Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Bölgələr / İcra Hakimiyyəti şəhid əsgərin yol qəzasında öldüyünü iddia edib? – AÇIQLAMA

İcra Hakimiyyəti şəhid əsgərin yol qəzasında öldüyünü iddia edib? – AÇIQLAMA

Sosial şəbəkələrdə Vətən uğrunda canını əsirgəməyən şəhidlər üçün məmurlar pullarını əsirgəmələri ilə bağlı şok ittihamlar yayılıb.

Paylaşılan məlumatı olduğu kimi təqdim edirik:

“Dünən Lənkəranın Osaküçə kəndinə bir əsgər nəşi gətirilib – Əflatun Mircahangir oğlu Fərəcovun. Atası və anası artıq vəfat etmiş bir gəncin. Haradasa, hansısa səviyyəli məmurlar fikirləşiblər ki, yiyəsiz əsgərdir, sahib çıxan olmayacaq və elan ediblər ki, Əflatun avtomobil qəzası nəticəsində həlak olub. Dolayısı ilə, şəhid statusu verilmir, sığorta ödənilməyəcək, yas mərasiminə, məzar daşına məmurlar da xərc çəkməyəcəklər. Amma kənd camaatı əsgəri yiyəsiz buraxmayıb. Tabutu açıblar və güllə yaralarını görüblər. Əsgər şəhid olub! Bundan sonra kənd camaatı qadınlı-kişili rayon mərkəzinə doğru yürüşə başlayıb. Yolda polis qarşısını kəsmək istəsə də alınmayıb. Nəhayət, icra başçısı gəlib qarşılarına. Əflatun Fərəcovun şəhid olması aktlaşdırılıb və yalnız bundan sonra dəfn olunub.

Qələbə təkcə hakimiyyəti gücləndirmir. Bu xalq da əvvəlki xalq deyil, artıq qalib xalqdır”.

Lənkəran İcra Hakimiyyəti yayılan iddiaları təkzib edib.

“Cəbhə bölgəsində döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osaküçə kəndi sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir”.

Qeyd edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi, ümumiyyətlə, şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır:

“İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən, döyüş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Əflatün Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib.

Dəfn mərasimləri zamanı şəhidlərin valideynlərinə, doğmalarına başsağlığı verən İcra başçısı hər bir şəhid atasına üçrəngli dövlət bayrağını şəxsən təqdim edib, şəhidlərin ruhlarına dualar oxunub.

Bütün bunlara baxmayaraq, bəzi sosial şəbəkə istifadəçilərinin düşünmədən belə yanlış informasiyaları tez-tələsik yayması acı təəssüf hissi doğurur və yalnız düşmən dəyirmanına su tökməyə xidmət edir.

Bu informasiyaları yayanlar unutmamalıdırlar ki, onların hərəkətləri rayonda hökm sürən yüksək vətənpərvərlik ruhuna, xalqın şəhidlərə göstərdiyi hörmət və ehtirama heç vaxtı xələl gətirə bilməz”.

İcra Hakimiyyəti şəhid əsgərin yol qəzasında öldüyünü iddia edib?  - ŞOK İTTİHAM + RƏSMİ AÇIQLAMA

Həmçinin oxuyun

Goranboyda güclü yanğın: Ölən və yaralanan var

Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi …