Ana səhifə / Bölgələr / Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar… – BƏS SONRA?

Gəncəlilər bu qışdan zorla canlarını qurtardılar… – BƏS SONRA?

“Şəhərimizin Məhsəti qəsəbəsinin qaz problemini yazmısınız. Oxuduq, baxdıq ki, yerli qaz idarəsi bizi də neçə ildir eyni qaydada aldadır. 20-dən çox ailə şəhərin mərkəzində – dəmiryolu vağzalının yaxınlığında evini odunla qızdırır. Ölkənin adını daşıyan küçəyə qaz xətti çəkilmir. Halbuki, bu ərazidə fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahələri satılanda vədlər başdan aşırdı”.
Bunu Gəncənin Azərbaycan küçəsində yaşayan sakinlər deyir. Bir neçə gün əvvəl şəhərin başqa küçələrindən də illərdir ki, qaz xəttinin olmamasından Meydan TV-yə şikayətlər gəlmişdi.
“Bu qış da çətin keçdi”

Azərbaycan küçəsindəki fərdi evlər son bir neçə ildə inşa edilib. Ərazidəki kommunal problemlər sakinlərin davamlı şikayətlərindən sonra tədricən həllini tapmağa başlayıb. Ancaq sakinlər demişkən, uzun müddətdir ki, mavi yanacaq məsələsində ilişib qalıblar.
“Bu qışı da çox çətin keçirtdik. Uşaqlarımızın sağlam vaxtı olmadı. Müxtəlif qurumlara dəfələrlə müraciət etmişik, xeyri yoxdur. Bu boyda küçənin hansı səbəbdən qazlaşdırılmaması bizə məlum deyil, çünki heç bir qurum bizə konkret səbəb göstərmir. Eləcə deyirlər, imkan yoxdur”, – bunu küçə sakini Orxan deyir.
“Ötən ildən iki-üç dəfə çox işıqpulu ödəyirik”

Sakin Ruhəngiz Qasımova isə deyir, iki ildən çoxdur ki, burada ev tikib, indi peşmandır: “Evi elektrik cihazlarıyla isidirik, elektrik bahalaşıb, ötən il də işıqpulu çox gəlirdi, ancaq indi ötən ikindən iki-üç dəfə çox işıqpulu gəlir, qazancımız yoxdur, ancaq işıqpulu xirtdəyəcəndir. Bu küçənin də qazi, şəhid ailələri, veteranları var. Bizi düşünmürlər, heç olmasa onların qeydinə qalsınlar. 100 metrlik məsafədə ana qaz xətti var, ordan küçəmizə qaz xətti gətirə bilərlər, ancaq bizi aldadırlar ki, qaz xətti 500 metr məsafədəki ana xətdən gətirilməlidir. Niyəsini soruşanda deyirlər, belə məsləhətdir. Bu, kimin məsləhətidir, onu bilmirik. “Azəriqaz”ın rəhbəri Ruslan Əliyev telefon xəttində qulağımız eşidə-eşidə rəisə şəxsən tapşırıq verdi, ancaq qaz xətti hələ də yoxdur”.

Ötən ilin yayında Ruhəngiz Qasımovanın həyat yoldaşı Kamil Qasımovun “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevə davamlı elektron müraciətlərindən sonra şəxsən Ruslan Əliyev vətəndaşla əlaqə saxlayaraq problemlə maraqlanıb. Ruslan Əliyev paralel olaraq Gəncə Regional Qaz İstismar İdarəsinin rəisinə zəng vurub və ona həmin küçənin tezliklə qazlaşdırılmasını tapşırıb.
“Hər dəfə müxtəlif bəhanələr gətirirlər”

Başqa sakin Marat Ələsgərovsa deyir, şəxsən özü bir neçə dəfə Gəncə Regional Qaz İstismarı İdarəsinə müraciət edib, gah ana qaz xəttinin uzaqda olması, gah da pul vəsaitinin olmaması kimi cavablar alıb: “Vətəndaş dövlətə həm də ona görə vergi ödəyir ki, dövlət ona yaşamaq üçün normal şərait qursun. Mənim uşaqlarım evdə soyuqdan əl-ayaqları dona-dona böyüyəcəksə, mən bu dövlətə niyə xeyir verməliyəm? Hansı evə baş çəksəniz, soyuqdəymədən xəstə yatan görərsiz. Biz də insanıq axı… Mən bir ailə başçısı kimi elektrik cihazından istifadə etdiyimə görə hər ay maddi zərərə düşürəm, elektrikin qiymətini bahalaşdırıblar, deyirlər, istəsən də budur, istəməsən də… Odun ondan da baha…”

Toplaşırlar, dərdləşirlər, dağılışırlar…
Sakinlər tez-tez məhəllələrdə toplaşıb vəziyyətdən çıxış yolu axtarırlar. Onların hökumətdən istəkləri təxminən 100 metr aralıdakı ana xətdən evlərə qaz xətti çəkilməsidir.
Başqa sakin Məhərrəm Cəfərovsa iki ildir ki, tikdiyi evinə mavi yanacaq olmadığına görə köçə bilmir: “Torpaq satıblar, söz vermişdilər ki, ilk növbədə qazlaşdırma işləri görüləcək, aldadıblar. Ev tikmişəm ki, balalarımı içərisinə yığım, ancaq onları burda soyuqdan qıra bilmərəm”.

Gəncə Regional Qaz İstismar İdarəsindən Meydan TV-yə bildirilib ki, tezliklə sakinləri sevindirəcəklər, Azərbaycan küçəsi qazlaşdırılacaq. İdarədən deyilənə görə, hazırda Gəncənin bir neçə küçəsində qazlaşdırılma işləri aparılır. Azərbaycan küçəsi 97A ünvanının qazlaşdırılması da plandadır: “Yaxın vaxtlarda həmin ərazilərdə daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilişi baş tutacaq”.
Küçənin yolları da bərbaddır. Sakinlər yolların təmiri üçün aidiyyəti qurumlara müraciət etsələr də, müsbət cavab almayıblar.

Həmçinin oxuyun

Bölgələrdə internet limiti nə vaxt aradan qalxacaq? – VİDEO

“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”. Bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında …