Bir neçə gün bundan əvvəl aktualxeber.az saytında “İcra başçısı bir
ailənin dağılmasına bais olub” və “İcra başçısının ailə klanı” başlıqlı
məqalələr dərc edilmişdi Həmin məqalələrdə Ağsu rayon İcra
Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qanunsuz əməlləri, rayon
sakinləri və sahibkarların ondan ölkə başçısı İlham Əliyevə çoxsaylı
şikayətlər göndərməsindən bəhs edilmişdi.
Həmin
yazılarda oxşar şikayətlə Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin
sakini Oruclu Adil Aydın oğlu və Salyan rayonu, Salyan şəhəri Ə. Quliyev
küçəsi ev 1 mənzil 61-də qeydiyyatda olan Mahmudova Fatimə Seyidağa
qızının Ənvər Seyidəliyevdən çox ciddi ittihamlarla dolu şikayətlərindən
götürdüyümüz faktlar qeyd edilmişdi. Belə ki, F.Mahmudovanın iddia
etdiyinə görə jurnalist kimi 2013-cü ildə Ağsu rayonuna xidməti işlərlə
əlaqədar ezam olunubmuş. Həmin vaxtdan başlayaraq RİH başçısı Ənvər
Seyidəliyevlə yaxşı münasibətləri yaranıb. İcra başçısı onu bir neçə
dəfə rayonda olan tədbirlərə və açılışlara dəvət edibmiş. Bir neçə aydan
sonra isə Ənvər Seyidəliyev Bakıya gələrək 9-cu mikrorayon ərazisində
yerləşən restoranlardan birində həmin xanıma sevğı etirafı belə edibmiş.
Şikayətçi xanım dəfələrlə ona bir övladının olduğunu və həyat yoldaşı
bunu bilərsə çox pis nəticələnəcəyini desə də, Ə. Seyidəliyev ondan əl
çəkməyib. Dəfələrlə onun yaşadığı ünvana hədiyyələr göndən Ə.
Seyidəliyevin bu hərəkətlərindən sonra ailəsi dağılan xanım, subay
olduğuna və uşağını təkbaşına saxlaya bilməyəcəyini görüb onun təklifi
ilə razılaşıb. Onlar kəbinlə evləniblər və Ə. Seyidəliyev hər həftə
rayondan Bakıya gələndə öz ailəsi kimi gəlib F. Mahmudovanın yanında
qalmağa başlayıb. Xanımın etibarını qazanan icra başçısı onun 2015-ci
ildə “Şərur” MTK-ya məxsus binada olan, atasının aldığı 3 otaqlı mənzili
78 min manata satdırıb. Mənzilin pulunu xaricdən zəng edərək hər
ikisinin ortaq tanışları olan Nadir adlı şəxsə verməyini bildirib.
Xanımı əmin edib ki, narahat olma, qayıdandan sonra üstünü düzəldib daha
komfortlu başqa bir mənzil alacaq. Bu hadisədən bir müddət sonra Ə.
Seyidəliyev 6 min manat pulu Rüstəm adlı şəxslə F. Mahmudovaya göndərib.
Yerdə qalan 72 min manatı hələ də verməyən Ə. Seyidəliyev şikayətçi
xanımın uşağıyla 2016-cı ildən bəri kirayələrdə və çox acınacağlı
vəziyyətdə yaşamasana bais olubdur. Valideynlərinin hər ikisinin də
Qarabağ döyüşlərinin iştirakçısı və veteranları olduğunu qeyd edən F.
Mahmudova dövlət başçısından və əlaqədar qurumlardan günahkarın
cəzalandırılmasını və ona dəyən maddi ziyanın ödənilməsi üçün öz
köməkliklərini göstərmələrini xahiş edirdi.
Oxşar
şikayətlə Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil
Aydın oğlu da rayonun icra başçısı Ənvər Seyidəliyev haqda ölkə
başçısına və digər qurumlara şikayət məktubu göndərmişdi. Həmin məktubda
icra başçısının qanunsuz əməlləri, qohumlarının hansı vəzifələr
tutmaları və ailə biznesləri barədə şok faktlar açıqlanmışdı. Şikayətçi
qeyd edirdi ki, vaxtilə Ənvər Seyidəliyev bacısı oğlu Səlim Müslümovun
xeyir-duası ilə rayonda görüntü yaratmaq üçün Zərifə Əliyeva adına park
tikdirib: “Həmin vaxtı mənim orada gözəl memarlıq üslubunda tikilmiş,
ailəmin dolanışıq yeri olan kafemi sökdürdülər. Ənvər Seyidəliyev o vaxt
mənə 80 min manat kompenasiya ödənəcəyinə söz versə də, 6 ildir o pulu
ala bilmirəm. Axırda mənə dedi ki, get, pulunu Prezidentdən istə”.
