Cümə , Sentyabr 18 2020

Salyanın Xıdırlı kənd sakinlərinin yuxusu son bir həftədir ərşə çəkilib. Səbəb kənddə manyakların peyda olmasıdır. İddia olunur ki, 3 nəfərdən ibarət qara maskalı şəxslər əsasən gecə saatlarında qapı-pəncərəni döyür, evlərin, damların üstünə çıxaraq gəzir, ot tayalarını, yorğan-döşəyi dağıdırlar. 

ARB Xəbər komandası məsələ ilə bağlı geniş sujet hazırlayıb.

Güldəstə Əzizova – Sakin: “60 ildir bu kənddə yaşayıram, 80 yaşım var. Mən bu qədər qorxu ilə yaşamamışam. Bir də görürsən gəldi, itlərim hürüşür, çıxıram çölə görürəm hündür, ayaq nə boyda. Neçə dəfə qovulub, şiferin üstündə gəzib narahat edir nəvəmi-nəticəmi, körpə uşaqlarımı. Yaşaya bilmirik. Qorxu içində yaşayırıq”.

Pərvanə Qaçayeva – Sakin: “Gecə uşağım gəlib bura. Görüb ki, qara maskalı adam, papağı da var. Uşağımın üstünə hücum çəkib, armatur qaldırıb. Həyətdə uşaq olub, qışqırıb. Uşağımın səsi batıb”.

Xəyal Əzizov – Sakin: “Axşam saatlarında pəncərədən baxarkən həyətimdə səs eşitdim və düşdüm aşağı. Aşağı düşərkən həyətdən kimsə qaçdı. Mən də arxasınca düşdüm. Evimizə girdi, görə bilmədim. Saman damına girdim, qapını açanda gördüm, arxasınca dəmir atdım. Qara paltarda, qara şalvar, qara qollu köynəkdədir, əlində qara əlcək, sifətində də maskası var”.

Kənan Qaçayev – Sakin: “Mən əlimi yumağa gəlmişdim, gördüm ki, əyilib. Əlində də mismar çıxaran dəmir armature vardı. Gəldi məni vurdu,  sonra tutdu boğazımdan. Qaçdım arxaya, çığırdım ki, gəlsinlər. Qonşular gəlincə yoxa çıxdı. Özümü itirdim, qorxdum, huşumu itirdim”.

Artıq bir həftədir ki, Xıdırlı kəndinin camaatı axşam saat 8-dən sonra yuxu görməsələr də, amma onlara yuxu kimi görünən hadisənin şahidi olurlar. Səhərədək qorxudan evində otura bilməyən sakinlər küçələrə axışır.

Həyəcan içində olan insaların kimisi dəyənək, kimisi ot yabası, kimisi isə bellə qaranlıq dalanları axtarır. Naməlum varlıqları görənlər qışqıraraq sakinləri səsləyir. Axtarışlar məhz bundan sonra intensivləşir. Sakinlərin bir qismi isə manyakları tutmaq üçün kəndin müxtəlif yerlərində pusqu quraraq gizlənir. Bir sözlə, Xıdırlı kəndi səhərədək adrenalin dolu gecə yaşayır. 

Məsələdən xəbərdar olan rayon icra nümayəndələri də axşam saatlarında kəndə gedərək sakinlərlə görüşüb. Əraziyə artıq polis əməkdaşları da cəlb edilib.

Həmçinin oxuyun

Əhəd Abıyev müavinini İŞDƏN ÇIXARDI

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müavinini işdən çıxarıb. Unikal.org-un əldə etdiyi məlumata görə, …