Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Zindandakı bankir Cahangir Hacıyev ədalət istəyir: “Pənahımızı bura gətirmişik ki…”

Zindandakı bankir Cahangir Hacıyev ədalət istəyir: “Pənahımızı bura gətirmişik ki…”

Beynəlxalq bankı xortumlayıb, boşaldan dəstənin apelyasıya məhkəməsi başladı 
Sabiq bankir Cahangir Hacıyev və onunla birlikdə həbs edilən şəxslərin Bakı Apelyasiya Məhkəməsində barələrində olan hökmdən şikayətlərinə baxılıb. 
Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sabiq sədri Cahangir Hacıyev onunla birlikdə həbs edilmiş Fındıq Emalı Zavodunun keçmiş direktoru Azad Cavadov, Beynəlxalq Bankın keçmiş filial müdirləri Məmməd Cahangirov, Yusif Ələkbərov və Beynəlxalq Bankın strukturlarının mühafizəsini həyata keçirən “İnterSecurity” MMC-nin sabiq rəhbəri İbrahim Hüseynov növbəti dəfə hakim qarşısına çıxarılıb.
Dekabrın 9-da Bakı Apelyasiya Məhkəməsində onların şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Cahangir Hacıyevin vəkilləri bir neçə vəsatətlə çıxış ediblər.
Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bankirin və o biri təqsirləndirilən şəxslərin zaldakı səskeçirməyən şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsinə şərait yaradılmasını istəyib. Müdafiəçiləri ilə məsləhətləşmə imkanının olmadığını deyən vəkilin bu istəyi təmin edilməyib.
Fəxrəddin Mehdiyev Cahangir Hacıyevin əməlində cinayət tərkibi olmadığını deyərək cinayət işinə xitam verilməsini istəyib.
C.Hacıyev və digərlərinə qarşı açılan cinayət işi və baş tutan məhkəmə zamanı ədalət mühakiməsinin prinsiplərinin pozulduğunu deyən vəkil işə qanun əsasında, ədalətlə baxılmasını istəyib.
“Lap başdan olduğu kimi, bu gün də Cahangir Hacıyevə qarşı ciddi qərəz hiss olunur. Cahangir Hacıyev 38 gün qanunsuz olaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Müdafiə tərəfinin məhkəməyə müraciətindən sonra oradan istintaq təcridxanasına köçürülüb. Həyat yoldaşına qarşı əsassız cinayət işi başlanıb, bacısının ölkədən çıxışına məhdudiyyət qoyulub. Biz ilk gündən demişik ki, bu işlərin başında Maliyyə Nazirliyi durur. Amma Maliyyə Nazirliyi məhkəmənin gedişində açıqlama yayıb, gah 3, gah da 6 milyard vəsaiti Cahangir Hacıyevin ölkədən çıxartdığını bildirir. Ümumiyyətlə, Cahangir Hacıyevə münasibətdə addımbaşı təqsirsizlik prezumpsiyası pozulub”- deyə vəkil çıxışına əlavə edib.
Sabiq bankirin digər vəkili Aqil Layıcov da çıxış edib.
O, apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (sənədlərin, əlavə sübutların tədqiqi, şahidlərin dindirilməsi) baxılması haqda vəsatət qaldırıb. Vəkil deyib ki, Beynəlxalq Bank işinə Bakı Ağır Cinayətlər Məhkəməsində düzgün baxılmayıb.
“Məhkəmədə qaldırdığımız 30-a yaxın vəsatətin heç biri təmin olunmayıb. Məhkəmə ittiham aktını hökmə köçürüb, hətta riyazi hesablamalar da aparmayıblar. 24 cildlik iş materiallarındakı sənədlər cəmi 3-4 saata elan olundu. Bu isə mümkünsüzdür. Bunun üçün də biz istəyirik ki, şikayətimizə mütləq şəkildə məhkəmə istintaqı aparılmaqla baxılmalıdı”- deyən Aqil Layıcov digər bir vəsatətində Cahangir Hacıyev barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.
 
Məhkəmədə Cahangir Hacıyev də çıxış edib. O da işə ədalətli şəkildə baxılmasını istəyib və çıxışına əlavə edib: “Bu iş üzrə ibtidai istintaq aparılmayıb. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsində də faktiki istintaq aparılmadı. Ona görə pənahımızı bura gətirmişik ki, bəlkə siz aparasız…”
Məhkəmə qısa müşavirəyə yollanıb. Sonra vəsatətlərin heç birinin təmin olunmadığını açıqlayan məhkəmə onun da elan edib ki, apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılacaq.
Məhkəmə baxışı dekabrın 23-nə təyin olunub.
Xatırladaq ki, Beynəlxalq Bankda milyonlarla manat vəsaitin mənimsənilməsində təqsirləndirilən Cahangir Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay 9 gün, Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il müddətinə, Məmməd Cahangirov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. (Musavat.com)

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın