Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Bölgələr / Başkənd əməliyyatından 28 il keçir

Başkənd əməliyyatından 28 il keçir

6-9 avqust 1992-ci ildə Azərbaycan Mili Ordusu hissələrinin keçirdiyi hərbi əməliyyat nəticəsində Gədəbəy rayonunun Başkənd qəsəbəsi Ermənistan silahlı qüvvələrindən təmizləndi. Korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynovun rəhbərlik etdiyi Başkənd əməliyyatı Azərbaycan Ordusunun Qarabağ müharibəsi dövründə keçirdiyi ən uğurlu əməliyyatlardan biri oldu.

Başkənd qələbəsi Ermənistan silahlı qüvvələrinin Qədəbəy rayonunun işğal edilməsinə yönələn hücumunun qarşısının alınması və Azərbaycan Respublikasının qərb hissəsində təhlükəsizliyin təmin edilməsi baxımından böyük strateji əhəmiyyətə malik idi.

Qeyd edək ki, Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı.

Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen” adını qoymuşdular. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulmuşdur.

Ancaq Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı illər, 1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

XX əsrin 90-cı illərin əvvəlinədək Azərbaycan ərazisisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olan Başkənd qəsəbəsi 7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid edilmişdir.

Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər.

Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Ernənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər.

İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin düşmənin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər.

Düşmənin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd edən erməni dəstələri itkilər verərək geri çəkilməli oldular.

Başkənd əməliyyatı Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin rəşadətini, zabitlərimizin yüksək bacarığını nümayiş etdirdi.

Başkəndin işğaldan azad edilməsi Ermənistanda böyük ruh düşkünlüyü yaratmışdı. Həmin dövrdə Ermənistan mətbuatı qeyd etmişdir ki, Başkəndin itirilməsi Ermənistan hakimiyyətinin siyasi fiaskosudur.

“1992-ci il avqustunda Başkəndin itirilməsi nəticəsində Ermənistan Respublikası bütün fəal hərbi əməliyyatların getdiyi dövrdə ilk dəfə siyasi-inzibati ərazisinin bir neçə kvadrat kilometr ərazisini itirmiş oldu” –deyə düşmən mediası yazırdı.

Başkəndin azad edilməsindən dərhal sonra isə rayonun hərbi komendantlıq nümayəndəsi Armen Qanadyan etiraf edir: “Sözün düzü, mən nazirlə söhbət etməmişəm və buna görədə heç bir söz deyə bilmərəm. Bütün bu suallara komanda heyəti cavab verə bilər. Dörd il ərzindəki bütün zəhmətim əbəs yerə getdi. Lakin biz yaxşı hazırlaşsaydıq, o zaman kəndi əldə saxlaya bilərdik”.

Şimal-şərq ərazisinin müdafiə polkovniki Xaçaturov deyib: “Mənim fikrim nazirə çoxdan bəllidir. Hərbi nöqteyi-nəzərindən Başkənd çoxdan mübadilə edilməli idi. Başkəndi düşmən əhatəsində saxlamaq, 3 min insanın həyatını təhlükədə qoymağa nə nazir, nə də prezidentin ixtiyarı vardı”.

Başkənd əməliyyatı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq nümunələri ilə zəgindir. Döyüşlərdə iştirak edən hər bir zabit və əsgərimiz böyük qəhrəmanlıqlar göstərib.

Topçu İsgəndər, Məzahir Rüstəmov, Cahangir Rüstəmov, daha sonra Aytəkin, Gültəkin Məmmədov qardaşları və yüzlərlə bu cür igidin adını çəkmək olar.

Döyüşlərdə xüsusilə fəqlənənlərdən biri baş leytrnant Rüstəmov Məzahir İzzət oğlu olub. O, 1960-cı il martın 2-də Bakıda doğulub. 32 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin tarix fakültəsini qurtarıb. Azərbaycan EA-nm Fəlsəfə İnstitutunda dissertant olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda işləyib. “İnsan psixologiyasın bütövlüyü” adlı dissertasiya üzərində çalışıb.

