Şənbə , Dekabr 5 2020
Ana səhifə / Bölgələr / Bizi Suqovuşana 20 dəqiqəyə çatdıracaq yol sürətlə bərpa olunur – Fotolar, Videoreportaj

Bizi Suqovuşana 20 dəqiqəyə çatdıracaq yol sürətlə bərpa olunur – Fotolar, Videoreportaj

Tərtər rayonunun 1 ay əvvəl işğaldan azad olunan Suqovuşan və Talış kəndlərinə yol çəkilşi sürətlə davam edir. Bu kəndlər 26 il əvvəl işğal olunmuşdu. Düşmən ayağı Suqovuşan və Talışa ilk dəfə 1991-ci ildə dəyib. 1 il sonra, 1992-ci ildə Azərbaycan Ordusu tərəfindən hər iki kənd işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən yenidən işğal olunub. 

Suqovuşan ərazisində eyni adlı su anbarı və Suqovuşan-1 su-elektrik stansiyası yerləşir.

Ermənilər Suqovuşanı işğal etdikdən sonra su anbarından Tərtər ərazisinə axınların qarşısını alıblar. Bu cinayət ekoloji fəsadlar yaradıb, uzun illər Tərtər və ətraf rayonların su təminatında çox ciddi problemlərin yaranmasına gətirib çıxarıb. Bundan başqa təcavüzkar dümənlər Suqovuşanı işğal etdikdən sonra kəndin ərazisində hərbi hissələr yaratmışdılar. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Erməni ordusunun “6-cı müdafiə rayonu” kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də bu kəndin ərazisində yerləşirdi. Düşmən əzəli Azərbaycan torpağı olan Suqovuşanın adını da dəyişmiş, “Madagiz” adlandırmışdı.

Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsinin ilk həftəsində 26 illik işğal tarixinə son qoydu, Suqovuşandakı Ermənistan silahlı qüvvələrinin hərbi hissələri darmadağın edildi. 3 oktyabr 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyev kəndin tarixi adını bərpa etdi, onun Suqovuşan adlandırılması barədə tapşırıq verdi. 

“Yeni Müsavat”ın reportyor qrupu Suqovuşana çəkilən yolda olub, görülən işlərin gedişatı ilə maraqlanıb. Avtomobil yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən geçəkləşdirilir. Agentliyin əməkdaşları atəş səsləri altında yol çəkirlər.

Ümumi uzunluğu 29 kilometr olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək. Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir. Əraziyə xeyli sayda canlı qüvvə və texnika cəlb olunub. Yolun tikintisi Suqovuşan su anbarından Tərtər şəhərinə doğru uzanan və uzun illərdən sonra suyuna qovuşan kanalın kənarı ilə aparılır. Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar inşa edilib.

Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür. Yolun çəkilişi tamamladıqdan sonra Tərtər şəhərindən Suqovuşana 20 dəqiqəyə gedib çatmaq mümkün olacaq. Ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 min 661 km uzunluğunda avtomobil yolları var. Onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.

Həmçinin oxuyun

Naxçıvanda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib FOTO

Karantin qaydalarını pozaraq toy edənlər cəzalandırılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, …