Şikayətçi yazırdı ki, Ənvər Seyidəliyev, sabiq nazir Səlim Müslümov,
onun atası Yanvar Müslümov, həmçinin adıçəkilənlərin yaxın qohumları
Ağsu və ölkənin müxtəlif bölgələrində özbaşınalıqlar ediblər: “Səlim
Müslümov nazir işlədiyi dövrdə müxtəlif saxtakarlıqlar edib.Təsadüfi
deyil ki, bu gün təkcə Ağsuda – onun doğulduğu kənddə elə bir adam
yoxdur ki, sosial müavinət almasın. Hətta rayonda söz-söhbət dolaşır ki,
Pirhəsənli kəndinin beşikdə olanlarına da yardım yazılıb. Çox maraqlıdr
ki, Müslümov işdən azad olunan kimi, onun mühüm vəzifələrdə çalışmaqla
milyonlara sahib olan qohumları Ağsunu “ölü” rayona çeviriblər. Özlərinə
sərf edən bütün işləri, hətta şəxsi bağça tikintisini də dayandırıblar.
Hətta Səlim Müslümovun hələ də hər il üçün 70 min funt-strelinq ödədiyi
kiçik oğlunun İngiltərədən ölkəyə qaytarmamaq planını həyata
keçirdiyini deyənlər də var. Elə bu yerdə sual edirəm: Müslümov bu qədər
pulu haradan tapıb? Onun ölkədə və dünyadakı müxtəlif əmlakları hansı
pulla alınıb? Siz Səlim Müslmovun Pirhəsənlidəki villasını görsəniz,
heyrətə gələrsiniz. Onun kənddəki iqamətgahında yüksək təmtəraqlı, son
model texnoloji avadanlıq və sistemlərlə təchiz olunmuş qəbul otağı,
xidmətçiləri də var”.
A.
Oruclunun yazdığına görə, Ağsuda S. Müslümov və icra başçısı olan
dayısının əkin sahələri də var: “Onlar bu sahələrdə rayon camaatını
qəpik-quruşa işlədirlər. İndi iş elə gətirib ki, onların da zəhmət
haqqını da vermirlər”. Ağsu sakini Müslümovun “çətiri altında” karyerada
irəliləyən 21 nəfərdən ibarət qohumlarının siyahısını da redaksiyamıza
göndərmişdi. Biz onların adlarını və vəzifələrini həmin məqalədə
göstərmişdik.
Aktualxeber.az-a
daxil olan yeni məlumatlar əsasında hazırladığımız bu məqaləmizdə isə
Ə.Seyidəliyevin bacanağı, bacısı oğlu, keçmiş əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümovla əl-ələ verərək Ağsunu necə viran
qoymaları və onların rayonun demək olar ki, 95%-ni özəlləşdirmələrindən
faktlarla yazacağıq. Onlar rayonu aşağıda göstərdiyimiz faktlarla zəbt
ediblər:
1.
Ağsu şəhərində Vərəm dispanserinin taxta binası yandırıldı. Onun 5
ha-dan yuxarı olan torpaq sahəsi özəlləşdirildi və hündür hasarla
əhatəyə alındı. Hətta gözləri doymadı, ona yaxın olan C.Cabbarlı
küçəsinə 4 metr girərək küçəni daraltdılar.
2.
Rayonda olan maşın və traktorların birliyini (köhnə MTC)
özəlləşdirdilər, 100-lərlə maşın, kombayın, traktorları, tokar
dəzgahlarını, böyük sənaye tipli təmir emalatxanalarını söküb satdılar.
Həmin pullardan vergi orqanlarına 1 manat da olsa pul ödəmədilər. Həmin
MTC 5 ha-dan yuxarı torpaq sahəsində özlərinə istilikxana (parnik) inşa
etdirdilər. Hər hektarına 1 milyon manatdan yuxarı pul qoyulub. Sual
olunur, bu pulların mənbəyi haradandır?Həmin yerlərdə yerli ağsulular
heç fəhlə kimi də işləyə bilməz. Bu yerlərdə öz qohumlarını və ya
ətrafdan gətirdikləri adamları işlədirlər.
