Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Araşdırma / “Zaminbank” filial müdirinin qətlinə səbəb – İnsidentin videosu

“Zaminbank” filial müdirinin qətlinə səbəb – İnsidentin videosu

Ötən il aprelin 21-də “Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirilməsinə səbəb olan hadisənin videosunu əldə etmişik.

Qətldə təqsirləndirilənlərdən biri, Mövlud Səfərovun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müstəntiq və məhkəmə tərəfindən qeyd olunanlarla videogörüntü arasında ziddiyyət var:

“Hazırkı videodan açıq-aşkar görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Cavid Abbasov tərəfindən tərtib edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən əsas götürülərək hökmdə istinad edilmiş «kompyüter texnikasında kompakt diskə baxış keçirilməsi barədə» 30 iyun 2015-ci il tarixli protokolun məzmunu faktiki olaraq video ilə uyğunsuzluq təşkil edir və protokol müstəntiq tərəfindən təhrif edilib”.

Adıçəkilən protokolda təqdim edilən videomaterial ilə bağlı qeyd olunub ki, guya «21.04.2015-ci il tarixdə saat 19:16:01 saniyədə İdman klubunun zalındakı idman döşəyinin üzərində (tatami) ayaqlarında ayaqqabı olan Mövlud Səfərov və Sənan Quliyev görünür, onlar tatami üzərində idman hərəkətləri edirlər. Bu ərəfədə döşəyin üzərində Ruslan Əfəndiyev, Azər Məmmədov, Ceyhun Nacıyev və digər şəxs də görünür, onlar da idman hərəkətləri ilə məşğul olurlar. Ruslan Əfəndiyevin Mövlud Səfərova və Sənan Quliyevə irad tutaraq tatami üzərinə ayaqqabı ilə çıxmalarının yolverilməməzliyi ilə bağlı iradının bildirməsi hiss olunur. Saat 19:16:18 saniyədə tatami üzərində olan Mövlud Səfərovun ayaqqabılarını Ruslan Əfəndiyev ayaqları ilə itələyib tatamidən kənara çıxarır, Azər Məmmədovun isə Ruslan Əfəndiyevə yaxınlaşması görünür.

Saat 19:17:16 saniyədə Mövlud Səfərin ayağındakı ayaqqabı ilə yenidən tatami üzərinə çıxması və bu ərəfədə Azər Məmmədovun ona yaxınlaşıb ayaqqabı ilə tatami üzərinə çıxmasına yenidən irad bildirməsi, Ruslan Əfəndiyevin və Ceyhun Nağıyevin də Mövlud Səfərova yaxınlaşaraq iradlar bildirmələri görünür. Sonra Ruslan Əfəndiyev, Azər Məmmədov və Ceyhun Nağıyev Mövlud Səfərovdan aralanaraq tatami üzərində idmanla məşğul olmaları görünür və bu proses saat 19:18:07 saniyəsinə kimi davam edir.

Vəkil isə qeyd edib ki, mərhum Azər Məmmədov ümumiyyətlə həmin zaman idman zalında olmayıb: “Onunla Sənan Quliyev və ya Mövlud Səfərov arasında heç bir sözlü mübahisə baş verməyib, Ruslan Əfəndiyevdən başqa nə Azər Məmmədov, nə də ki, digər şəxslər tərəfindən Sənan və ya Mövluda irad bildirilməyib. Bundan başqa, videodan görünür ki, Sənan Quliyev və Mövlud Səfərovun hərəkətlərində hər hansı bir aqressiya yoxdur, Ruslan Əfəndiyev isə Mövluda idman klubunda verilmiş steril çəkələkləri təpiklə vurub kənara atır, sonra isə əl-qol hərəkətləri ilə Mövlud Səfərova qarşı aqressiv hərəkətlər edir, bununla da, özünün üstünlüyünü nümayiş etdirir”.

Müdafiəçi Cavid Rzazadə hesab edir ki, videonun məzmunundan fərqli qeydlərin «kompyüter texnikasında kompakt diskə baxış keçirilməsi barədə» 30 iyun 2015-ci il tarixli protokolda əks etdirilməsi, yəni görüntülərin faktiki təhrif edilərək protokolda göstərilməsi Sənan Quliyev və Mövlud Səfərovun guya xuliqanlıq hərəkətlərinə yol verdiklərini nümayiş etdirmək, onlarla mərhum Azər Məmmədov arasında guya mübahisə olduğunu göstərmək, habelə Ruslan Əfəndiyevin xuliqan davranışını pərdələmək məqsədi daşıyıb.

Məhz bu səbəbdən nə ibtidai istintaq orqanı, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən videomaterialın surəti çoxsaylı vəsatətlərə baxmayaraq, müdafiə tərəfinə təqdim edilməyib”.

Qeyd edək ki, qətldə Sənan Quliyev və Mövlud Səfərov təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da əlavə edək ki, hadisənin baş verməsinə Sənan Quliyev və Mövlud Səfərovun ayaqqabı ilə tatami üzərinə çıxması, Ruslan Əfəndiyevin isə bunu onlara irad tutması səbəb olmuşdu. Buna görə başlanan mübahisə sonda qətllə nəticələnmişdi.

“Qafqazinfo” qətlin baş verməsinə səbəb olan insident anının videosunu əldə edib. Videogörüntünün tam mətnini, qətlin baş vermə anını yaxın günlərdə təqdim edəcəyik.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın