Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Bölgələr / Avropanın ən hündür bəndi üzərində tikilən ən böyük su anbarı – “Taxtakörpü”dən reportaj

Avropanın ən hündür bəndi üzərində tikilən ən böyük su anbarı – “Taxtakörpü”dən reportaj

Ölkəmizdə meliorasiya sahəsində görülən ən böyük işlərdən biri 4 su anbarının tikintisi və 3 su anbarının əsaslı təmiridir. “Taxtakörpü” Su Anbarı Bakıdan təxminən 130 kilometr məsafədə Şabran rayonu ərazisində yerləşir. Ölkə başçısının sərəncamı ilə tikilmiş ən böyük su anbarıdır.

Bu su anbarının açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.

5 iyun “Su təsərrüfatı meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Meliorasiya və Su Təsərrüfatı ASC media nümayəndələri üçün “Taxtakörpü” su anbarına media tur təşkil edib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev “Yeni Müsavat”a bildirdi ki, “Taxtakörpü” su anbarı ölkəmiz üçün böyük strateji əhəmiyyət kəsb edir. Çünki bu obyekt bu gün Azərbaycanın şimal bölgəsinin su təminatı ilə yanaşı, Sumqayıt və Bakı şəhərləri, eləcə də Abşeron rayonunun içməli su tələbatının ödənilməsində mühüm rol oynayır.

Su anbarının təməlqoyma mərasimi Prezident İlham Əliyevin iştirakı ilə 2007-ci ildə həyata keçirilib, 2013-cü ildə isə istifadəyə verilib. Ona görə strateji obyekt hesab olunur ki, “Taxtakörpü”nün əsas su mənbəyi Samur çayıdır. Samur çayında son 4-5 ildə qlobal iqlim dəyişikliyi fonunda su axını ilbəil azalır. Buna görə də biz bu obyektlə ölkəmizdə əhalinin etibarlı içməli suya olan tələbatını təmin etmiş oluruq. Bu su anbarının istifadəyə verilməsi ilə əhalinin içməli su ilə bağlı problemi demək olar ki, hiss olunmadı. Əgər bu su anbarı tikilib istifadəyə verilməsəydi, son 4 ildəki su qıtlığı səbəbindən insanlar evlərinə qablarda su aparmalı olardılar. Qabaqlayıcı tədbir kimi anbarın tikilib istifadəyə verilməsi bu problemin qarşısını aldı. “Taxtakörpü” Su Anbarının su ehtiyatı eyni zamanda şimal zonasının dağ çayları-Qudyalçay, Vəlvələçay, Qusarçay və digər çayların hesabına təmin edilir”.

Su anbarının ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 238,4 milyon kubmetrdir. Bəndinin hündürlüyü 136,5 metr, uzunluğu 1180 metrdir. Su anbarı istifadəyə verildiyi gündən bu günə qədər anbara toplanan suyun miqdarı 3 milyard 254 milyon kubmetr olub ki, bu suyun 3 milyard 50 milyonu “Ceyranbatan” su anbarına nəql olunub. “Taxtakörpü” su anbarının istifadəyə verilməsi ilə şimal regionunda 50 min hektardan artıq ərazinin su təminatı həyata keçirilir. Bunun da 30 min hektarı yeni suvarılan torpaqlardır.

“Samur-Abşeron kanalının baş mexaniki Nizami Muxtarov ”Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, “Taxtakörpü” Su Anbarından Siyəzən-Xızı-Abşeron rayonlarına ötürülən suvarma suyu Ceyranbatan su anbarına nəql olunur: “Su-elektrik stansiyasında quraşdırılmış 3 ədəd 8,3 meqavat gücündə hidroaqreqat vasitəsilə ötürülür. Su elektrik stansiyasının ümumi gücü 25 meqavatdır. Burada istehsal olunan elektrik enerjisi Siyəzən hava xəttinə ötürülür. SES 1 saniyədə 40 min kubmetr su ötürür”.

Qeyd etmək yerinə düşər ki, ölkədə Baş nazirin müavininin rəhbərliyi ilə Dövlət Su Komissiyası fəaliyyət göstərir. 20 adda kanalın beton üzlüyə alınması ilə bağlı faktiki qərar qəbul edilib, artıq layihə işləri həyata keçirilir. Bundan başqa, çaylar üzərində 10 su anbarının tikintisi məsələsi ilə bağlı texniki-iqtisadi əsaslandırma işləri, layihə sənədləri hazırlanıb həyata keçirilir. Bu layihələr icra olunduqca torpaq kanalların beton üzlüyə və daha müasir su kanallarının yaradılmasına nail olunacaq.

Həmçinin oxuyun

“Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm” – VİDEO

Astara rayonu Sım kənd sakini 45 yaşlı Gündüz Fətullayev illərdir ki, işsizdir.O, pandemiyaya qədər günlük …