Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Yüksək bal toplayan abituriyentlər niyə hüquq, tibb kimi ixtisasları seçir?

Yüksək bal toplayan abituriyentlər niyə hüquq, tibb kimi ixtisasları seçir?

Azərbaycanda iyulun 24-dən 2019-cu il üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi başlayır. İxtisas seçimi avqustun 6-dək davam etdiriləcək, Dövlət İmtahan Mərkəzi bildirib.

Təhlilçilərə görə, qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər daha çox hüquq və ya tibb kimi ixtisasları seçir.

Bu ixtisasların illik təhsil haqqının digər sahələrə nisbətən baha, 4000-4500 manat olduğunu nəzərə alınarsa, bu sahələrə axının səbəbləri nədir?

“Atası gör necə yaxşı uşaq böyüdüb ki, gedib hüquq oxuyur”

Qəbul imtahanında 534 bal toplayan Arif Zeynalov (ad şərtidir) hesab edir ki, hüquq sahəsinə axının başlıca məqsədi pul qazanmaq istəyidir.

“İnsanlar arasında “filankəsin qızı, yaxud oğlu hüquqda, yaxud tibbdə oxuyur, deməli, çox savadlı, tərbiyəlidir. Atası gör necə yaxşı uşaq böyüdüb ki, gedib bu cür ixtisaslar oxuyur” kimi düşüncə tərzi var. Bununla da nəsildə hörmət qazanmaq məqsədi güdən valideynlər övladlarını hüquq və tibb kimi sahələri seçməyə məcbur edirlər”, – o deyir.

Arif Zeynalov özü isə hüquq fakültəsində oxumaq istəyini bu sahəyə ehtiyac olduğunu görməsi ilə əlaqələndirir.

“Hazırda bir çox dövlət müəssisələrində, ya da adicə hansısa sənədləşmə ilə məşğul olan yerlərdə vətəndaşlardan qanunsuz şəkildə pul, rüşvət alınır. İnsanlar hüquqlarını öyrənsələr, belə şeylərin qabağını ala bilərlər”, o, əlavə edir.

“Qız uşağısan, səni kimdir orada oxudan?”

Zeynəb Əliyeva qəbul imtahanında yüksək bal toplayan abituriyentlərdən biridir.

Zeynəb deyir ki, hüququ seçməyinin əsas səbəbi atasının ixtisasını davam etdirmək, ona bənzəmək istəyidir.

“Əslində sənədlərimi Polis Akademiyasına verməyi düşünürdüm, amma ailəm buna o qədər də razı olmadı”.

Onun hüququ seçməsinin səbəbi isə, öz təbirincə, bu peşənin prestijli olmasına görə deyil.

“İnsanların “sən qız uşağısan, müəllimliyə ver. Müəllimlik qızlar üçün ən uyğun ixtisasdır. Hüquqda səni kimdir oxudan?” kimi fikirlərinin yanlış olduğunu sübut etmək üçün bu ixtisası istəyirəm. Onların, əslində səhv düşündüklərini göstərməliyəm”, – Zeynəb Əliyeva bildirib.

Valideynlərin “övlad qayğısı”

1-ci qrup üzrə 637 bal toplayan Murad Təhməzov xaricin ölkələrdən birində kompüter elmləri ixtisasına yiyələnmək istəyir.

“Əgər hüququ seçsəydim, bunun əsas səbəbi insan haqlarına, hüququn üstünlüyünə olan sarsılmaz inamım və bağlılığım olardı. Bu məsələlər üzrə isə ölkəmiz hələ çox yol qət etməlidir”,- o bildirib.

17 yaşlı Murad deyir ki, hüquqa və ya tibbə üstünlük verilməsinin əsas səbəbləri, həmin peşələrin insanlar arasında müəyyən prestijə sahib olması və maddiyyatdır.

O bu məsələdə valideynləri ittiham edir.

“Müəyyən mənada sürü psixologiyası da deyə bilərik. Burada, əlbəttə ki, yaşın gətirdiyi ehtiyatlılıq da rol oynayır. Hüquq və tibb isə daha sabit peşələrdir. Ancaq valideynlərin “övlad qayğısı” övladların istək və planlarına hörmətsizliyə, təzyiqə gətirib çıxarmamalıdır. Bu, qəbuledilməzdir”, gənc deyir.

Təhsil üzrə təhlilçi Kamran Əsədov da BBC News Azərbaycancaya müsahibəsində ixtisas seçimində valideynlərin övladlarının ixtisas seçiminə çox müdaxilə etdiyini düşünür.

Onun sözlərinə görə, bəzən valideynlər övladlarına elə ixtisası tövsiyə edirlər ki, tələbələr ali məktəbi başa vurduqdan sonra heç bu ixtisas üzrə iş tapa bilmirlər.

Təhlilçi onu da qeyd edir ki, hazırda 164 min tələbə ali təhsil müəssisələrində təhsil alır, hər il isə minimum 45 min tələbə qəbul olur.

“Onların da yalnız 42 faizi 4 ildən sonra işlə təmin olunur”, – cənab Əsədov əlavə edib.

“İnformasiya təhlükəsizliyi, nanotexnologiya kimi sahələr müasir dünya üçün olduqca vacibdir. Bu gün alternativ enerjiyə keçid zamanında biz gəncləri yeni neft-qaz ixtisaslarına yönəldirik”, – Kamran Əsədov bildirib.

Kamran Əsədov onu da deyir ki, əmək bazarında aldıqları bakalavr təhsilinə ehtiyac olmadığını görən tələbələr məhz bu səbəbdən magistr üçün xaricdə dövlət və ya iqtisadi idarəetmə, insan resursları kimi sahələrə yönəlirlər.

“Çünki onlar iki ixtisasla əmək bazarında özlərini daha çox işlə təmin etmiş olurlar”, təhlilçi müşahidələrini bölüşür.

Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsasən, təhlilçi Kamran Əsədov deyir ki, 560-dan bal toplayanlar hüquq və tibb kimi ixtisaslara üz tutur.

DİM-in rəsmi “Abituriyent” jurnalında yazılıb ki, 2018-2019-cu tədris ili üzrə Bakı Dövlət Universiteti, Azərbaycan respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyası, ADA, Milli Aviasiya Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin hüquq fakültələrinə 472 yer verilib.

2018-2019-cu illər üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ödənişli təhsil almaq üçün illik 4500 manat lazımdır, ADA-da isə ingiliscə hüquqşünaslıq ixtisasına yiyələnmək 6500 manatdır. Bu ixtisas ən ucuz NDU-da təklif olunub.

Tibb ixtisasları arasında isə ən bahalısı müalicə işidir. İlliyi 4500 manat olan bu ixtisas üçün 460 yer, illiyi ayrı-ayrılıqda 4000 olan stomatologiya, tibbi profilaktika və əczaçılıq ixtisasları üzrə birgə 85 yer ayrılıb. Bu ixtisaslar üzrə Naxçıvan Dövlət Universitetində də, ümumilikdə, 80 yer ayrılıb. Bu universitetdə təhsilin illik qiyməti 1800-2200 manat arasındadır. (BBC)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …