Ana səhifə / Araşdırma / Zamirə Hacıyevanın 21 milyon dollarlıq alış-veriş etdiyi Harrods dükanı haqqında 5 fakt

Zamirə Hacıyevanın 21 milyon dollarlıq alış-veriş etdiyi Harrods dükanı haqqında 5 fakt

Bahalı satışları və yaşıl torbaları ilə tanınan Londonun məşhur Harrods dükanı, dünyada ən böyük və ən tanınmış alış-veriş mərkəzlərindən biridir.

Yeddi mərtəbəli Harrods dükanında dəbdəbəli və gündəlik istifadə olunan əşyalar satılır. Dükanda əsasən imkanlı, zəngin insanlar alış-veriş edirlər.

Bu günlərdə isə onun adı daha çox Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ilə hallanır.

Image result for Zamirə hacıyeva

Xanım Hacıyevanın 10 il ərzində burada 16 milyon funt sterlinq (35.85 milyon manat) xərclədiyi bildirilir.

“Hər şey insanlar üçün, hər yerdə”

Dükan hər il dünyanın müxtəlif yerlərindən, təxminən, 15 milyon müştəri cəlb edir. Onun devizi isə Omnia Omnibus Ubique – yəni “Hər şey insanlar üçün, hər yerdə”dir.

Londonun zəngin Knightsbridge rayonunda yerləşən dükanın əsası 1849-cu ildə Charles Henry Harrod tərəfindən qoyulub. İlk günlərdə dükanın sadə bir otağı olub və iki satıcı işləyib. Həmin vaxtlar dükanda əsasən çay və ərzaq məhsulları satılırdı.

1880-ci ildə isə Harrods artıq genişlənmiş univermaq idi və orada dərman məhsullarından tutmuş, ətir, geyim və ərzağa qədər müxtəlif məhsullar satılırdı. Onun müştəriləri isə əsasən varlılar idi.

Yanğından sonrakı Harrods

Onun daha da genişlənməsinə isə 1883-cü ildə baş vermiş yanğın mane olur. Yanğından sonra onun binası tamamilə dağılır. Bu isə dükanın sahiblərini həvəsdən salmır. Onlar dükan üçün hazırda da fəaliyyət göstərən binanı inşa etdirirlər.

Harrods 1889-cu ildə ictimai şirkətə çevrilir. 1890-cu ilə qədərsə onun nəzdində bank və əmlak agentliyi yaradılır. Bundan başqa dükanın bir şöbəsində 1970-ci illərə qədər ekzotik ev heyvanları satılıb.

Dünyanın ilk eskalatorlarından biri də 1898-ci ildə məhz Harrodsda quraşdırılıb.

Müharibə dövrünün dükanı

II dünya müharibəsi illərində dükan dəbdəbəli malların satışını dayandıraraq, uniformaların və paraşütlərin istehsalına başlayır.

Müharibə zamanı Harrodsun binasına V2 roketi düşür.

Müharibədən sonra 1959-cu ildə isə onu daha bir tanınmış univermaq qrupu olan House of Fraser alır.

Məhəmməd Əl-Fayed dövrü

1985-ci ildə dükanı misirli iş adamı Məhəmməd Əl-Fayed və qardaşı Əli alır. Onlar House of Fraserə bunun üçün 615 milyon funt sterlinq ödəyirlər.

Harrods iki dəfə İrlandiyanın İRA silahlı qruplaşması tərəfindən bomba hücumuna məruz qalıb. 1983-cü ildə yaxınlıqda avtomobilin partlaması nəticəsində altı nəfər həlak olub, 75 nəfər yaralanıb.

1993-cü ildə isə dükanın qarşısındakı zibil qabında bomba partlaması zamanı dörd nəfər xəsarət alır.

Dükan 1989-cu ildə mübahisələrə səbəb olan bir addım atır. Dükanda açıq-saçıq və çimərlik paltarları, velosiped sürərkən geyinilən ətək və sandal geyinmək qadağan edilir.

2000-ci ilə qədər Harrods imperiyası daha da genişlənərək aeroport və QE2 kruiz gəmisində dükanlara sahib olur.

Misir otağı, Dodi və şahzadə Dianaya abidə…

Cənab Əl-Fayed dükana özünəməxsus əlavələr edib. Onların arasında diqqət çəkəni Misir otağı olur. Burada onun bir neçə büstü yerləşdirilir.

Oğlu Dodi və Şahzadə Diananın avtomobil qəzasında həlak olmasından sonra o, 1997-ci ilin avqust ayında cütlüyün xatirəsinə abidə qoyub.

2010-cu ildə cənab Əl-Fayed Harrodsu 1.5 milyard funt sterlinqə (təxminən 1.9 milyard dollar) Qətər kral ailəsinə satır.

Hazırda dükanda təxminən 4000 işçi çalışır (BBC Azərbaycan)

https://www.bbc.com/azeri/other-news-45813894

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …