Şənbə , Fevral 24 2024
Ana səhifə / Bölgələr / İşğaldan azad edilmiş ərazilərdəki tikintiyə ötən il nə qədər vəsait ayrılıb?

İşğaldan azad edilmiş ərazilərdəki tikintiyə ötən il nə qədər vəsait ayrılıb?

2023-cü ildə işğaldan azad edilmiş ərazilərdəki tikintiyə 5 milyard 588 milyon manat ayrılıb.
Bu barədə Maliyyə Nazirliyinin 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına dair yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə Qarabağın bərpasına ayrılan vəsait ondan öncəki ilə baxanda 2,2 milyard manat çox olub.

Ayrılmaların detallarına gəlincə, 4,8 milyard manat dövlət büdcəsindən, 145,4 milyon manat Prezidentin Ehtiyat Fondundan, 145,3 milyon manat dövlət büdcəsinin Ehtiyat Fondundan, 32,5 milyon manat dövlət kapital qoyuluşları çərçivəsində ayrılıb. Cəmi 464,8 milyon manatın isə büdcənin digər maddələri üzrə ayrıldığı bildirilib.

Ayrılan vəsaitlə bağlı məlumat verilsə də, tikinti işlərinin icrası, tenderlərlə bağlı məlumatlar qısıtlıdır.

Araşdırmalar ortaya çıxarıb ki…

Hazırda əməkdaşlarının çoxu həbs edilən “AbzasMedia” həm də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı araşdırmalar dərc edib.

İşğaldan azad edilən ərazilərdə su anbarlarının, su çəkilişlərinin həyata keçirilməsindən bəhs edən araşdırmada bildirilir ki, layihələri yerli və türk şirkətləri həyata keçirib. Bəzi şirkətlər tenderdə layihə udanda, onların milyonlarla vergi borcu olub. Qanunvericiliyə görə, vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. Bu şirkət “Nort Vest Konstrakşn” MMC-dir.

Araşdırmada deyilir ki, şirkətin Latviyadakı törəməsi – “North West Baltic” şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı “Azərbaycan Ticarət Evi”nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlinib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan “CENGİZ” İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.

Ağdamda yerləşən “Xaçınçay” su anbarının təmiri və bərpası isə “Körpü – Bina – Tikinti” MMC -yə həvalə edilib. Tikintiyə10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb – 12,2 milyon manatlıq tender.

2001-ci ildə yaradılan “Körpü-Bina-Tikinti”nin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçib.

Qarabağda bu sahədə çalışan başqa bir şirkət “Hydrotrans Engineering Mühəndislik Mərkəzi”-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası “EVRASCON” ASC-nin qeydiyyat yeri eynidir. Şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.

Foto: AAYDA

“Köndələnçay” su anbarlarının bəndlərində təmir-bərpa işlərini “RAMCO” şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.

“Ramco” QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.

Rövşən Abdullayev və onun ailə üzvlərinin adına xeyli başqa şirkət də var. Şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda, vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

Hər kilometri təqribən 3 milyon manata başa gələn dəmir yolunu kimlər tikir?

Başqa bir araşdırmada deyilir ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinə 312 milyon 700 min manat vəsait ayrılıb. Di gəl ki, həmin sərəncamlarla bağlı heç bir rəsmi mənbədə məlumat yoxdur.

Layihəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Türkiyənin “Kalyon” şirkəti icra edir.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti
Foto: Meydan TV

“Kalyon” şirkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınır. Şirkətin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin martın 4-də dövlət reyestrində qeydiyyatdan keçib və cəmi bir ay sonra tendersiz Qarabağda milyonluq investisiya layihələrinə qoşulub.
Ərdoğan və Kalyoncu ailələri arasında isti münasibətlər var. O dərəcədə ki, Ərdoğan holdinqin sahibi Cemal Kalyoncunun oğlu Mehmet Kalyoncunun nikah şahidi olub.

Prezidentin ailə üzvlərinə məxsus şirkət Ağdamda ev tikir

Başqa bir araşdırmada Ağdamda aparılan tikintidən danışılır. Məsələn, şəhər 1 nömrəli orta məktəbin tikintisinin sifarişçisi Elm və Təhsil Nazirliyidir. Nazirlik “Uni Ko” QSC ilə müqaviləni satınalma müsabiqəsi keçirmədən bağlayıb.

Sayca ikinci və üçüncü tenderlərdə qalib elan olunan şirkətlərin – “Archico” MMC və “PBA” Qapalı Səhmdar Cəmiyyətinin təklifləri arasında cəmi 60 manat qiymət fərqi olub.

Yekunda 197 min manat məbləğində müqavilə 2021-ci ilin dekabr ayında “PBA” QSC ilə imzalanıb. “PBA” QSC-nin direktoru Mircəfər Cəfərov həm də “Uni Ko” QSC-nin direktorunun müavinidir. “Uni Ko” QSC internet saytında “PBA” QSC-ni özünün törəmə müəssisəsi kimi təqdim edir. Yəni məktəbin layihəsini hazırlayan və onu tikən şirkətlər əslində bir çətirin altındadır.

Ağdam-Xankəndi yolu. Foto: AAY

Ağdamda inşa edilən 6 yaşayış binasından ibarət kompleksi də “PMD Group” MMC tikir. Şirkət “Paşa Holding”in struktur bölməsinə daxildir. “Paşa Holding” isə Prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur.

Qrup Ağdamda yaşayış evləri kompleksindən başqa həm də iki mehmanxananın: 110 nömrəlik “Park Forest Hotel Agdam” və 130 yerlik “City Hotel Agdam”ın tikintisinə başlayıb.
Hökumət 2024-ci ildən 2027-ci ilə qədər dövlət büdcəsindən 13,682 milyard manat (cari məzənnə ilə 9,8 milyard dollara bərabər) ayırmaq niyyəti ilə iddialı plan hazırlayıb. Bu əhəmiyyətli investisiyalar azad edilmiş ərazilərdə bir sıra tikinti, reabilitasiya və yenidənqurma layihələri üçün nəzərdə tutulub.

“Turan” İnformasiya Agentliyinin hazırladığı analizdə də bildirilir ki, Maliyyə Nazirliyi yaxın dörd ildə bu ayırmaların dövlət büdcəsindən əsaslı xərclərin 29,4 faizini təşkil edəcəyini qeyd edərək, hökumətin bu regionların hərtərəfli inkişafına davamlı sadiqliyini vurğulayıb.

Bildirib ki, maliyyə öhdəlikləri Azərbaycan hakimiyyətinin 2022-2026-cı illər üçün nəzərdə tutulmuş “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi üçün lazım olan investisiyaların 30,5 milyard manat (cari məzənnə ilə 17,9 milyard dollara bərabərdir) məbləğində qiymətləndirməsinə uyğundur.

Prezident İlham Əliyev 2022-ci il noyabrın 16-da 34,5 min ailənin 2027-ci ilə qədər Qarabağa və Şərqi Zəngəzura köçürülməsinə yönəlmiş “Azərbaycanın azad edilmiş ərazilərinə Böyük Qayıdış I Dövlət Proqramı” nı təsdiq edib.

Həmçinin oxuyun

16 yaşında nişanlanan qızın anası: “Bir-birlərini görüb bəyəniblər” – VİDEO

“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. …