Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Bölgələr / Balakəndə sakinlər nədən giley edir?

Balakəndə sakinlər nədən giley edir?

Balakən sakinləri illərdir su üzünə həsrət qalıblar. Xüsusilə də yaz və payız aylarında, yağışların çox yağdığı dövrdə krantlardan su əvəzinə, sözün əsl mənasında, palçıq gəlir. Sakinlərə verilən su nə təmizlənir, nə də ki, sterilizə olunur. Ümumiyyətlə, şəhərin su və kanalizasiya sisteminin köklü surətdə dəyişdirilməsinə ehtiyac var.

Bu problem sözügedən bölgənin sakinlərinin illərdir həllini gözlədiyi məsələdir. İlin əksər vaxtlarında suyun lilli gəlməsi artıq adi hal alıb. Şəhərin su təmizləyici qurğularının işlək vəziyyətdə olmaması, mövcud sistemin əhalinin tələbatını ödəməməsi, su təmizləyici aqreqatların yoxluğu vəziyyətin acınacaqlı hal almasına gətirib çıxarıb. Əsasən də yağmurlu havalarda Balakənin sularında “inci saflıq”dan əsər-əlamət qalmır.

Susuz qalan rayon sakini problemləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıblar.

Sakin Sədaqət Məmmədli bunları deyib: “Balakən şirin su qaynaqları ilə zəngindir, çayları bol suludur. Buna baxmayaraq, bir həftədir krantlarımızdan su əvəzinə palçıq gəlir. Əhaliyə Balakən çayının suyunu verirlər. Bu su çox zərərlidir. Hələ 1978-ci ildə Balakən çayının suyunun əhaliyə verilməsi qəti qadağan edilib. Amma biz bu gün bu suya möhtac qalmışıq”.

Digər rayon sakini Tamella Yusifova isə qeyd edib ki, suyun lilli gəlməsi ilə yanaşı əksər hallarda suları tamamilə kəsilir: “Palçıqlı su verirlər, bu da azmış kimi, iki gündən bir suyu kəsirlər. Su gələndə də palçıq boruları tutur. Sonra da düşürük simlərlə, nasoslarla boruları açmaq dərdinə. Suyumuz 10 gündür heç gəlmir, çünki boruları aça bilmirik. Bu istidə susuz qalmaq isə dəhşətdir”.

Rayon sakini Zahid Mehdiyev də su sarıdan əziyyət çəkənlər sırasındadır: “Sular lillidir, üstəlik tez-tez kəsilir. Bu azmış kimi, utanmadan millətdən bu suya görə pul da yığırlar. Pulu verməyəndə də suyu kəsirlər”.

Baləkən Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nurullah İbrahimov məsələ ilə bağlı Sputnik Azərbaycan-a verdiyi açıqlamada yaranmış vəziyyətdən xəbərdar olduqlarını bildirib. Qeyd edib ki, hazırkı vəziyyətdə bu problemin həlli qeyri-mümkündür.

“Sözügedən bölgədə su-kanalizasiya xətti köhnə olduğu üçün mövcud problem hələ bir müddət də yaşanacaq. Balakəndə illərdir su təchizatı və kanalizasiya sistemlərində problem var. Sular, yaz və payız aylarında yağışların çox yağması ilə əlaqədar daha çox lillənir. Bu da ona görədir ki, su təmizləyici qurğular işlək vəziyyətdə deyil” – şöbə müdiri deyib.

Onun sözlərinə görə, dağdan gələn suda problem olduğu üçün Balakən çayından drenaj yolu ilə su götürülür: “Balakən çayı yağış yağanda lilli olur. Bununla bağlı müraciət etmişik, artıq bu məsələ dövlət proqramında öz əksini tapıb. Yəqin ki, yaxın vaxtlarda problem öz həllini tapacaq”.

Su həyat mənbəyidir. Sözsüz ki, suyun bu cür çirkli olması böyükdən tutmuş kiçiyədək hər kəsin sağlamlığına ciddi təhlükədir. Çirkli sudan istifadə edən insanlarda müxtəlif xəstəliklərin yaranması qaçılmazdır.

Xatırladaq ki, Balakən Azərbaycanın şimal-qərb qapısıdır. Bura hər il milyonlarla xarici və yerli turist gəlir. Barəsində danışdığımız bölgədə yerli turizmin inkişafı üçün hər cür şərait var. Sudan başqa… Su tapılmayan bölgədə turizm sektorunun inkişafını gözləmək isə ağılsızlıq olar!

Həmçinin oxuyun

Dəhşətli olay: Gədəbəydə qadın kişinin üzərinə qaynar samovar aşırdı

Gədəbəydə 23 yaşlı kişinin üstünə qaynar samovar aşıb. Hadisə rayondakı kafelərin birində qeydə alınıb. Hüseynov …