Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Bölgələr / “Canavarı boğub öldürdüm” – Əylisliləri xilas edən şəxs danışdı

“Canavarı boğub öldürdüm” – Əylisliləri xilas edən şəxs danışdı


Xəbər verdiyimiz kimi, Ordubadın Yuxarı Əylis kəndində canavar sürüsü şagirdlərə hücum edib. Həmin an kənd sankini Elçin Əkbərov canavarı öldürərək məktəbli uşaqları xilas edib.
Sosial şəbəkələrdə isə Elçin Əkbərovun bu qəhrəmanlığı geniş müzakirələrə səbəb olub.

Bakupost.az -ın əməkdaşı Elçin Əkbərovu tapıb, onunla söhbətləşib:
– Elçin bəy, hadisə necə, nə zaman baş verdi?
– Ayın 27-si axşamüstü olub. Mən bağa gedirdim. Həmin vaxt 60 yaşlarında bir kəndçimiz öz heyvanlarını kəndin kənarında otarırdı. Gördüm ki, kişi “ay kafir”, “ay it”, – deyə çığırır. Soruşdum nə olub? Dedi qurd girdi heyvana. Tez oraya qaçdım. Çatan kimi canavar üstümə tullandı. Birinci dəfə idi belə bir hadisə ilə qarşılaşırdım. Kişinin qabağında azı 20-30 baş qoyun olmağına baxmayaraq, canavar itə hücum etmişdi. Mənə də maraqlıdır ki, heyvanları qoyub, adamlara, itə niyə cumub? Kəndin aşağısında 3 nəfəri yaralayıb həmin gün. Daha pis ola bilərdi. Yenə də Allahın işidir. Əslində, tək uşaqlar deyil, heyvanlar da yaralanıb. Bundan başqa, 30-40 yaşlı bir nəfər də xəsarət alıb. Ümumi yaralanan isə 4 nəfərdir.

– Deyilənlərə görə, 5 qurd olub 1-ni öldürmüsüz…

– Uşaqların üstünə hücum edəndə neçə canavar olduğunu bilmirəm. Amma mən gedəndə 1 qurd idi. Onu da öldürdüm.

– Necə öldürdüz?

– Boğdum (gülür). Düşmüşdüm üstünə döyüşürdük. O məni vururdu, mən də onu. Yıxdım, iki əlli boğazından tutub boğdum!

– Yəni canavar tam kəndin içinə, insanların yaşadığı yerə girmişdi?

– Bəli. Kəndin ortasında, həm də gündüz vaxtı.
Açığı, bu məsələni, mənim canavarı öldürməyimi çox şişirdirlər. Mən uşaqları xilas etməmişəm. Uşaqlara hücum kəndin demək olar ki, içində olub. Mən isə o hadisədən sonra, kəndin yuxarısında canavarı öldürmüşəm.
– Yaralarınız varmı?

– Qollarımda və gözümün altında yaralar var. Ayağıma da yapışmışdı amma saxlaya bilmədi.

– Həkimlər sizi yoxladı?

– Bəli, baxdılar. Lazım olan hər şeyi etdilər.

– Dünəndən bu hadisə bütün ölkəyə yayılıb. İndi o kənddən Əkrəm Əylislidən sonra ən çox tanınan adam sizsiz…
– (Gülür) Yox, bu kənddən çox tanınmış adamlar çıxıb.
– Elçin müəllim, siz nə işlə məşğulsuz?
– Hamı kimi, sadə bir kəndliyəm.
Danışığımızın sonunda bu sadə kəndliyə bir daha təşəkkür edirik. Cəsarətinə, igidliyinə, həyat xilas etdiyinə görə. Elə həm də heç nə olmamış kimi sadə davranışına, xoş söhbətinə görə.

Həmçinin oxuyun

Ucarda “Aqroservis” rəhbərliyi iki ailəni ac qoyub…

Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu tərəfindən …