“Kəndə gələn suyun keyfiyyəti çox aşağı olduğundan əkin sahələrimiz məhv olur. Bu il arpa əksək də, məhsuldarlıq yarıbayarı aşağı olub. Çünki bura toplanan yağış suyudur və əkinə yararsızdır. Bu suya görə, əkin sahələrimizin vəziyyəti günü-gündən pisləşir”.
AzPolitika.info xəbər verir ki, bunları Ağdaş rayon Qaraoğlan kənd sakinləri ünvanladıqları videomüraciətdə bildiriblər.
Kənd sakinləri illərdir su problemlərinin olduğunu, lakin aidiyyatı qurumların məsələyə etinasız yanaşdığını bildirirlər:“Dəfələrlə Ağdaş Suvarma Sistemləri idarəsinin rəisi Əhliman Hacıyevə, onun müavini baş mühəndis Nofəl Məmmədova müraciət etmişik. Ancaq hər dəfəsində problemin tezliklə aradan qaldırılacağı vədləriylə bizi aldadıblar.
Ötən ilin oktyabr ayında Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşmüşük. O da söz vermişdi ki, problem qısa zaman ərzində aradan qaldırılacaq. Amma 2-3 ildir ki, bizim problemimizlə maraqlanan, dərdimizi dinləyən yoxdur”.
Kənd sakinləri sonda aidiyyatı qurumlara müraciət edərək, üzləşdikləri problemin qısa zaman ərzində aradan qaldırılmasını xahiş edirlər.