Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Bölgələr / Azad olunmuş ərazilərdə torpaqları yerli əhali əkib-becərəcək

Azad olunmuş ərazilərdə torpaqları yerli əhali əkib-becərəcək

Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan ərazilərini azad etdikdən sonra ilkin infrastrukturun bərpası prosesinə başlanıb. Həm azad olunan rayonlara yol çəkilişi, həm elektrik enerjisi ilə təminatı, həm də mühüm beynəlxalq əhəmiyyətli layihələrin icrasına başlanılır. Reallıq göstərir ki, əhalinin öz doğma ocaqlarına qayıtması ən azı bir neçə ildən sonra başlaya bilər. Belə ki, erməni terrorçuları nəinki işğal olunan ərazilərdə daşı daş üstündə qoymayıblar, eyni zamanda mümkün olan hər yerə mina basdırıblar. Azərbaycan minatəmizləmə əməliyyatlarına mümkün qədər çox vəsait və canlı qüvvə ayırmağa çalışır. Xeyli sayda ölkələrin bu sahədə yardım təklifləri qəbul edilib, ərazilərə xarici mütəxəssislərin cəlbinə başlanıb. Lakin bütün bunlara baxmayaraq, ərazilərdə minalar yalnız müdafiə xətləri boyunca deyil, hər yerdə basdırıldığına görə təkcə bu minaların təmizlənməsi illərlə vaxt aparacaq.

Artıq heç kimə sirr deyil ki, düşmən işğal olunmuş ərazilərdən bəhrələnməyə çalışıb. Xüsusilə Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam rayonlarının münbit torpaqları əkilib-becərilib. Bu ərazilərdə on min hektarlarla sahədə buğda yetişdirilib. Xankəndindəki qondarma qurumun açıqlamalarından aydın olur ki, 2016-cı ildə işğal olunmuş ərazilərdə 145 min ton, 2017-ci ildə 148 min ton taxıl yığılıb. Əkin sahələri 2018-ci ildə 20 min hektar artırılaraq 75 min hektara çatdırılıb, bu zaman 39 min hektarda buğda əkilib. Nəticədə istehsal 152 min ton olub. Qondarma qurumun özünün illik taxıl istehlakı 30 min ton təşkil edib. Aydın olur ki, qalan 110-120 min ton taxıl Ermənistana verilib. Və bu proses heç bir statistikada əksini tapmayıb. Məsələn, Ermənistanın taxıl aldığı mənbələr sırasında qondarma qurumun adı heç vaxt çəkilməyib.

2020-ci ilin iyulunda Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocayan mətbuata açıqlamasında ölkədə 56 min hektar payızlıq, 3 min hektar yazlıq buğda əkildiyini bəyan edib. Bununla yanaşı, nazir müavini Qarabağda daha 40 min hektarda buğda əkildiyini və ümumilikdə 200 min ton məhsul əldə olunacağını da əlavə edib. Bu isə düşmən qonşunun torpaqlarımızdan necə həyasızcasına yararlandığını göstərir.

Azərbaycan Prezidenti: Kənd təsərrüfatına mikrokreditlərin verilməsi üçün  Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması nəzərdə tutulmalıdır -  Sonxeber.net

İndi isə 44 günlük Vətən müharibəsini şərəfli qələbəylə sonuclandıran Azərbaycan əhalinin azad olunmuş ərazilərə köçməsini təmin etmək istiqamətində işlərə başlamaqla yanaşı, münbit torpaqların boş qalmamasına çalışır. Fevral ayında işğaldan azad olunmuş rayonlara səfər edən Prezident İlham Əliyev bu barədə danışıb. Bildirib ki, ərazilərdəki kənd təsərrüfatına yararlı torpaqların maksimum qısa müddətə dövriyyəyə qaytarılması üçün tədbirlər görülür: “Tapşırıq verilib tədbirlər görülsün ki, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar. Evləri də, təbiəti də bərpa edəcəyik. Eyni zamanda göstəriş vermişdim ki, vaxt itirmədən payızlıq əkin də aparılsın. Biz qısa müddət ərzində bütün imkanlarımızı, texnikanı, işçi qüvvəsini səfərbər etmişik və 7 min hektarda əkin işləri aparılmışdır. O əkin sahələrinə də baxacağam. Builki mövsümdə təqribən 20-25 min hektarda əkin işləri aparılacaq”.