1992-ci il avqust ayında həlak olub. Qəbri “Şəhidlər xiyabanı”ndadır. Respublika prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Təhminə adında bir qızı var. Oxuduğu orta məktəbdə büstü qoyulub.

Başkəndin şanlı topçusu Aznaurov İsgəndər Zöhrab oğlu da sözügedən əməliyyatın başqa bir qəhrəmanıdır.

Axıska türkü olan Aznaurov İsgəndər Zöhrab oğlu da bu əməliyyatdakı igidliyinə görə Milli Qəhrəman adına layıq görülüb.

Qarabağda ermənilərin işğallarından sonra sərhəd rayonu olan Gədəbəy atəşə məruz qalmağa başlayanda İsgəndər Aznaurov könüllü olaraq milli ordu sıralarına yazılıb.

Baş leytenant kimi Gədəbəydəki “N”saylı hərbi hissənin artilleriya bölməsinə komandir müavini təyin edilib.

Növbəti dəhşətli döyüşlər 1993-cü ilin yaz aylarında başlayır.

Hücuma başlamazdan əvvəl İsgəndər top atəşi ilə düşmən postunu məhv edib və cana doyan düşmən bu igidin başı üçün mükafat təyin edib.

Aprelin 18-də milli ordunun “Örükdaş”da həyata keçirdiyi döyüş əməliyyatında İsgəndər Aznaurov düşmən tankının atdığı güllə nəticəsində “dördüncü vətənində” şəhid olub.

Ölümündən öncə xalqın qəhrəmanına çevrilən Aznaurov şəhid olduqdan sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülür. Məzarı Şəhidlər xiyabanındadır.

Başkənd əməliyyatının daha bir əfsanəvi igidi Cahangir Rüstəmovdur.

O, 1939-cu ildə Gədəbəyin Düzrəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir.

1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1988-ci ildə ordu sıralarından istefaya buraxılmışdır.

Buna baxmayaraq Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə yollanmış, Şəmkir-Gədəbəy batalyonunu yaratmışdır. Bir neçə belə özünümüdafiə batalyonları birləşdirilən vaxt müdafiə naziri tərəfindən alay komandiri təyin edilmişdir. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 km-lik sərhəddin müdafiəsinə cavabdeh olmuşdur.

1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd “SU-24″, “MİQ-25″, 3 ədəd “İL-26″ təyyarələri, 1 ədəd “Mİ-8″ vertolyotu, aviatexnika, külli miqdarda hərbi sursatı müsadirə etmişdir. Elə həmin il uğurlu Başkənd əməliyyatında iştirak etmişdir.

Cahangir Rüstəmov 1994-cü ilin mart ayında, öz hərbi vəzifəsini yerinə yetirərkən faciəli şəkildə həlak olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 5 aprel 1994-cü il fərmanına görə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmişdir.

Uğurlu Başkənd əməliyyatının memarlarından biri də korpus komandiri general-mayor Dadaş Rzayevdir.

Dadaş Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Orta məktəbdə bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D.Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Nümunəvi hərbi xidmət keçdiyinə görə onu ali hərbi təhsil almaq məqsədilə yeni yaradılan Hərbi Hava Desantçıları Məktəbinə göndərirlər Burda yaxşı oxuduğuna görə, ikinci kursda taqım komandirinin müavini təyin edilir. 400 məzunun içərisində hamıdan öncə “Qızıl Ulduz” ordeni ilə təltif olunur (Qeyd edək ki, bir neçə il əvvəl məktəbin muzeyi yaradılıb). Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. 

