Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Bölgələr / “Cənab nazir Lerik kəndlərinin 70 faizi hələ də qazlaşdırılmayıb” – Firdovsi Şahbazov

“Cənab nazir Lerik kəndlərinin 70 faizi hələ də qazlaşdırılmayıb” – Firdovsi Şahbazov

Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə

Cənab nazir! Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2006-cı ildə Lerik şəhərinə təbii qazın verilməsi təmin olunmuşdur. Üzərindən 15 il vaxt keçməsinə baxmayaraq təəssüflər olsun ki, rayonun kəndlərinin 70 faizi hələ də qazlaşdırılmamışdır. Buna görə bu kəndlərdə odun tədarükünə görə meşələrin kütləvi şəkildə qırılması davam edir. Bu isə o deməkdir ki, hər il hektarlarla meşə sahəsi məhv olub, sıradan çıxır.

110-a yaxın kənddə qazın olmamasını, hər bir kənddə orta hesabla 60 ailənin yaşadığını, hər ailənin ildə ən azı 2-3 maşın odun tədarük etdiyini nəzərə alsaq, bu orta hesabla ildə 14-15 min ağacın kəsilməsi deməkdir. Bu qədər ağacın kəsilməsi isə hər il nəfəs aldığımız havada 1800.000 kq oksigenin azalmasına səbəb olur. Qeyd olunanları nəzərə aldıqda aydın olur ki, Lerikin kəndlərinin qazlaşdırılması problemi Lerikin sosial-iqtisadi problemindən daha çox ölkəmizin ekoloji təhlükəsizlik problemidir. Ona görə problemin tez bir zamanda həllinə böyük ehtiyac vardır. Bu baxımdan bu problemin həlli üçün hər bir dövlət orqanının, o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də səy göstərməsi olduqca vacibdir.

Cənab nazir! Rəhbəri olduğunuz Nazirliyin rəsmi saytında ön səhifədə “Meşələr planetimizin əvəzedilməz həyat mənbəyidir. Meşələrimizi qoruyaq – dayanıqlı gələcəyimizi təmin edək!” cümlələrinin yazılması da bir daha onu göstərir ki, meşə fondumuzun qorunması Nazirliyin qarşısında duran əsas hədəflərdən biridir. Ona görə heç bir halda meşələrin kütləvi qırılmasına səssiz qalmaq olmaz.

Cənab nazir! Qeyd olunanları nəzərə alaraq səlahiyyətləriniz daxilində problemin aidiyyatı orqanlar qarşısında qaldırmağınızı leriklilər adından Sizdən xahiş edirik.

Hörmətlə, iqtisad üzrə fəlsəfə doktoru,Firdovsi Həşim oğlu Şahbazov

18 iyun 2021-ci il

Həmçinin oxuyun

Zibillik içində olan Xudat bazarı – Xəstəlik belə yayılır – VİDEO

Xaçmaz rayon, Xudat şəhərinin Mərkəzi Bazarı zibillik içərisindədir.Bazar illərdir ki, belə bir vəziyyətdə fəaliyyət göstərir.Ticarət …