Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Yollar açıldı, hotellərdə yer yoxdur

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah şəhərlərarası və rayonlararası hərəkətə icazə verib. Paytaxt sakinləri karantinin yumşalmasından istifadə edərək həftə sonları rayonlarda dincəlmək üçün hotelləri bron edib. Bir aydan artıq davam edən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasından sonra əhali rayonlarda istirahət yerləri və hotellərə üz tutub. 

“Qafqazinfo” bölgələrdəki hotellərdə vəziyyət, bron səviyyəsi ilə maraqlanıb. Məlum olub ki, hotellərin bəzilərində artıq həftə sonları üçün bütün yerlər bron olunub. Yalnız həftəiçi bəzi günlər üçün boş yerlər qalır. Həm də, bütün ölkədə bağlı olan açıq və qapalı hovuzlar, sauna və hamamlar hotelə gələnlərin üzünə açıqdır.

Məsələn, Şabran rayonunda yerləşən “Qalaaltı” hoteldə şənbə və bazar günləri üçün əsas binada yer yoxdur. Həftəsonunu məhz bu hoteldə keçirməkdə iddialı olanlar yalnız aşağıdakı binada yer tapa bilərlər. Hoteldən verilən məlumata görə, gündə iki dəfə qidalanma şərti ilə iki nəfərlik otağın qiyməti 179 manat, 3 dəfə qidalanma daxil qiymət isə 219 manatdır. Bura SPA xidmətləri – sauna, türk hamamı, fitnes-trenajor mərkəzi və qapalı hovuz daxildir. 

“Şamaxı Palace” hoteldə şənbə və bazar günləri üçün yer yoxdur. Hoteldə yanvar ayı üçün yalnız həftəiçi yer tapmaq mümkündür. Həftəiçi iki nəfərlik otağın qiyməti 178 manatdır. Qiymətə səhər yeməyi və SPA xidmətləri daxildir. 

Həftəsonu “Şahdağ” hoteldə də bütün yerlər rezerv olunub. Hoteldə həftəiçi yer tapmaq olar ki, burada da qiymət gündən asılı olaraq dəyişir. Məsələn, yanvarın 29-u iki nəfərlik otağın qiyməti 300 manatdır. Məbləğə səhər yeməyi, SPA xidmətlərindən isə türk hamamı, idman zalı, hovuz və sauna daxildir. 

Qəbələ rayonunda yerləşən “Tufandağ” hoteldə də həftə sonu yer tapmadıq. Yalnız fevral ayına iki nəfərlik standart otaq var idi ki, onun da qiyməti 158 manatdır. Bura səhər yeməyi və SPA xidmətlərindən istifadə daxildir. 

Müraciət etdiyimiz hotellər arasında həftəsonu hələ ki, yalnız “Quba Palace” və “Marxal” hoteldə yer tapa bildik. “Quba Palace” hoteldə dağ mənzərəli otağın qiyməti 190 manat, göl mənzərəli otağın qiyməti isə 210 manatdır. Qiymətə səhər yeməyi və SPA xidməti daxildir. Həftəiçi isə qiymətlər həftəsonuna nisbətən ucuzdur. Məsələn, həftəiçi bu hoteldə iki nəfərlik otağın qiyməti 130 manatdır. 

Şəki rayonunda yerləşən “Marxal” hoteldə yanvar ayının 30-31-i iki nəfərlik eyvansız otaq 100, eyvanlı isə 120 manatdır. Bura yalnız səhər yeməyi daxildir. Qeyd edək ki, əlaqə saxladığımız hotellər arasında yalnız bu hoteldə hovuz və SPA mərkəzinin karantinlə əlaqədar bağlı olduğunu öyrəndik. Lakin hoteldə restoran və çay evi fəaliyyət göstərir. 

Karantindən qurtulub dincəlmək istəyənlər hotelin bütün xidmətlərindən sərbəst istifadə edə bilərlər. 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə bu il dekabrın 14-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilirdi.  

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …