. Təsərrüfatı əsasən heyvandarlıq və əkinçilikdir.  

Ötən illər ərzində rayonun elektrik təchizatı xeyli yaxşılaşsa da, hələ də müəyyən problemlər qalmaqdadır. Problem ondan ibarətdir ki, bir sıra kəndlərin elektrik təchizatı SSRİ-dən qalma ağac dirəklərlə təmin edilir. Bu isə küləkli havalarda tez-tez açılmalara səbəb olur. Nəticədə bəzən müəyyən kəndlər günlərlə işıqsız qalır. Məsələn, Lerikin Davidoni, Vamazğon, Haftoni, Necü kəndlərinin köhnə ağac elektrik dirəkləri dəyişdirilmir. Nəticədə tez-tez elektrik kəsintisi baş verir. Sakinlər dəfələrlə şikayət etsələr də, əhəmiyyət verən yoxdur.

Onu da qeyd edək ki, ötən ilin əvvəllərində Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən onun qarşısında bir sıra vəzifələr qoydu. Ölkə başçısı bildirdi ki, ucqar dağ kəndlərinin elektrik təminatına xüsusi diqqət yetirilməlidir: “Gələcəkdə xüsusilə ucqar dağ kəndlərində enerji təsərrüfatına da böyük diqqət göstərilməlidir. Çünki biz, demək olar ki, bütün şəhərlərdə artıq yeni yarımstansiyaların, transformatorların quraşdırılması nəticəsində problemi həll etmişik, ancaq bəzi kəndlərdə dirəklər köhnədən qalıbdır. Mən o kəndlərdə olarkən görürəm ki, hələ də taxta dirəklər qalmaqdadır. Onları müasir dirəklərlə dəyişdirmək üçün əlavə tədbirlər görülməlidir”.

Ancaq belə görünür ki, müvafiq qurumlar bununla bağlı işləri Lerikin ucqar kəndlərində görməyə həvəsli deyillər.

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”lə fikirlərini bölüşən, 2020-ci il parlament seçkilərində Lerikdən deputatlığa namizəd olmuş iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov bir sıra problemlərə toxundu: “Seçki kampaniyası dönəmində bütün kəndləri qarış-qarış gəzib onların problemləri ilə tanış oldum. Lerikdə çox ciddi işsizlik və məmur özbaşınalığı problemi var. İşsizlik üzündən əmək qabiliyyətli cavanların çoxu rayonu tərk edir. Onlara minimal səviyyədə dolanışıq üçün şərait yaradılsa, iş dalınca başqa yerlərə miqrasiya etməzlər. Təəssüflər olsun ki, belə imkan yaradılmır. İşıq təchizatı ilə bağlı problemlərə gəldikdə isə, həqiqətən də bir sıra çətinliklər qalmaqdadır. Mən özüm Lerikin Lərmərud kəndindənəm. Lərmərud rayonun böyük kəndlərindən biridir. Son dövrlərə qədər bizim kəndin də işıq dirəkləri əsasən ağacdan idi. Bir balaca külək əsən kimi işıqlar sönürdü. Təbliğat kampaniyası dövründə bir neçə dəfə rayon rəhbərliyi qarşısında bu məsələni qaldırdım. İndi kəndimizdə elektrik dirəkləri dəyişdirilib, amma sözügedən işlər qismən görülüb. Digər ağac dirəklər elə də qalıb. Necü, Vamazğon, Haftoni, Davidoni kəndlərində isə ağac elektrik dirəkləridir. Onları, ümumiyyətlə, dəyişdirmirlər. Onu da qeyd edim ki, həmin kəndlər rayon mərkəzinə ən uzaqda yerləşən yaşayış məntəqələridir. Lerikin digər kəndlərində də ağacdan olan elektrik dirəkləri qalmaqdadır”.

F.Şahbazov onu da qeyd etdi ki, dirəklər yenilənməsə, növbəti dövrlərdə elektrik kəsintiləri daha da artacaq. Çünki dirəklər istismar müddətini başa vurub.

Həmçinin oxuyun

Şabranda 4 müəllim koronavirusa yoluxdu, siniflər distant təhsilə keçdi

Şabran rayonunun Şahnəzərli kənd orta məktəbində 4 sinif COVID-19 infeksiyasına görə distant təhsilə keçirilib. “Qafqazinfo” xəbər …