Şənbə , Dekabr 4 2021
Ana səhifə / Bölgələr / Gəncə Dövlət Universitetinin müəllim heyəti nədən şikayətçidir?

Gəncə Dövlət Universitetinin müəllim heyəti nədən şikayətçidir?

“Taleyin ümidinə buraxılmış başıbəlalı professor-müəllim heyəti adından xahiş edirik bunu ictimailəşdirəsiniz”.

Bu barədə Gəncə Dövlət Universitetinin müəllim heyəti tərəfindən “Yeni Müsavat”a daxil olan müraciətdə bildirilib.

Şikayətçilər yazır: “Universitetdə dərs deyən müəllimlər tədris üçün müxtəlif dərs vəsaitləri yazırlar. Lakin bu kitabların heç biri universitetin nəşriyyat şöbəsi tərəfindən nəşr olunmur. Eyni zamanda, Gəncə Dövlət Universitetinin yataqxanası sovet dönəmindən qalma, olduqca köhnə vəziyyətdədir. Üç-beşmərtəbəli  binadan  ibarət bu binalar sökülmədən yalnız təmir olunub. Maraqlıdır ki, bu üç-beşmərtəbəli binanın təmirinə 8 milyon manat xərclənib. Sentyabr ayında nazir Emin Əmrullayev yataqxananın açılışını etsə də, rektor göstəriş verib ki, yataqxanadakı otaqlar noyabrın 12-dən sonra tələbələrə verilsin. Maraqlıdır, noyabrın 10-na kimi tələbə harada qalmalıdır? Bir tələbə üçün aylıq yataqxana xərci 70 manat müəyyənləşdirilib. Həm də tələbə səhər və axşam yeməyini yataqxanada yeməlidir (Günorta yeməyi isə verilmir. Rektorun elmi şurada  dediyi təklifə  görə, günorta yeməyində tələbə peçenye və vafli ilə də keçinə bilər). Bunun üçün ayda 170 manat pul tələb olunur. Bu da bir ayda 240 manat pul edir. ADAU yataqxanasında isə bir illik xərc 350 manat təşkil edir. Bu şərtlə razılaşmayan tələbələrə isə yataqxanada yer verilmir”.

Müraciətdə adları qeyd olunan Abbas Məmmədov və Yeganə Hüseynova bildiriblər ki, universitetdə professor-müəllim heyətinin maaşı artırılmır: “Gəncədəki digər universitetlərlə müqayisədə  GDU-da əməkhaqqı qat-qat aşağıdır. Əmək haqqı ”mənim səndən xoşum gəlir” (yaxud gəlmir) prinsipi  ilə  bölünür. Ştat cədvəli üzrə vəzifə maaşları arasında müəyyən bir əmsal olduğu halda, xoşa gələn adamlara, yəni rektorun yaxın çevrəsinə istənilən maaş, üstəgəl  daimi mükafatlar verilir. Xoşa gəlməyənlərin maaşını artırmağa isə guya vəsait tapılmır. Tələbələrin keçirdiyi ödəniş pulları isə yalandan yazılan təmirlərə, rektorun katibəsinin, köməkçisinin və s. kimi şəxslərin guya maşınlarının təmirinə yazılaraq silinir. Ümumiyyətlə, işçilərinin əksəriyyətinin minimal 250 manat əmək haqqı alan bir universitetin yalnız “seçilmiş adamları”na 2000-2500 manat maaş verilir. Eyni zamanda, universitetin kifayət qədər pulu olmasına baxmayaraq, hər ay hər dekandan 20 manat universitetin internetinə, 50 manat universitetdəki tualetlər üçün tualet kağızına və sabuna pul yığılır. Təsərrüfat hissəsi isə bu pulları yazaraq silir”.

Mətbuat xidməti: “İndiyədək universitet haqda o qədər yazıblar ki…”

Qeyd edək ki, Gəncə Dövlət Universiteti ilə bağlı bu cür tənqidi yazılara tez-tez rast gəlinir. Deyilənlərin doğru olub-olmadığını öyrənmək üçün universitetin dosenti, eyni zamanda mətbuat xidmətinin rəhbəri Elçin Cavadovla əlaqə saxladıq. O,  Musavat.com-a deyilənlərin doğru olmadığını söylədi: “Həmin şikayətdən xəbərimiz var. Bizdə Abbas adlı şəxs işləmir. Yeganə Hüseynova adlı müəllimə işləyir, amma o deyir ki, bu müraciətdən xəbəri yoxdur. Onun adından kimsə yazıb. Orada yazılanlar reallığı əks etdirmir. İndiyə qədər universitetin haqqında o qədər yazılar çıxıb ki, o yazılara görə kim işdən çıxarılıb ki?! Bir nümunə göstərilə bilərmi ki, kimsə işdən, vəzifədən çıxarılsın. Belə bir fakt yoxdur”.

Dosent “Nəyə görə Gəncə Dövlət Universiteti tez-tez mediada tənqidi yazılarla gündəmə gəlir” sualına belə cavab verdi: “Baxın sizin qəzet də tanınır, mövzunu araşdırmağa çalışır. Amma elə sayt, qəzetlər var ki, başqa maraqlar güdürlər. Bununla belə, sizi əmin edirəm ki, yazılanlar reallığı əks etdirmir. O ki qaldı deyilənlərlər bağlı, əvvəla qeyd edim ki, tələbələrin yataqxanası tam təmir olunub, hazır vəziyyətdədir. Noyabrın 1-dən yataqxana tələbələrə veriləcək. Yataqxana dağılıb, nə bilim nə olub, hamısı yalan söhbətdir. Müəllimlərin maaşına gəlincə, tələbələrin təqaüd məsələsinə, bu universitetin səlahiyyəti çərçivəsində olmayan məsələdir. Maaşı, təqaüdü biz müəyyənləşdirmirik. Yataqxana fəaliyyətə başlamayıb, deyirlər, yemək verilməyib. Açılsın, sonra bu söhbətləri edərik”.

GDU sözçüsü müəllimlərin dərs vəsaiti ilə bağlı  narazılığına da fikir bildirdi: “Müəllimlər müəyyən metodiki ədəbiyyatları, müxtəlif dərslikləri yazır, əgər universitet üçün əhəmiyyətlidirsə, Elmi Şuranın qərarı olanda universitetin kitabxanasına da verirlər. Universitetin özünün nəşriyyat şöbəsi var, həmin nəşriyyat şöbəsi Elmi Şuranın qərarıyla lazım olan dərs vəsaiti universitetin kitabxanasına ötürülür”. 

Həmçinin oxuyun

Ağcabədidə polis ailəsi ilə birgə yanaraq öldü

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb. APA xəbər verir ki, …