Bir il sonra D.Rzayev Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət etməyə başlıyır. İlk gündən taleyini desant qoşunları hissələrinə başlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M.F.Fruze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. Sovetlərin totalitar rejimində azərbaycanlıların burada təhsil alması təsadüfi bir hadisə idi. Və üç yüz əlli nəfərin içində D.Rzayev yeganə azərbaycanlı idi ki, Ali Hərbi Məktəbdə təhsil alırdı. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir. D.Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb. 

Keçmiş SSRİ-də yüksək bilik və təcrübə qazanaraq müxtəlif hərbi hissələrdə şərəfli xidmət yolu keçən D.Rzayev Sovet Ordusunda hərbi xidmətdən istefa verir. 90-cı illərin əvvəllərində ölkədə çətin və gərgin anlar yaşanırdı. Həmin ərəfədə Qarabağda vəziyyət get-gedə gərginləşirdi. Ermənistan silahlı qüvvələri torpaqlarımıza hücum edir, dinc əhaliyə divan tuturdu. Məhz belə bir ağır məqamda Azərbaycan hökumətinin çağırışı ilə D.Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olur.

Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olur. General-mayor Dadaş Rzayev bütün çətinliklərə baxmayaraq, ordumuzun formalaşmasında fəal iştirak edir, təcrübəli zabitləri də bu işə cəlb edirdi. 1991-ci ildə Dadaş müəllim müdafiə nazirinin müavini təyin olunur. Birinci ordu korpusunun komandiri olan Rzayevin Başkəndi ermənilərdən almaq qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq belə istəyirdilər. Lakin sözündə və əməlində hər zaman bütöv olan Dadaş müəllim Qazax, Tovuz və Gədəbəy rayonlarının strateji yüksəkliklərində mühəndis istehkam qurğuları düzəldərək bu istiqamətlərdə bütün mövqeləri möhkəmləndirir. Və rəhbərliyə bildirmədən hücum planları hazırlayır. Hücumun vaxtını isə özündən başqa heç kimə bildirmir. Avqustun 8-də ermənilərin əsas mövqelərini vurub hücuma keçirlər əməliyyatlar nəticəsində Başkənd ermənilərdən alınır. Bu döyüşlərdə qorxuya düşən Göyçə erməniləri kütləvi şəkildə İrəvana qaçır.

Başkənd əməliyyatından sonra etiraz etməyinə baxmayaraq, D.Rzayevi müdafiə naziri təyin edirlər. General Dadaş Rzayev bütün çətinliklərə sinə gərərək vətənin müdafiəsini təşkil edir, eyni zamanda əlində silah döyüşərək ordu quruculuğu ilə də məşğul olurdu. Bir çox ədalətsizliklərlə üzləşsə də öz əqidəsindən dönmürdü. Zabit şərəfini hər şeydən yüksək tutaraq peşəsinə məsuliyyətlə yanaşırdı. Döyüşlərdə belə təmkinini qorumağı bacarırdı. Hərbi biliyi, təcrübəsi və cəsarəti sayəsində az qüvvə ilə hazırladığı əməliyyatların, demək olar ki, hamısını uğurla başa çatdırırdı. General Dadaş Rzayevin ordu quruculuğunda özünə məxsus dəsti-xətti var. Bütün ömrünü hərbi xidmətə sərf edən bir insan kimi indi də Azərbaycan Respublikasının Silahlı Qüvvələrilə əlaqə saxlayır. Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. Ehtiyatda olan zabitlərin işlə təmin edilməsinə böyük köməklik göstərir, bir çoxunun Türkiyədə müalicə olunmasını təşkil edir, eyni zamanda ordumuz üçün önəmli olan bir sıra məsələlərin həllində yardımçı olur.

28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə” şöhrət ordeni ilə təltif edilib.

AzPolitika.info

Həmçinin oxuyun

İcra Hakimiyyətinin tenderini qazanan şirkət kimə məxsusdur? – İzlər deputata aparır

Saatlı Rayon İcra Hakimiyyəti “Muğan SB” MMC ilə maliyyə dəyəri 184 994.81 AZN olan müqavilə …