Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Beştalı sakinlərini internetə həsrət qoyan kimlərdir? – FOTO

Beştalı sakinlərini internetə həsrət qoyan kimlərdir? – FOTO

Bu kəndin sakinləri  telefon açıb  canlı yayıma çıxa bilmirlər. Söhbət  Neftçala rayonunun Beştalı kəndindən gedir. Söz açdığımız  bu  kənddə illərdir nə telefon var, nə də internet!

Bu haqda Bizim Media-nın Cənub bürosunun əməkdaşına  kənd sakinləri bildiriblər. 

Sakinlər deyirlər ki, Beştalı kəndi Kürün o tayında yerləşir:

“Ona görə  də gözdən- könüldən bir az uzaq düşüblər. Bir neçə il əvvəl kəndin az   hissəsinə həm telefon xətti çəkilib, həm də internet xətti. Amma kəndin  əksər  hissəsi  hələ də telefon və internet  xidmətindən  istifadə edə bilmir”.

Həmsöhbətimiz  Bəhlul  Hüseynov deyir ki,  mən  qoca kişiyəm,  bu internet filan cavan uşaqlara lazımdır:

“O da yoxdur! Xətt  kəndin içindən keçir. Heç bir qəlizliyi də yoxdur. Beş metr şunurdu, bir-iki filan şey. Çəksinlər qurtarsın. Uşaqlar da yazıqdır”.

Şahların 25 yaşı var, “doğulandan kəndimizdə internet görməmişəm” deyir.

Müsahibim bildirir ki, mobil internet haqqı ödəməkdən beziblər.

Şahlar qeyd edir ki, xahiş etməkdən də bezmişik artıq:

“Dəfələrlə getmişəm  Neftçalaya, gedib məlumat vermişəm, gəlib bizim işə baxan olmayıb, yalandan yola veriblər, gedin səhər gəlib çəkərik.Amma sabah olub, gələn isə olmayıb”.

Sakinlər deyirlər ki, internetsizlikdən ən çox əziyyət çəkən məktəbli uşaqlar olur:

“Pandemiya dövründə bütün ölkə onlayn dərslərə qoşulduğu vaxt bizim məktəblilər dərsdən geri qalırdı. Çünki mobil şəbəkəyə hər ailənin qoşulmaq imkanı yoxdur. Əslində telefon və internet xətti kəndin içindən keçir, bir-neçə ailəyə xidmət də göstərilir. Amma nə qədər müraciət edirik, kənd bütövlükdə internetləşmir”.

Daha bir müsahibimiz kənd sakini Əhmədov Məmməd  qazi atası olduğunu bildirir:

“İki oğlum müharibə iştirakçısıdır. Bir oğlum qazıdır. 2021-ci ildə kənd icra nümayəndəliyindən kağız alıb vermişəm ki, kəndimizə internet çəkilsin. Sənəddə şəhid və qazi ailələrinə internet çəkilişi pulsuzdur, tək nömrə almalıyıq. Söz verdilər sənə bir aya internet çəkəcəyik, düz iki ildən çox vaxt keçib. İndi də deyirlər ki xətdə yer yoxdur”.

Məsələ ilə bağlı aidiyyatı üzrə müraciətimizə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirdilər ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müasir standartlara cavab verən fiber-optik kabelləşmə həyata keçirilir.

Bu layihə çərçivəsində “Aztelecom” MMC-nin Cənub Şirvan Regional Filialının ərazisində də  müasir texnologiyaların tətbiqi ilə şəbəkə genişləndirilir. Hazırda Neftçala rayonu Beştalı kəndinin bir hissəsində telekommunikasiya xidmətləri göstərilir. 2024-cü ilin sonuna qədər Beştalı kəndi üzrə GPON texnologiyasının tətbiqi planlaşdırılır.

Qeyd edək ki, bu günə qədər “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə üzrə 1 milyondan çox ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə əhatə edilib. Bu da Azərbaycanın təxminən 42 faiz ev təsərrüfatını əhatə edir.
Hazırda 50 rayon və şəhərdə işlər davam etdirilir və planlı şəkildə bütün rayonlar əhatə ediləcək. Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …