Şənbə , Fevral 24 2024
Ana səhifə / Bölgələr / Amankəndlilər yolsuzluqdan, bələdiyyə isə onların vergi ödəməməsindən narazıdır

Amankəndlilər yolsuzluqdan, bələdiyyə isə onların vergi ödəməməsindən narazıdır

“Bəzən vəziyyət o həddə çatır ki, yollara görə uşaqları məktəbə göndərə bilmirik”

Biləsuvar rayonunun Amankənd kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Sakinlər deyirlər ki, yollar təmirsiz olduğundan yayda toz-torpaqdan, payızda-qışda palçıqdan keçilməz olur.

Amankənd kəndi rayon mərkəzindən 12 kilometr aralıda yerləşir. Kəndlilər əsasən əkin-biçinlə dolanır. Əkinçiliklə dolanışığını keçindirə bilməyənlər isə rayon mərkəzində, yaxın kəndlərdə işləyirlər.

Sakinlərdən Araz Məmmədov deyir ki, yolsuzluq səbəbindən gediş-gəlişləri çətinləşir.

“Yağış yağan kimi yollarda gölməçələr yaranır. Bəzən vəziyyət o həddə çatır ki, yollara görə uşaqları məktəbə göndərə bilmirik”.

Sakinlərin sözlərinə görə, kənd yolları əsaslı təmir edilməlidir, xüsusilə məktəbə gedən yollara asfalt döşənməlidir. Bir-iki istiqamətdə yola daş döşənməsi, yaxud bir-iki kilometr yola asfalt tökülməsi ilə problem həllini tapmır.

“Bura böyük kənddir, əhalinin dolanışığı birbaşa yoldan asılıdır. Köhnə də olsa borc-xərclə avtomobil alırıq, sonra da qazandığımızın yarısını təmirə xərcləyirik”,-Məmmədov bildirib.

Sakinlər deyirlər ki, yol təmir olunarsa, kəndlilər məhsullarını rayon bazarına, qonşu kəndlərə çıxara bilərlər.

Şikayətçilər bildiriblər ki, əvvəllər heyvandarlıqdan qazanc götürə biliblər, son dövrlər yem bahalaşdığından heyvandarlıq o qədər də sərfəli deyil. Əkin-biçin də hava şəraitindən asılı olduğundan dolanışığa bəs etmir. Yollara görə də rayon mərkəzinə gedib-gəlmək həm vaxt itkisidir, həm də baha başa gəlir.

Amankənd kənd bələdiyyəsinin sədri Füzuli Məmməov Meydan TV-yə bildirib ki, seçki ili olduğundan kəndin problemləri, o cümlədən yollar təmir edilir. Artıq sakinlərin daimi istifadə etdikləri bir neçə yol təmir edilib, yolla bağlı əvvəlki kimi problemlər qalmayıb.

Bələdiyyə sədri deyib ki, kəndin 4600-ə yaxın sakini var. Bələdiyyənin büdcəsi vergilər hesabına formalaşır, amma kəndlilər vergi ödəmirlər. Sakinlərin vergi borcu 100 min manatı ötüb:

“Bələdiyyənin iş görməsi üçün vəsaiti olmalıdır, sakinlər əkin-biçinlə məşğul olurlar, amma cəmi 5 manat vergini ödəmirlər”.

F.Məmmədov deyib ki, buna baxmayaraq, digər yollar da təmir ediləcək.

Həmçinin oxuyun

16 yaşında nişanlanan qızın anası: “Bir-birlərini görüb bəyəniblər” – VİDEO

“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. …