3.
Səlim Müslümov və Ənvər Seyidəliyev rayon istehlak cəmiyyətinin köməkçi
idman salonunu, eyni zamanda 3 ha yaxın torpaq sahəsini qohumlarının
adına alaraq özəlləşdirmişlər.
4.
”Ağsu çörək MMC” Səlim Müslümovun atası, Yanvar Müslümovun adına
özəlləşdirilmiş və keyfiyyətsiz çörək məhsulları istehsal etməklə
fəaliyyətdədir.
5. Köhnə yanğınsöndürmə idarəsinin və kübrə idarəsinin torpaq sahələri bu oliqarxlar tərəfindən alınmışdır.
6. Hal-hazırda Ağsu şəhər ərazisində 25 ha artıq torpaq sahələrini özəlləşdirib götürmüşlər.
7.
2014-2015-ci dərs ilində Muradlı, Dilman, Keçdiməz kəndlərində yeni
məktəb tikintisi üçün ayrılan maliyyə vəsaitləri on dəfələrlə şişirdilib
pulları mənimsənilmişdir.
8. Bico kəndində uşaq bağçası tikilmək üçün ayrılmış vəsait mənimsənilərək heç bir iş görülməmişdir.
9. Rayon mərkəzi xəstəxanasının yanındakı yarımçıq tikili olan bina S. Müslümov və Ə. Seyidəliyev özəlləşdirərək götürüblər.
10.
Onların xeyli sayda restoranlar şəbəkəsi, supermarketləri, tikinti
satış bazarları vardır. Ağsu-Göyçay yolu üzərində yol boyu olan
obyektlərin xeyli hissəsi bunlara məxsusdur.
11. Ağsuda Ənvər Seyidəliyev tərəfindən, saxta dərmanlar istehsal olunur, rayonun apteklərində və qonşu rayonlarda satılır.
12.
Ənvər Seyidəliyev rayon icra hakimiyyətinin başçısı olan kimi, arxası
S. Müslümovun göstərişi ilə Ağsu rayonunun 16-kəndinin sovet dövründə
qurulmuş, meliorasiya borularını 2 metr 2. 5 metr dərinlikdən torpaqdan
çıxararaq satmışlar. Həmin kəndlərin torpaq sahələri heç bir şeyə
yaramadığı üçün, şoranlaşdığı üçün istifadəsiz qalıb.
13.
Ənvər Seyidəliyevin Ağsu şəhəri üçün Quzey kəndindən çəkdirdiyi deyilən
bulağın boruları Hacıqədirli və Ərəbmehdibəy kəndlərindən sökülmüş
meliorasiya borularıdır ki, həmin boruların əvəzində dövlət büdcəsindən
1.500.000 (bir milyon beş yüz min) manat pulu mənimsədi. Həmin çəkilən
bulağın suyu texniki su olduğu üçün heç nəyə yaramır.
14. Hər il Ağsuda 100 hektarlarla torpaq sahəsi Ə. Seyidəliyev tərəfindən əkilir ya əkilmir, amma subsidiyalar mənimsənilir.
15.
Səlim Müslümov və Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi
Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc,
və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyələr adından
satılmış və pulu mənimsənilmişdir.
16.
Bico kəndində, 120 ha torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində
isə 300 ha əhalinin pay torpaqları S. Müslümov və Ə. Seyidəliyev
tərəfindən 1 ha 2100 manata alınmışdır. Burada torpaq alqısı hələ də
davam etməkdədir.
17.
Girdiman çayında S. Müslümovun və Ə. Seyidəliyevin gün ərzində 350-400
ton daş-çınqıl istehsal edən daş karxanası vardır. Bu məhsullar rayona,
qonşu rayonlara, hətta Bakı şəhərinə satılır, ancaq dövlətə 1 manat da
olsa vergi verilmir.
18.
Ağsu şəhərində bardiyar sexi, üzdaşı sexi, tamet sexləri vardır. Bu
adamların gözü doymur, gördükləri işlərin də hamısı görünüş xatirinədir.
Hər il rayonun mərkəzi küçələrini sökdürür və özünə məxsus keyfiyyətsiz
üz daşı, bardiyar və tametləri dəyişib, xeyli pul mənimsəyirlər.
19. Rayonda olan bütün vəzifələr öz qohumlarının əlindədir. Kənar adamları yaxın qoymurlar.
20.
