Şənbə , Fevral 24 2024
Ana səhifə / Bölgələr / Emin Uçar Vasif Talıbovun “əsrarəngiz planı”nı necə “pozdu”?  – Duz zavodundan sonra gil zavodu da açılacaqmış 

Emin Uçar Vasif Talıbovun “əsrarəngiz planı”nı necə “pozdu”?  – Duz zavodundan sonra gil zavodu da açılacaqmış 


Naxçıvanın “duz yükü”

Naxçıvan səfərimizdə ziyarət etdiyimiz növbəti “xaruqəladə” məkan Muxtar Respublikanın mərkəzi şəhəri yaxınlığında yerləşən Duzdağda yeni inşa olunmuş duz zavodu idi. Qeyd edək ki, bu bölgə adından da göründüyü kimi, Naxçıvanın məşhur duzunun çıxarıldığı mədənləri ilə tanınır. Hazırda Duzdağda sovet hakimiyyəti illərindən qalan sanatoriya və kiçik bir duz zavodu fəaliyyət göstərir. Vasif Talıbovun xeyir-duası ilə 2019-cu ildən etibarən Duzdağda yeni duz istehsalı zavodunun inşasına başlanılıb. Bundan əlavə, Duzdağda yeni duz şaxtası istifadəyə verilib. Hesablamalara görə, bu şaxtada 15 min ton duz ehtiyatı var. Yeni duz zavodunun inşasında da məqsəd həmin duzları gildən təmizləyib istehlak üçün hazır vəziyyətə gətirmək olub.

İnşasına və avadanlıqlarına 6.7 milyon manat sərf olunan duz istehsalı zavodu ilyarım əvvəl guya istifadəyə hazır vəziyyətə gətirilib. Amma hazırkı yerli hökumət onu təhvil almaq istəmir. Əlində bunun üçün ciddi əsasları da var: zavod təyinatı üzrə işləmir, gil qarışığı olan duzu saflaşdırmır.  Üstəlik, zavodda bir çox texniki problemlər də mövcuddur. Məsələn, mədənlərdən götürülüb zavoda gətirilən və burada hissələrə parçalanaraq saflaşdırma sexinə göndərilən duz süxurlarının “üyüdülməsi”nin yaratdığı toz-duman ətrafı bürüyür. Çünki zavodun havalandırma sistemi də düzgün işləmir. Bu isə orada işləyəcək fəhlələrin həyatını təhlükə altına atır.

Zavodun duz saflaşdırma sexində də vəziyyət ürəkaçan deyil. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul şəxslərinin dediyinə görə, zavodda quraşdırılan avandanlıqların bəzilərinin boruları paslanıb. Baxmayaraq ki, onlar paslanmaz dəmirdən düzəldilib. İddialara inansaq, paslanmaz dəmirlərin bir neçə növü var. Onlardan yalnız biri qida məhsullarını istehsal edən avadanlıqların istehsalından istifadə olunur. “Arkoz” şirkətinin Türkiyədən tapıb gətirdiyi avadanlıqlar isə bu cür materialdan hazırlanmayıb, odur ki, üzərindən çox keçməmiş paslanıb. Həqiqətən də boruların üzərində pas rəngli duz təbəqələri açıq görünürdü. 

Pas, yoxsa oksid?

“Arkoz” şirkətinin rəsmisi Emir Kaçmaz əfəndi isə saralmış bu təbəqənin pas yox, oksidləşmə olduğunu bildirir. O, jurnalistlərin dəmirin oksidləşməsinin elə paslanma olduğunu xatırlaması ilə də razılaşmadı. Kaçmazın fikrincə, paslanma ayrı şeydir, oksidləşmə ayrı şey. Paslanmaz dəmir parçalarından düzəldilən bu boruların üstündə yığılmış sarı rəngli “göbələkləri” qaşısan, onlar rahatlıqla təmizlənər. Bu isə guya, onu göstərir ki, cihazlar paslanmayıblar.

Bu linkə baxın

Doğrusu, Emir Kaçmaz əfəndinin dediyi səviyyədə kimyəgər olmadığımızdan onunla mübahisəyə girmək istəmədik. Odur ki, pasla oksidləşmənin iki fərqli anlayış olması barədə mülahizələr üstündə baş sındırmağı kimyəgərlərin öhdəsinə buraxır, bizim indiyədək bəlkə də yanlış öyrəndiyimiz bir sıra həqiqətləri “Arkoz” rəsmilərinin diqqətinə çatdırmağa üstünlük veririk:

“Sual: Pas nədir? Niyə o yalnız dəmir və polad əşyaların üzərində yaranır? 

CavabPas dəmirin tərkibindəki oksiddir. O, dəmirin suda həll olmuş oksigenlə “yanması” nəticəsində yaranır…

Parlaq dəmirin səthinə düşən yağış damcısı çox qısa müddət şəffaf qalır. Dəmir və suyun tərkibindəki oksigen bir-birinə təsir göstərir və nəticədə damcının tərkibində oksid, yəni pas əmələ gəlir. Su damcısı getdikcə qırmızı rəng alır və pas xırda hissəciklər şəklində damcının içərisində üzməyə başlayır. Su buxarlandıqda isə pas dəmirin səthinə çökərək qırmızı təbəqə yaranır”.

Maraqlıdır ki, Emir Kaçmazın oksid deyə bizə təqdim etdiyi bu sarı rəngli “müəmmalı maddə” təkcə boruların üzərində yox, həm də onlardan nə zamansa damçıldayan su izləri üzərində də müşahidə olunurdu. Bu videoda həmin pas (“Arkoz” şirkətinin təbirilə desək, oksid) izlərini seyr edə bilərsiniz.

Duz zavodunun ən mühüm problemi olan qara duzun ağ duz halına gətirilə bilməməsinə də Emir Kaçmaz bəyin özünə məxsus açıqlaması var: “Biz bu zavodu inşa edərkən mədəndəki daha saf duz parçalarını gildən təmizləməyi hədəfləmişdik. Təmizləyəcəyimiz duz süxurunun tərkibindəki gil nisbəti uzağı 5% idi. Müəssisə tikilib başa çatdırılandan sonra zavoda göndərilən duz parçalarının tərkibində ən azı 40% gil vardı. Bu qədər gillə çirklənmiş duzu saflaşdırmaq üçün ən azı 3 qurğuya ehtiyac duyulurdu. Biz bu fikrimizi sifarişçi tərəfin – Naxçıvan Şəhərsalma və Arxitektura İdarəsinin rəhbərinə bildirdik. O isə əlavə xərc çəkməyə vəsaitlərinin olmadığını, zavodu əlimizdə olan məlzəmələrlə inşa etməyimizi istədi. Biz də bu cür inşa etdik”.

Emir Kaçmazla söhbətimiz bu linkdə

Vəssəlam, şüt-təmam. Deyəsən, əsl günahkar tapıldı – Naxçıvan Səhərsalma və Arxitektura İdarəsinin 200 milyondan çox vəsaitin mənimsənilməsində günahlandırılan keçmiş rəhbəri Hicran Rüstəmov. Naxçıvanda kimin nə qüsuru varsa, Hicran Rüstəmovun boynuna atıb məsuliyyətdən yaxa qurtara bilər. Necə olsa, o, içəridədir və üzərinə nə qədər məsuliyyət yüklənirsə yüklənsin, çəkəcəyi cəzanın müddəti dəyişməyəcək.

“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev Emin Kaçmazın sözləri ilə razılaşmır. Onun fikrincə, xammal olaraq tam bəyaz duz mədəndən çıxarılacaqdısa, o zaman dövlətin 7 milyon manata yaxın pul xərcləyib müəssisə qurmasına nə ehtiyac vardı? Elə sovetdən qalma duz istehsal müəssisəsində duz istehsalı davam etdirilərdi də. Direktorun iddialarına inansaq, yeni müəssisəyə dövlət ona görə 7 milyon manat xərcləyib ki, mədəndən çıxarılan duz parçaları burada quraşdırılacaq avadanlıqlarda qırılsın, yuyulmaqla gildən təmizlənib şəffaf hala gətirilsin, qurudulsun və saflaşdırılaraq qutulara doldurularaq satışa çıxarılsın.

