Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Bölgələr / Azad edilən torpaqların bərpası: Artıq proses başlayıb (ŞƏRH)

Azad edilən torpaqların bərpası: Artıq proses başlayıb (ŞƏRH)

“İşğaldan azad edilən torpaqların bərpası ilə bağlı xüsusi proqarmın hazırlanacağıı gözlənilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, artıq bu istiqamətdə işlərə başlanılıb:
“Həmin ərazilərimizə sərmayələrin cəlb edilməsi ilə bağlı Mərkəzi Bankın iştirakı ilə müzakirələrə başlanılıb, təhlillər aparılıb. Artıq Qarabağ istiqrazlarının dövriyəyə buraxılması ilə bağlı məsələlər dəqiqləşdirilib. Əslində proses başlayıb. Məqsəd işğaldan azad olunan torpaqların daha qısa zamanda bərpasına və iqtisadi quruculuğuna nail olmaqdan ibarətdir. Eyni zamanda Şuşaya çəkiləcək yolun tikintisinə də başlanılıb. Çünki  Füzuli-Şuşa yolu inşa edilir. Bura bir deyil, iki şirkətin cəlb olunmasında məqsəd ondan ibarətdir ki, daha qısa zamanda Şuşaya gedən yol istifadəyə verilsin”. 

Vüqar Bayramov qeyd edib ki, Şuşa da az dağıdılan yaşayış məntəqələrindəndir:
“Nəzərə alaq ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan kimi şəhərlərimiz, hətta rayon tamamilə dağıdılıb. Füzulidə bayraq asmaq üçün bir tikili belə yoxdur. Amma Şuşada yaşayış binaları var, infrastrukturun daha qısa zamanda bərpa edilməsi mümkündür. Yol istifadəyə verildikdən sonra artıq Şuşaya ilkin olaraq Azərbaycan və Türkiyə prezidentləri, daha sonra isə digər vətəndaşların getmək imkanları olacaq. Amma bununla yanaşı digər rayonlarda da paralel işlər görüləcək. Yolun tikintisinə uyğun olaraq artıq proqram təsdiq olunduqdan, maliyyə mənbələri müəyyənləşəndən sonra digər işğaldan azad olmuş yaşayış  məntəqələrinin də bərpası həyata keçiriləcək”.
Deputat onu da əlavə edib ki, məqsəd yalnız dövlət büdcəsi deyil, digər mənbələrdən vəsaitin cəlb edilməsi və sistemli şəkildə işğaldan azad olunan torpaqların bərpasına və iqtisadi inkişafına nail olmaqdan ibarətdir.

Həmçinin oxuyun

Vətən müharibəsinin 18 yaşlı şəhidi (VİDEO)

Gəncə şəhər sakini, 18 yaşlı şəhid Qismət Heydərov sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına döyüşüb …