Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Ziya Məmmədov İsveç prokurorluğuna təhvil verilməyəcək – Səbəb…

Ziya Məmmədov İsveç prokurorluğuna təhvil verilməyəcək – Səbəb…

“Həmin məmur, qanuna görə, cəzasını Azərbaycandakı cəzaçəkmə müəssisələrindən birində çəkməlidir”

İsveç prokurorlarının Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” rəsmi ittiham irəli sürməyə hazırlaşması maraqlı suallar ortaya çıxarıb.
Əgər isveçli istintaqçılar azərbaycanlı məmura ittiham irəli sürsələr, həmin məmurun aqibəti necə olacaq? Azərbaycan dövlətinin yerli məmuru İsveç prokurorluğuna təslim etmək kimi öhdəliyi varmı?
Ümumiyyətlə, bu işin istintaqı Azərbaycanda hansı qaydada aparılacaq?
Hüquqşünas Əkrəm Həsənov deyir ki, İsveç prokurorlarının irəli sürdükləri ittiham çox ciddidir və bu məsələnin beynəlxalq ailəmin diqqət mərkəzində olması ölkəmiz üçün də yaxşı heç nə vəd etmir: “İsveç prokurorlarının irəli sürdükləri ittiham üzrə azərbaycanlı məmurun cinayəti təsdiqini taparsa, həmin hökm Azərbaycan Ali Məhkəməsinə təqdim olunacaq. Ali Məhkəmə həmin hökmü tanımalıdır. Və ya Azərbaycanının hüquq-mühafizə orqanları istintaq aparıb işi məhkəməyə göndərməlidirlər”.
Hüquqşünas deyir ki, İsveç demokratiya və qanunun aliliyi hökmran olan bir dövlət olduğu üçün bu məhkəmənin çıxardığı hökmlərin də ədalətliliyinə şübhə olmamalıdır: “Əgər İsveç məhkəməsinin hökmündə yazılırsa ki, azərbaycanlı məmur rüşvətxordur, ən azı bizim hüquq-mühafizə orqanları bununla bağlı istintaq aparmalıdırlar. Aparmırlarsa, bunu niyə etmədiklərinin səbəbini izah etməlidirlər. Bu iş üzrə isə İsveç məhkəməsinin hökmünün olacağı gözlənilir. Yəni bu məsələnin üstündən sükutla keçmək mümkün olmayacaq. Rüşvət və korrupsiya ilə bağlı qanunla bütün dünyada demək olar ki, eynidir. Yəni istintaqın aparılması üçün də elə də ciddi bir maneə yoxdur. Aparılmasa, bütün sivil dünyada bu məsələ belə başa düşüləcək ki, Azərbaycan rüşvət və korrupsiyaya qarşı mübarizə aparmır”.
Hüquqşünas bildirir ki, Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” ittiham təsdiqlənsə, Azərbaycandan olan məmur cəzasını ölkə daxilində çəkməlidir: “Azərbaycan dövləti öz vətəndaşlarını digər dövlətə təhvil vermir. Əgər vətəndaş xarici dövlətin qanunlarına görə cinayət törədibsə, həmin cinayət məhkəmə hökmü ilə təsdiqlənibsə və Azərbaycan dövləti həmin əməli cinayət hesab edirsə, bu halda həmin vətəndaşı məhkəmə qarşısına çıxarıb məhkum etməlidirlər. Həmin məmur qanuna görə cəzasını Azərbaycandakı cəzaçəkmə müəssisələrindən birində çəkməlidir”.
Hüquqşünas deyir ki, külli miqdarda rüşvət almış məmuru 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir. Ə.Həsənov çıxarılacaq məhkəmə hökmünün tenderin nəticələrinə təsir etməyəcəyini, lakin tender komissiyasına qarşı iddiaların qaldırılmasına əsas verdiyini bildirib: “Tender keçirilərkən tenderə qatılmış şirkətlər tender komissiyasına qarşı iddia ilə çıxış edə bilər. Əldən çıxmış fayda, tenderə hazırlıqlara xərclənən pul vəsaitlərinin tender komissiyasından tutulmasını və onların hesablarına köçürülməsini məhkəmə qaydasında tələb edə bilərlər. Ümumilikdə isə artıq işlərin görülməsi ”Bombardier” şirkətinə tapşırılıb və görülən işə hər hansı bir irad yoxdursa, şirkət sona qədər öhdəliklər üzrə işləri başa çatdırmalıdır”.
İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın nəticələrinə əsasən “Bombardier” şirkəti əməkdaşı digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün Azərbaycan məmurunu ələ alıblar. Hələlik həmin məmurun adı açıqlanmır. Bundan əvvəl isə mətbuatda İsveç Baş Prokurorluğunun apardığı təhqiqatda adı hallanan məmurlar kimi Ziya Məmmədov və Arif Əsgərovun adları ehtimalla çəkilirdi.
Yada salaq ki, “Bombardier” şirkətinin adı qarışan beynəlxalq rüşvət qalmaqalı 1 ildən artıqdır ki, dünya mediasının gündəmindədir. Sabiq şefi kimi işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun adı İsveçin “Bombardier” şirkətinin adı keçən 56 milyonluq yeyintidə hallanırdı. 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı daim böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdi. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Bu məsələ haqda “Yeni Müsavat” yazandan sonra A.Əsgərov üzə çıxdı və dedi ki, onu bu iş üzrə istintaqa çağırmayıblar. Bu qalmaqallı olayın toz-tozanağı yatmamış, İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.
Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən, şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200″ siqnal sistemlərini quraşdırmalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə ”İnterflo 200″ siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib. Həbs olunan Yevgeni Pavlovdur.
Onun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar.(musavat.com)

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …

Bir cavab yazın