Dərd burasındadır ki, “Arkoz” şirkəti Naxçıvanda yarım-yamalaq inşa etdiyi heç bir tikintidə özünü günahkar bilmir. FHN həmin inşaatların heç bir birinin icazəsi, layihəsi və smetası olmadığını, bu səbəbdən də təhvil götürülmədiyini bildirir, “Arkoz”un bu iddialara cavabı hazırdır: bu bizim yox, sifarişçilərin məsuliyyətindədir. Konsaltinq şirkəti tikintilərin keyfiyyətsiz inşa olunduğunu deyir, “Arkoz”un cavabı: “Bizim obyektləri yoxlayan şirkət dövlət orqanı deyil və bizim işimizə qiymət verə bilməz”, yaxud, “bizdən belə tələb etmişdilər, biz də belə tikdik”. Bir sözlə, “Arkoz”un özünü əsaslandırmaq üçün bitib-tükənməyən “səbəbləri” var. 

Naxçıvanda uzun iş təcrübəsi olan bu şirkət nədənsə qəbul etmək istəmir ki, onun rəsmi müqavilələrlə boynuna götürdüyü öhdəlikləri mövcuddur və kiminsə şifahi göstərişləri bu öhdəliklərin yerinə yetirilməməsinin məsuliyyətini azaltmır. Sən əgər rəsmən üstləndiyin öhdəlikləri yerinə yetirə bilmirdinsə, zəhmət çəkib layihədən imtina etməli idin. Yoxsa, hansısa acgöz məmurla əl-ələ verib Naxçıvanın varidatının talanmasında yer almamalı idin. 

Sözsüz ki, bütün bu bəhanələri dilə gətirərkən “Arkoz” şirkətinin adını çəkmədən hədəf göstərdiyi əsas ünvan Vasif Talıbovdur. Həqiqətən də Vasif Talıbovun 30 ilə yaxın hakimiyyəti dövründə bir məqsədi olub: Azərbaycanın ayırdığı dotasiya hesabına yeni və öz funskiyasını yerinə yetirə bilməyən “layihə”ləri həyata keçirmək adıyla milyonlarla vəsaiti mənimsəmək.İstisna etmirik ki, Duzdağdakı duz istehsalı zavodu da bu məqsədlə inşa olunub, məhz bu səbəbdən onun öz funksiyasını yerinə yetirib-yetirmədiyinə önəm verilməyib. Bununla belə, hər bəd xəbər kimi, bu faktın da bir sevindirici halı var: Yaxşı ki, Vasif Talıbovla Emin Uçar arasında mal bölgüsü üstündə problemlər yaşanıb və Naxçıvan “xan”ın bir çox “uzaqgörən” layihələri ürəyində qalıb. Belə layhələrdən biri də, çox güman ki, duz zaovunda duzdan arındırılmış gili istesal edən zavod ola bilərdi. Hər halda Vasif Talıbovun 2019-cu ildə bir duz şaxtasının açılışında səsləndirdiyi fikirlərdən belə anlaşılır. Naxçıvan DİN-nin rəsmi saytının məlumatına görə, duz şaxtasının açılışında çıxış edən Vasif Talıbov “Duzdağ ərazisinin xəritələşdirilməsi” və bu ərazidə “gil istehsalı müəssisəsinin də yaradılması barədə tapşırıqlar vermişdi”.Belə aydın olur ki, duz mədənindən çıxarılan süxurların gili təmizlənərək duzu götürüləcək, çıxdaş olunmuş gil də kənara atılmayacaqmış. Onun da nədənsə təmizlənməsi üçün əlavə gil zavodu inşa olunacaqmış. Görünür, cənab “xan”ın bu əsrarəngiz planının qarşısını “Arkoz” şirkətinin inşa etdiyi duz zavodunun duzu gildən ayıra bilməməsi alıb. Bu baxımdan Emin Uçara 6.7 milyon manatlıq layihəni batırdığı üçün yekə bir təşəkkür düşür. Yoxsa, Naxçıvanın növbəti “xaruqə”lərindən biri də gil zavodu olacaqdı.

