Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Bölgələr / Gəncədə raket düşən ərazinin sakinləri kömək istəyir

Gəncədə raket düşən ərazinin sakinləri kömək istəyir

Vətən müharibəsi günlərində Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində evləri qəza şəraitinə düşmüş şəhər sakinləri “Yeni Müsavat”a müraciət ediblər. Şikayətçilər qeyd edib ki, ötən ilin oktyabr ayında Ermənistanın raket hücumu zamanı onların yaşadıqları evlərə ciddi ziyan dəyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də bu günə qədər heç bir nəticəsi olmayıb.

Şəhər sakini Rəhimova Natella Tofiq qızının dedikləri: “2020-ci ilin 11 oktyabr tarixində Ermənistanın yaşadığımız ərazinin yaxınlığına raket atması nəticəsində mənim və Muxtar Hacıyev küçəsi ev 9, bina 36-da yaşayan Rəhimov Tofiq Əjdər oğlunun mənzilinə ciddi ziyan dəyib. Evimizin pəncərələri tamamilə qırılıb, otaqlarda təhlükəli çatlar əmələ gəlib. Mənim mənzilimin yataq otağında dərin çatlar var, hansı ki, yaşayış üçün təhlükəlidir. Hər an hansısa faciənin baş verə biləcəyi qorxusu ilə yaşayırıq.

Qeyd edim ki, atam Rəhimov Tofiq Birinci Qarabağ müharibəsi iştirakçısı, 1-ci qrup əlildir. Aldığı müavinət onun müalicəsi üçün heç yetərli deyil. Bu baxımdan evlərimizi öz vəsaitimiz hesabına təmir etməyə imkanımız yoxdur. Dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Gəlib, evlərimizə baxış keçirib, gediblər. Lakin heç bir nəticə yoxdur. Ətrafımızdakı qonşularımızın evləri artıq təmir olunur. Bizim məsələmiz isə nədənsə yubadılır, ya da “hələ növbəniz çatmayıb” deyə cavab verilir”.

Gəncədə həlak olanların adları açıqlandı -

Şəhərin Muxtar Hacıyev ev 9, mənzil 30-da yaşayan Zeynalov Ələmdar İsmayıl oğlu da mənzilinə dəymiş ziyan ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də bu günə qədər heç bir nəticəsi olmadığını bildirib.

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq aidiyyəti qurum, Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirilib ki, müraciət edən şikayətçilərin evləri ziyan çəkmiş evlərin siyahısına salınıb: “2020-ci il sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 06.11.2020-ci il tarixli 2292 nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11  noyabr tarixli 612 s nömrəli Sərəncamı ilə işçi qrupları yaradılıb.

İşçi qrup tərəfindən Gəncə şəhərində mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi sahəsində işlər aparılmış, yaşayış evlərinə ziyan dəymiş mülki əhalinin siyahısı hazırlanıb.  Müraciət müəlliflərinin yaşadığı evlər ziyan çəkmiş evlərin siyahısına salınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2021-ci il tarixli, 25s nömrəli Sərəncamı ilə 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və  əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Komitə tərəfindən dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərər görən sakinlər daim diqqətdə saxlanılırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ziyan çəkmiş ailələrlə mütəmadi görüşürlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbilər görülür”.

Həmçinin oxuyun

Şuşada elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşdı

“Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb …