Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / Bölgələr / Göyçay Peşə Hazırlıq Mərkəzində nə baş verir?

Göyçay Peşə Hazırlıq Mərkəzində nə baş verir?

“Bizim ailənin yeganə gəlir yeri mənim müharibə veteranlığına görə aldığım 80 manat təqaüddür. Həyat yoldaşım Mustafayeva Sevinc Soltan qızı Göyçay Peşə Hazırlıq Mərkəzində təlim-tədris Şöbəsinin böyük mütəxəsisi vəzifəsində işləyirdi.

Qeyd edim ki, o, 2010 -cu ildə Məşğulluq Mərkəzi tərəfindən Göyçay Regional Peşə Tədris Mərkəzinə tədris istehsalat işləri üzrə direktor müavini, 24 iyun 2021-ci il tarixdə isə Mərkəzdə təlim-tədris şöbəsinin böyük mütəxəsisi vəzifəsinə təyin olunub. Sonradan 11 il işlədiyi işinin əmək müqaviləsinə xitam verilib”.

Bu sözləri “AzPolitika.info”ya göndərdiyi müraciətdə Göyçay şəhəri Həbibi küçəsi ev 25 ünvanında yaşayan birinci Qarabağ müharibəsi veteranı Mahmudov Elbrus Murad oğlu yazıb.

Şikayətçi bildirir ki, heç bir qanunu əsas olmadan həyat yoldaşı ilə təkrar əmək müqaviləsi bağlanmayıb.

Səbəb isə Sevinc Mustafayevanın üzləşdiyi qanunsuzluğa görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə hazırlığı və peşəyönümü departamentin sədri Fuad Mehdizadənin qanunsuz əməllərindən şikayət etməsi olub: “Nazirlikdən Sevinc Mustafayevaya bildirilib ki, qızınız Rəvanə Mahmudova direktor müavini vəzifəsində çalışdığı idarədə xadimə işləyib. Sevinc Mustafayeva isə onlara izah edib ki, onun idarəyə işçi qəbul etmək səlahiyyəti olmayıb, qızım isə həmin xadimə vəzifəsinə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında təyin edilib. Bu, tam əsassız səbəbdir. Çünki ona qalsa, 19 saylı Ərazi Məşğulluq İdarəsinin müdiri Samir Nuriyevin qardaşı Elşən Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyir. Həmçinin 11 saylı Ərazi Məşğulluq İdarəsinin mütəxəsisi Musa Musayevin həyat yoldaşı Göyçay Məşğulluq Mərkəzində vəzifədə işləyir”.

Şikayətçi bildirir ki, Sevinc Mustafayevanın şikayəti üzrə Nazirliyin daxili nəzarət audit şöbəsində araşdırma aparılıb.

Onun sözlərinə görə, Göyçay Peşə Hazırlıq Mərkəzinin müdiri Bəhmən İmranov həyat yoldaşının şikayətdə göstərdiyi faktları təsdiq edən mötəbər subutları daxili nəzarət audit şöbəsinə təqdim edib. Buna baxmayaraq heç bir tədbir görülməyib.

E. Mahmudov deyir ki, nazir Sahil Babayevin qəbuluna düşmək istəsələr də buna nail ola bilməyiblər. Onları nazirliyin əməkdaşları Nihad Muxtarlı və Mustafa Abbasbəyli onlayn qəbul edib: “Bizə deyiblər ki, nazirin qəbulunda olmaq üçün əvvəlcə müavini Anar Əliyevlə görüşməliyik. Amma iki aydır gözləsək də nəticə yoxdur”.

Şikayətçinin sözlərinə görə, Göyçay Peşə Hazırlıq Mərkəzində hazırda 5 vakant iş yeri var, ora təyinat olmayıb: “Sevinc Mustafayeva həmin vəzifəyə təyin olunmasını istəyir. Biz Mərkəzdə baş verən qanunsuzluqları şəxsən cənab nazirə çatdırmaq istəyirik, xahiş edirik, buna imkan yaradılsın”.

Həmçinin oxuyun

Ağdam və Şuşaya gedənlər bu yerləri ziyarət edəcəklər – SİYAHI

Şuşa və Ağdam şəhərlərinə yola düşən sərnişinlərin ziyarət edəcəkləri yerlərin siyahısı açıqlanıb. Şuşa səhəri üzrə Cıdır düzü, …