Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Bölgələr / Bu da “distant alver”: Azərbaycanda ilk satıcısız mağaza – FOTO

Bu da “distant alver”: Azərbaycanda ilk satıcısız mağaza – FOTO

Naftalan şəhərində ölkəmizdə ilk dəfə olaraq satıcısız mağaza fəaliyyətə başlayıb. Mağaza şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Naftalanda yerləşən sağlamlıq mərkəzlərindən birinin dəstəyilə 7/24 alıcılara xidmət üçün nəzərdə tutulub.

Sputnik Azərbaycan xəbər verir ki, mağazaya daxil olan alıcı ona lazım olan məhsulu seçərək ödənişi şəffaf qutuya atır. Sahibkar Elnur Əliyev xarici ölkələrdə bu tip satıcısız mağazaların olduğunu, ölkəmizdə isə bir ilk olduğunu söyləyib: “Mağazamızda turistlərin daha çox ehtiyacı olan 20-dən artıq çeşiddə məhsul satışa çıxarılıb. Eyni zamanda yalnız Naftalan neftinə aid diş pastaları, kremlər, yağlar, şampunlar, sabunlar və digər təbii tərkibli, müalicəvi əhəmiyyətli məhsullar satılır. Burada qiymət 50 qəpikdən 12 manatadək dəyişir”.

Sahibkar gələcəkdə turistlərin və şəhər sakinlərinin məmnunluğuna xidmət məqsədilə ödənişlərin nağdsız üsulla aparılacağını da bildirib.

Satıcısız mağaza yerli və xarici turistlər arasnda da maraqla qarşılanıb. Bəzi turistlər ilk dəfədir belə mağaza gördüklərini qeyd edirlər. Rusiyadan gələn turist Mahir İbrahimov satıcısız mağazanı əhaliyə olan etimad və güvən kimi dəyərləndirib: “Satıcısız mağaza ilə ilk dəfədir qarşılaşıram. Bu, etibar və diqqət məsələsidir. Təşkilatçılara təşəkkür edirəm”.

Gəncədən gələn turist Fuad Tağıyev isə mətbuat vasitəsilə Avropada bu cür mağazaların olduğunu eşitdiyini, lakin öz vətənində bununla qarşılaşacağını gözləmədiyini söyləyib: “Satıcısız mağazaların Avropada olması haqda eşitmişdim. Amma ona ilk dəfə öz vətənimdə rast gələcəyimi güman etməzdim. Burada insan üçün zəruri lazım olan əsas tələbat malları var. Günün istənilən vaxtında kimsəni narahat etmədən lazım olan məhsulu almaq mümkündür”.

Qeyd edək ki, pilot layihə kimi nəzərdə tutulan satıcısız mağazaların gələcəkdə Naftalan şəhərinin bir neçə yerində açılması nəzərdə tutulub.

Həmçinin oxuyun

Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşdı

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb. Rayonun Piran kəndində “Niva” markalı  avtomobil təxminən 85 …