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qərara dəyişiklik edilib –  Foodinfo.az

Qeyd edək ki, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdam rayonlarında ümumilikdə 150 min hektardan yuxarı əkinəyararlı torpaq var. Bu torpaqların 30 faizə yaxını suvarılma imkanlarına malikdir. Son məlumatlara əsasən, təkcə Ağdam rayonunda minalardan təmizlənən 1500 hektardan yuxarı ərazidə taxıl əkini həyata keçirilib. Əkin işlərinin Cəbrayıl və Zəngilanda da aparıldığına dair məlumatlar yayılmaqdadır. Bəzi məlumatlarda bu işləri iri şirkətlərin həyata keçirdiyi deyilir. Bu isə bəzi insanlarda torpaqların yerli əhaliyə deyil, iri şirkətlərə verilməsi rəyini formalaşdırır və müxtəlif demoqojilərə yol açır. Lakin əldə etdiyimiz məlumata görə, azad olunmuş ərazilərdə minalardan təmizlənmiş torpaqlarda əkin işləri iri şirkətlərə müvəqqəti həvalə olunub. Yerli əhali öz doğma yuvalarına qayıdana və torpaqlardan istifadəyə dair yekun qərar qəbul olunanadək bir sıra iri şirkətlər torpaqlarda dövlətin zəruri bildiyi məhsulları yetişdirəcəklər. Bu xüsusda dövlətin öncüllüyü buğdaya verdiyi bildirilir. Belə ki, son illərdə Azərbaycanda müşahidə olunan kəskin quraqlıq buğda istehsalında problemlərin yaranmasına səbəb olub. Kənd təsərrüfatı naziri İnam Kərimovun  Nazirlər Kabinetinin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində verdiyi məlumata görə, ötən il Azərbaycanda müşahidə olunan kəskin quraqlıq nəticəsində 100 min hektar buğda sahəsindən məhsul əldə etmək mümkün olmayıb. Nazir bildirib ki, 2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub.

Qarabağlılar güllə yağışı altında çörək becərmək istəmirlər

Nəzərə alsaq ki, azad olunan ərazilər dəmyə əkinçiliyi üçün əlverişli iqlim şəraitinə malikdir, o ərazilərə düşən illik yağıntıların miqdarı kifayət qədər yüksəkdir, bu zaman münbit torpaqların boş saxlanması buğda kimi strateji məhsuldan asılılığın azaldılması baxımından real imkanın itirilməsi demək olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycanın yerli istehsalı buğda ilə özümüzü 57 faiz təmin etməyə ancaq yetir.  Dünya bazarında buğdanın qiymətində baş verən artım, əsas satıcımız olan Rusiyanın bu məhsulun ixracına tətbiq etdiyi yüksək rüsum Azərbaycan daxilində də un, çörək kimi əsas ərzaq məhsullarının bahalaşmasına real əsaslar yaradır. Bu isə ölkənin idxal buğdasından asılılığının aradan qaldırılması əsas prioritetlərdən birinə çevirir.

Rəsmi məlumatlara əsasən, 2021-ci il məhsulu üçün Azərbaycanda 1 milyon 37 min 507 hektar sahədə payızlıq əkin aparılması nəzərdə tutulub. Bu sahələrin 564 min 793 hektarı suvarılan, 472 min 714 hektarı dəmyə sahələrdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari il yanvar ayının sonuna 2021-ci ilin məhsulu üçün 981,4 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib. Bunun da 608,5 min hektarını (62,0 faizi) buğda, 372,6 min hektarını (37,9 faizi) arpa və 0,3 min hektarını (0,1 faizi) çovdar təşkil edib.

Qeyd edək ki, ötən mövsüm üçün Azərbaycanda  588,4 min hektar sahədə buğda əkilib, 1 milyon 867,3 min ton məhsul yığılıb. Məhsuldarlıq 31,7 sentner/ha təşkil edib. Həmçinin 345,0 min hektarda arpa əkilərək 1 milyon 20,1 min ton məhsul əldə edilib, məhsuldarlıq 29,6 sentner/ha olub.

Göründüyü kimi, bu il buğda və arpa əkinlərinin sahəsində hər biri üzrə 20-25 min hektar artım var. Bu isə ilin sonunda daha çox məhsul əldə etməyə imkan yaradacaq. Bundan əlavə, Suqovuşan su anbarı, bolsulu çaylarımızın əsarətdən qurtarması əlavə olaraq 6 rayonda 100 mi  hektara qədər torpağın suvarılmasını yaxşılaşdıracaq. Ötən il qondarma “DQR” rejimi Suqovuşan su anbarından Ağdam şəhərinə kanal çəkmək planını açıqlamışdı. 100 milyon dollar dəyərə malik kanalın sayəsində mənfur düşmən işğal altındakı torpaqlarımızı suvarmaq niyyətindəydi. İndi bu kanalı özümüzün çəkmək və torpaqlarımızı cana gətirmək imkanımız var… Musavat.com

Həmçinin oxuyun

İcra başçısı parkın abadlaşdırılmasına 1,7 milyon silib?

Adı rüşvət, korrupsiya cinayətlərində hallandırılan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev həbs edilə bilər. …