Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Bölgələr / Hacıqabulun Muğan qəsəbəsinin içməli su problemi noyabrda həllini tapacaq – Rəsmi reaksiya

Hacıqabulun Muğan qəsəbəsinin içməli su problemi noyabrda həllini tapacaq – Rəsmi reaksiya

Azinforum.az-ın Haclqabulun ən böyük qəsəbəsi olan Muğanın içməli su cəhətdən ciddi korluq çəkdiyi haqda hazırladığı videoreportaja rəsmi qurumlar reaksiya verib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Azinforum.az-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir: “Hacıqabul rayonunun Muğan qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb.
“Azərsu” ASC-nin daxili imkanları hesabına icra olunan layihənin birinci mərhələsində Kür-Bakı magistral su kəmərindən 3 km uzunluğunda əsas daşıyıcı su xəttinin tikintisi və 270 ünvana birləşmənin verilməsi layihələndirilib. Artıq 160 mm diametrli polietilen borularla 2 km xəttin çəkilşi başa çatıb. “Azərsu” ASC-nin 4 saylı Regional Sukanal İdarəsi tərəfindən birinci mərhələ üzrə həyata keçirilən tikinti-quraşdırma işlərinin noyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Layihənin növbəti mərhələlərində isə Muğan qəsəbəsinin digər ərazilərində də yeni şəbəkə yaradılacaq və hər bir abonent sayğacla təmin olunacaq. Ümumilikdə, Muğan qəsəbəsində 10,6 km uzunluğunda paylayıcı su xətləri tikiləcək. Layihənin icrası nəticəsində qəsəbə sakinləri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq, dəqiq uçot qurulmaqla su itkiləri minimuma endiriləcək və israfçılığın qarşısı alınacaq.

Qeyd edək ki, Hacıqabul rayonunun Muğan qəsəbəsində istismar olunan su şəbəkəsi 1970-ci illərin əvvəllərində inşa olunub. Mövcud şəbəkənin istismara yararsız olması, eləcə də sakinlər tərəfindən tikinti normalarına uyğun olmayaraq özbaşına çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermir və ciddi su itkilərinə səbəb olurdu. Yeni mərkəzləşdirilmiş şəbəkənin yaradılması içməli su təchizatındakı problemlərin aradan qaldırılması ilə yanaşı, yeni abonentlərin də su təchizatı sisteminə qoşulmasına imkan verəcək”.

Hacıqabul Rayon İcra Hakimiyyətindən Azinforum.az-a bunları deyiblər: “Bildiririk ki, Hacıqabul rayon əhalisinin su təminantının yaxşılaşdırılması və kefiyyətli su ilə təmin edilməsi üçün davamlı olara bərpa və yenilənmə işləri aparılır. Hal-hazırda rayonun bir neçə kənd və qəsəbəsində işlər davam etdirilir. Bunlardan da biri Muğan qəsəbəsidir. Muğan qəsəbəsində hal-hazırda istismar müddəti başa çatmış borular yenisi ilə əvəz edilir, eyni zamanda qəsəbənin digər ərazisinə yeni su şəbəkəsinin çəkilməsi işlər aparılır. İşlər yekunlandıqdan sonra qəsəbə tam olaraq təmiz və kefiyyətli su ilə təmin olunacaq”.

Çinarə,
Azinforum.az

Həmçinin oxuyun

Şəkidə dərs vaxtı sinfin tavanı şagirdlərin üzərinə düşdü – Video

Şəkinin Çayqaraqoyunlu kənd məktəbində dərs vaxtı sinfin tavanının bir hissəsi qoparaq şagirdlərin üzərinə düşüb.Hadisə 9-cu …