Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Bölgələr / Azərbaycanda bir nəfərin 178 heyvanı oğurlanıb

Azərbaycanda bir nəfərin 178 heyvanı oğurlanıb

Sabirabad rayon sakini Məhəmməd Əliyev bu ilin mayın 26-da 178 baş xırdabuynuzlu heyvanının oğurlanmasından sonra ona dəymiş ziyanın hələ də ödənilməməsindən şikayətçidir. 
Bu barədə “Qafqazinfo”ya müraciət edən M. Əliyev bildirib ki, ki, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində rayonun Axtaçı Muğan kəndində baş verən bu oğurluğa görə Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov şübhəli şəxs qismində saxlanılıblar:

“Dindirmə zamanı hər iki şəxs bu cinayət əməlini törətdiklərini etiraf ediblər. Vilayət İsrafilov bildirib ki, may ayının 30-da heyvanları Gəncə bazarında Ağcabədi rayonunun Qiyamətli kəndində yaşayan Seymur adlı bir şəxsə satıb. Hazırda Sabirabad rayon Polis şöbəsində cinayət işi başlanıb və istintaq gedir.
Ancaq bu günə kimi mənə dəymiş ziyanın ödənilməsi ilə bağlı məsələ gündəmdə deyil. Bu barədə dəfələrlə Sabirabad rayon Polis Şöbəsinə müraciət etmişəm. Ancaq nədənsə bu məsələyə barmaqarası baxırlar”.

Fotoda: Saxlanılan şəxslər
“Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xidmətin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov saytımıza təsdiqləyib ki, zərərçəkmiş Məhəmməd Əliyev RPŞ-nə müraciət edərək, cari ilin may ayının 27-də fermadan xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat verib:
“Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov tutularaq məsuliyyətə cəlb olunublar.
Dindirilmə zamanı həmin şəxslər oğurluq yolu ilə ələ keçirdikləri heyvanları Gəncə şəhəri ərazisində yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Faktla bağlı Tufan Bayramov və Vilayət İsrafilov barəsində RPŞ-nin İstintaq Bölməsində açılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir, zərərçəkmişə məxsus heyvanların yerlərinin təyin olunması və geri qaytarılması istiqamətində tədbirlər görülür”.

Həmçinin oxuyun

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektorunu çökdürür – Agentlik yeni səhifə açacaqmı?

Pandemiya dövründə turizm şirkətlərinə heç bir dəstək göstərməyən Dövlət Turizm Agentliyi sanki qarışqa kimi üzü …