Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Bölgələr / Lerikdə, Babagil türbəsinin ətrafı zibil içində… – FOTOLAR

Lerikdə, Babagil türbəsinin ətrafı zibil içində… – FOTOLAR

Lerik rayonunun Babagil kəndində yerləşən məşhur Babagil türbəsinin ətrafı zibilliyə çevrilib. Hər tərəfdə qədim ziyarətgaha kəsilmək üçün gətirilən heyvanların cəmdəkləri, qida qalıqları, sellofan torbalar, şüşə və plastik qablar tökülüb. Artıq türbənin ətrafındakı meşəliyə leş qoxusundan girmək mümkün deyil.

Bu haqda  ziyarətgaha baş çəkən Nazim Əliyev adlı oxucumuz məlumat verib. Oxucunun göndərdiyi fotoşəkillərdən və videogörüntüdən də aydın olur ki, meşə ərazisində hər tərəfə heyvan tullantıları atılıb, natəmizlik hökm sürür. Addımbaşı heyvan kəllələri, içki şüşələri, qida qalıqları gözə dəyir. Oxucumuz deyir ki, ailə üzvləri ilə birlikdə istirahət etmək üçün Babagil ərazisini seçsə də, gördüyü mənzərə onu məyus edib.

“Bir neçə gün  əvvəl ailə üzvlərimlə birlikdə Lerik rayonuna, Babagil türbəsi adlanan müqəddəs ziyarətgaha getdik, qurban kəsdik, nəzir verdik və türbənin ərazisində olduq. Gördük ki ziyarətgahın işçiləri burada kəsilən heyvanların cəsədlərini dağdan aşağı atırlar. Heyvan kəllələri, içalatı, dərisi dağın ətəyinə yuvarlanır, aşağıda isə insanlar istirahət edirlər. Bu təbiətin vəhşicəsinə məhv edilməsi deməkdir, digər tərəfdən isə hər yer leş qoxuyur, insanlar bu havanı udmaq məcburiyyətində qalırlar”, – N. Əliyev bildirir.

Tarixi abidənin ətrafında hökm sürən antisanitariya vəziyyətini videolentə alan oxucu redaksiyamızdan problemə biganə qalmamağı xahiş edir.

Problemlə bağlı Babagil kəndinin də daxil olduğu Noda bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyənin sədri Əliyar Ağayev virtualaz.org-a abidə ətrafında hər hansı natəmizlik və antisanitariya şəraitinin olmasını inkar etdi.

 “Bilmirəm bu məlumat sizdə haradandır, belə bir şey ola bilməz. Həmin ərazi nəzarətdədir, ziyarətgahda xüsusi adamlar var, onlarəraziyə baxırlar, heyvan tullantıları olanda onu kənarlaşdırırlar. Ümumiyyətlə, orada daim qurban kəsilmir, təsadüfdən-təsadüfə kimsə qoyun alıbsa, gətirib kəsir. Və tullantıları dərhal yığışdırılır”, – bələdiyyə sədri bildirir.

Qeyd edək ki, Babagil türbəsi Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, Lənkərançayın kənarında, Lerik rayonunun eyni adlı kəndin ərazisində yerləşir. XV-XVI əsrlərin dini-tarixi abidəsi olan ziyarətgah əsl adı Nizaməddin Əmir Şahsevər Gilani Kəsgəri olan Babagilin adı ilə bağlıdır.


Həmçinin oxuyun

Lerikin deputatı azmış kimi başçısı da narazılıq yaradır… – Prezidentə şikayət olundu

Lerik rayonun Kekonu və Sorsçay kəndlərinin sakinləri adından növbəti dəfə Prezident İlham Əliyevə və birinci …