Əl-qərəz, Vasif Talıbov və onun ortaqları üçün Naxçıvanın duzu da, gili də qızıl imiş. Onların istehsalı adıyla hər il Muxtar Respublikaya ayrılan yüz milyonlarla manat göyə sovrulur, daha doğrusu, cibişdana doldurulurdu, növbəti ildə yeni böyük layihələrin eskizləri cızılırdı. Nə yazıq ki, “Arkoz” şirkəti də Vasif Talıbovun bu mənimsəmə mexanizmində önəmli yerlərdən birini tuturdu. 

Ən pisi isə odur ki, Türkiyənin böyük önəm verdiyi Naxçıvan iqtisadiyyatının təməllərini sarsıdan bu siyasətin iç üzünü açıb göstərənləri “Arkoz” şirkəti özünəməxsus məntiqlə təhdid etməkdən də çəkinmir. Məlum olduğu kimi, “Arkoz” işlərini araşdıran “Tikilməkdə Olan Lahiyələrin İdarə Edilməsi” MMC-nin sədri İsmayıl Əhmədov saytımıza açıqlamasında Emin Uçarın fəaliyyətini təkcə Azərbaycan iqtisadiyyatına yox, həm də Türkiyənin geosiyasi hədəflərinə vurulmuş zərbə kimi qiymətləndirmişdi. “Yaxın günlərdə Türkiyənin media orqanlarını da Naxçıvana dəvət edəcəyik. Gəlsinlər, görsünlər, Emin Uçar adlı Türk iş adamı Naxçıvanı qardaş ölkənin bu strateji bölgəsini nə günə qoyub. Emin Uçarın Naxçıvandakı fəaliyyəti təkcə Azərbaycana ziyan vurmayıb, o, həmçinin böyük Atatürkün “Türk dünyasının qapısı” adlandırdığı məmləkəti iqtisadi cəhətdən zəiflədib və qırılğan vəziyyətə salıb. Bununla da Türkiyənin 21-ci əsrdəki geosiyasi hədəflərinə də zərbə vurub”, –Əhmədov Ovqat.com-a açıqlamasında belə demişdi. Haqsız idimi? Şərhi sizin öhdənizə buraxıram.

 “Arkoz”un İsmayıl Əhmədovun bu dəyərləndirməsinə cavabı ilgincdir: “Bu qərəzli xəbərləri paylaşanlar əsla şirkətimizin fəaliyyətinə, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinə zərbə vurmağa hesablanmış məqsədlərinə nail olmayacaqlar”.  Bir sözlə, kim “Arkoz” şirkətinin qüsurlarını faş edir və bunu Türkiyənin geosiyasi hədəflərinə zidd addım kimi dəyərləndirirsə, deməli iki qardaş ölkə arasında qurulan əlaqələrə zərbə vurmaq istəyir. “Arkoz”un bu cür böyük idealları öz fürsətcil maraqlarının qalxanına çevirməsi Türkiyədə məşhur olan bir deyimi yada salır:  “Özrü kabahetinden büyük”. Ümid edirik ki, həm Azərbaycan, həm də Türkiyə siyasi iradəsi bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu araşdırıb obyektiv qərar verəcək və qardaşlıq münasibətlərinə kölgə salanları təsbit edib lazımi ölçülər götürəcək.

Hələlik isə, Azərbaycan Mətbuat qanunvericiliyinin tələblərini nəzərə alıb “Arkoz” şirkətinin redaksiyamıza ünvanladığı təkzib məktubunu olduğu kimi yayımlayırıq:

Heydər Oğuz,

Ovqat.com

Həmçinin oxuyun

16 yaşında nişanlanan qızın anası: “Bir-birlərini görüb bəyəniblər” – VİDEO

“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. …