Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Bölgələr / Gənc oğlan polis idarəsində dava saldı, ingilis dili müəllimini döydü — TƏFƏRRÜAT

Gənc oğlan polis idarəsində dava saldı, ingilis dili müəllimini döydü — TƏFƏRRÜAT

Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqlərindən birinin otağında dava salmaqda ittiham olunan 1993-cü il təvəllüdlü Arif Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Arif Musayev 21 noyabr 2018-ci il tarixdə, saat 18.20-də Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində müstəntiq Rəşad Məmmədovun 35 saylı xidməti otağında ona ingilis dilində hazırlıq kursu keçən müəllimi Səyanə Bağırova ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan onun sifətinə sağ əli ilə bir dəfə yumruq zərbəsi vurub.


Daha sonra Arif Musayev Səyanə Bağırovanın 1-ci Qarabağ müharibəsi zamanı Vətən uğrunda şəhid olmuş atası Mövsüm Mirzəyevin ünvanına nalayiq ifadələr işlədib, istintaq şöbəsinin normal iş rejimini, orada olan başqa şəxslərin rahatlıqlarını 15 dəqiqə müddətində pozub.


Bundan başqa, Arif Musayev  18 dekabr 2018-ci il tarixdə, saat 11.30-da Nərimanov rayon Polis idarəsinin inzibati binasında Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə istintaqı aparılan 180060537 nömrəli cinayət işi üzrə şahid qismində dindirildikdən sonra, həmin binanın 3-cü mərtəbəsində istintaq və Təhqiqat Şöbəsinin yerləşdiyi dəhlizində olarkən heç bir əsaslı səbəb olmadan ucadan polisin ünvanına və iş üzrə zərərçəkmiş Səyanə Bağırovanı nalayiq ifadələrlə söyüb.
Bu zaman o, ayağı ilə Nərimanov rayon Polis İdarəsinin balansında olan üç seksiyalı oturacağı sındırmaqla yararsız hala saləb.


Bu hərəkətləri ilə Nərimanov rayon Polis İdarəsinə 829,54 manat maddi ziyan vurub. O, həmin mərtəbədə xidmət aparan müstəntiqlərin, təhqiqatçıların və digər polis əməkdaşlarının 15-20 dəqiqə ərzində normal iş rejimini və rahatlıqlarını pozan zaman şöbənin təhqiqatçıları, müstəntiqləri, həmçinin polis mayoru Rəşad Məmmədovun qanuni tələblərinə məhəl qoymayıb, sonuncunu nalayiq söyüşlərlə söyüb.


İstintaq orqanı tərəfindən Arif Musayevin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.


Nərimanov rayon Məhkəməsinin hökmü ilə Arif Musayev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Arif Musayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, şəxsi münasibətlər zəminində ona ingilis dilində hazırlıq kursu keçən müəlliminə qarşı söyüşlər söyüb və ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib. Polis əməkdaşları onu sakitləşdiriblər. 


Arif Musayev bildirib ki, polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməyib. O, bu hərəkətlərinə görə, xuliqanlıq kimi qiymətləndirilməməli olduğunu istəyib.


Arif Musayev əməlini Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsinə tövsüf olunmasını istəyib.


Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun apelyasiya şikayəti qismən təmin edilib. Arif Musayevin cəzası 1 il 6 aya endirilib.


Bu qərardan narazı qalan Arif Musayev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.


Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, kasasiya şikayəti təmin edilməyib.

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …