Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Bölgələr / Aclıq və səfalət içində, atasız böyüdü, şəhid oldu, indi “qan puluna” göz dikən imansız ortaya çıxdı…

Aclıq və səfalət içində, atasız böyüdü, şəhid oldu, indi “qan puluna” göz dikən imansız ortaya çıxdı…

Vətən müharibəsinin şəhidi, ötən ilin noyabrın 5-də Hadrud istiqamətində gedən döyüşlərdə həlak olmuş 29 yaşlı Teymur Əliyevin anası Aypara Mövlayevanın dərdinin üstünə dərd gəlib.  Belə ki,  illər əvvəl onu və iki körpə balasını atıb gedən keçmiş həyat yoldaşı İman Əliyev rəsmi orqanlara müraciət edərək  dövlət tərəfindən şəhid anasına verilən sığorta pulunu ələ keçirmək  istəyir. Şəhid anası isə mübahisənin qanuni yolla həll olunması üçün Göygöl Rayon Məhkəməsinə müraciət edib. Amma məhkəmə onun iddiasını təmin etməyib.

Göygöl rayonunun Göyçəkənd kəndində yaşayan A.Mövlayeva virtualaz.org-a bildirib ki, İman Əliyevlə 1994-cü ildə, Teymurun 3 yaşı olanda ayrılıblar və iki azyaşlı övladı ilə ata yurduna qayıdıb. Keçmiş həyat yoldaşı bu illər ərzində övladlarına aliment ödəməyib, onlara heç bir maddi-mənəvi dəstək göstərməyib.

“Bir müddət qohumlarımın köməyi ilə dolandıq. Yaşadığımız ev sözün həqiqi mənasında daxmadır. Teymur üçüncü sinifdə oxuyanda meşədən çırpı yığırdı, evi onunla isidirdik. Həmin vaxtlar  atası meşədən odun qırıb satmaqla dolanırdı. Körpə oğlumun necə əziyyət çəkdiyini görürdü, amma bircə dəfə də olsun bizə kömək əlini uzatmırdı. Elə gün olurdu ki, yeməyə yavan çörək də tapmırdıq”,– dərdli ana deyir.

Ana və iki körpəsi, 1994-cü il…

Lakin indi, Teymurun vətən yolunda şəhid olmasından sonra İman onun atası olduğunu “yada salıb” və şəhidin “qan pulunu” ələ keçirmək istəyir. İddia irəli sürür ki, Teymur onun soyadını daşıyır, buna görə də şəhidin sığorta pulundan pay almağa haqqı var.

Atasız böyüyən, körpə yaşlarından hər cür məhrumiyyətlərlə üzləşən Teymur müharibənin ilk günlərində cəbhəyə yola düşüb, Murovun, Füzulinin, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ölümündən sonra “Xocavəndin azad olunmasına görə, “Vətən uğrunda” medalları ilə təltif olunub.

“Teymur müharibədən əvvəl fəhlə işləyirdi, yük daşımaqdan taqətdən düşürdü, axşam evə gələndə qollarında taqət qalmırdı. Qardaşımın evində yaşayırıq. Evsiz-eşiksiz olduğundan ailə həyatı da qurmadı. Bəs oğlum bu məhrumiyyətləri yaşayanda, aclıq, yoxsulluq çəkəndə  atası harada idi, niyə ona kömək etmirdi? İndi nə haqla mənim şəhidimin qan puluna göz dikib? ”-göz yaşlarına boğulan ana deyir.  

Aypara Mövlayeva deyir ki, keçmiş həyat yoldaşı ikinci dəfə ailə qurub, bu nikahdan iki öğlu da var. Teymurun müharibəyə getməsindən, şəhid olmasından atasının xəbəri belə olmayıb. Dekabrın 14-dək Teymur itkin kimi axtarılıb, amma ata övladının taleyi ilə maraqlanmayıb,  dəfnində, hüzr mərasimində iştirak etməyib. Hətta Teymur şəhid olandan iki ay sonra digər nikahdan olan oğlu üçün qız qaçırıb, şadlıq məclisi qurub.

Şəhid anasının Göygöl rayonu, Göyçəkənd kəndində hazırda yaşadığı yarıuçuq daxmadan fotolar. Şəhid Teymur bu daxmada, aclıq və səfalət içində böyüyüb, fəhləlik etməklə anasına və özünə gündəlik çörəkpulu qazanıb və Vətən uğrunda canından keçib. Amma 27 il əvvəl , cəmi 3 yaşı olanda onu atıb getmiş biri indi “ata” adına iddia edir və şəhidin “qan pulunu” ələ keçirmək istəyir…

Aypara Mövlayeva dövlətin şəhid ailələrinə verdiyi 11 min manat sığorta pulunu almaq üçün müraciət edəndə  bəlli olub ki, imansız İman ondan əvvəl pula sahib çıxmaq istəyib: “Dedilər ki, atası müraciət edib, pulun bölünməsini istəyir. Mən də məhkəməyə müraciət etdim. Məhkəmədə az qala kəndin yarısı şahid kimi çıxış etdi, dedilər ki, bu adam ata kimi ailəsinə köməklik etməyib, övladına ata qayğısı göstərməyib. Uşaqlar balaca olanda əmisi Teymurun ağır işdə çalışdığını görüb, bunu danlayıb  ki, get uşaqlarına kömək elə. Qardaşının təkidi ilə bizə 6 “məmməd” (90-cı illərdə dövriyyədə olan əskinaza xalq arasında qoyulan ləqəb, 6 “məmmədə” o zamanlar təxminən iki kisə un almaq olardı-red)  göndərmişdi. Bizim bu illər ərzində ondan aldığımız tək yardım bu olub. Məhkəmədə isə deyir ki, o vaxt 60 min manat yardım etmişəm”.

Bu hökmü çıxaran hakimin İmandan fərqi nədir?

Məhkəmə isə İmandan daha imansız olub,  şəhid anasının iddiasını rədd edib. Mövlayeva deyib ki, qərardan əvvəl yaşadıqları evə baş çəkmək lazım idi. Çünki torpaq döşəmə, uçub-dağılmış divarlar, şüşəsi olmayan pəncərələr onun vəziyyətinin necə olduğunu göstərir.

“Məni düzgün anlayın, pul davası etmirəm. Yarıuçuq daxmada tək yaşayıram, oğlumdan sonra heç bir arzum, ümidim qalmayıb. Həmin pulla Teymurun adının əbədiləşdirilməsi üçün bulaq tikdirmək istəyirdim. Amma o, həmin pulla yeni evləndirdiyi oğluna şərait qurmaq, gəlininə bazarlıq etmək, yeyib-içmək istəyir. Teymur cəbhədə olanda bir dəfə də olsa, axtarıb-arasaydı məni bu qədər ağrıtmaz, bu qədər yandırmazdı. Oğlumun ruhunu sakit buraxsın”,-şəhid anası bildirir.

Şəhid anasının iddiasına Göygöl Rayon Məhkəməsində hakim Qələmdar Abbasovun sədrliyi ilə baxılıb və iddia təmin edilməyib. İndi min-bir əziyyətlə övlad böyütmüş məhkəmə qapılarında haqqını tələb etmək məcburiyyətində qalıb, yuxarı instansiyaya şikayət verməyə hazırlaşır…

Həmçinin oxuyun

Zibillik içində olan Xudat bazarı – Xəstəlik belə yayılır – VİDEO

Xaçmaz rayon, Xudat şəhərinin Mərkəzi Bazarı zibillik içərisindədir.Bazar illərdir ki, belə bir vəziyyətdə fəaliyyət göstərir.Ticarət …