Cənab prezidentin Ağsuya səfəri zamanı 5-dağ kəndinə su çəkildiyini və
həmin kəndlərdə evlərə paylandığı, artıq istifadə olunduğunu deyərək ona
yalan məlumat verərək onu aldatmışlar. Ağsuda dayı bacıoğlunun hər işi
belədir.
21.
Bu oliqarxlar öz cinayət əməllərindən əl çəkmir, istədikləri adamı
öldürtdürə və şərləyə bilərlər. Ə. Seyidəliyevin vəzifədə olduğu dövrdə
11 nəfər Ağsulu müəmmalı şəkildə ölmüşdür. Ə. Seyidəliyevin oğlu Dəyanət
“cip”maşını ilə Şamaxı rayonunun Məlhəm kəndində uşaq vurub öldürdü.
Cinayət işi necə bağlandısa, indi də səsi-sorağı yoxdur.
22.
“Aqrolizinq” yolu ilə fermerlərə və ailə kəndli təssərrüfatlarına güya
750-800 ton mineral gübrə satılıb. Həqiqətən həmin gübrələr Kürdəmir
dəmir yolu stansiyasında Ə. Seyidəliyev tərəfindən satılıb və pulu
mənimsənilib. Bələdiyyə sədrləri və icra nümayəndələri vasitəsi ilə güya
gübrə kəndlilərə satılıb deyə sənədləşdirilib.
23.
Curuğlu kənd sakini, mərhum şəhid atası Heydərov Ələkbər Xeyrulla
oğlunun ürəyini partladıb, öldürdülər. Belə ki, şəhid Müşviqin ailəsi ev
tikilməsi adı ilə 83. 000 (səksən üç min manat) sənədləşdirib, pulunu
götürüblər. Faktiki olaraq evi yarımçıq qoyaraq, cəmi 3500 (üç min beş
yüz manat) pul veriblər. Ələkbər kişi bunu biləndə rayon icra
hakimiyyətinə gəlib, araşdırma aparanda ürəyi partlayıb dünyasını
dəyişdi. Mərhumu Ə. Seyidəliyev iki il imiş ki, get-gələ salıblarmış.
24.
Yalandan 6-ay bundan əvvəl xəbər verirlər ki, Gəgəli, Rəhmalı, Kəndoba
kəndlərinə qaz verildi. Ancaq indi Gəgəli kəndində yoxlanış üçün yanır, o
biri kəndlərə hələ yenicə qaz xəttləri çəkilir. Hesablamalara görə, S.
Müslümovun 7-10 (yeddi-on milyard manat) daşınmaz əmlakı və xarici
banklarda pulu vardır. Onun bacanağı və dayısı Ənvər Seyidəliyevin,
80-100 (səksən-yüz milyon) manat daşınmaz əmlakı və xarici banklarda
pulu vardır. Bu da öz növbəsində onu deməyə əsas verir ki, bu adamlar
ciddi şəkildə korrupsiya ilə məşğuldurlar.
Dövlər
başçısı məmurlardan vəzifələrini düzgün yerinə yetirməsini tələb edir.
Buna əməl etməyənlər, sui-istifadə edənlər, öz şəxsi maraqlarını
güdənlər isə ifşa olunaraq qanun qarşısında cavab verməli olacaqlar.
Varlı nazir və məmurlar dövlət və xalq üçün təhlükəlidir. S. Müslümov və
Ə. Seyidəliyevin hektarlarla torpaq sahələri, yüzlərlə biznes
obyektləri vardır. Ömründə bir kitab oxumayıb, fikrini sözlə ifadə edə
bilməyənlər, onun-bunun hesabına taxta çıxanlar, min bir hoqqa ilə
kiməsə torba tikməklə vəzifə sahibi olan Ə, Seyidəliyev hər fürsətdə
ağsuluları alçaldır, aşağılayır. Vəzifələrə dövlətə, millətə sədaqətli
olan şəxslər gətirilməlidir.Azərbaycan Respublikasının Prezidenti dövlət
qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət
göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla
yanaşılması, bu zaman ədalət prinsiplərinə əməl olunması ilə bağlı
müntəzəm çıxışlar edib, tapşırıqlar verir. Ancaq çox təəssüflər olsun
ki, Prezidentin bu sözlərinə Ağsuda qulaq asıb əməl edənlər yoxdur.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq. //bizimdovr.az//
Həmçinin oxuyun
Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO
“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …