Şənbə , Yanvar 23 2021
Ana səhifə / Araşdırma / Yevlaxın keçmiş polis rəisi öz qohumlarına “atıb”

Yevlaxın keçmiş polis rəisi öz qohumlarına “atıb”

Fəxrəddin Həsənov: “Natiq Məşədiyev həyat yoldaşımı öz otağında qəbul edərək, bu işi yalnız pulla həll etmək mümkün olduğunu demişdi…” Redaksiyamıza Qazaxdan daxil olmuş növbəti şikayət məktubunda, yenidən ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarını təmsil edən bəzi məmurların özbaşınalıqlarından edilən şikayətlər öz əksini tapmışdır. Vətəndaş Həsənov Fəxrəddin Sadıq oğlu iddia edir ki, bir tərəfdən onun oğlu haqsız olaraq həbs edilmişdir. Digər tərəfdən də, müxtəlif instansiyalarda onu və həyat yoldaşını aldadaraq, onların külli-miqdarda pullarını alıblar. Bu səbəbdən də, Fəxrəddin Həsənov artıq son ümid yeri olaraq, məsələnin həlli üçün birbaşa ölkə rəhbərliyinə müraciət etmişdir. Surəti redaksiyamıza təqdim olunmuş ərizədə deyilir: “Yazıb diqqətinizə çatdırıram ki, oğlum Emil Həsənov 2011-ci ildə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Səbəb isə bu olmuşdu ki, oğlumun tanışları Ucarda yerləşən və icarə əsasında işlətdikləri kafedə insan alverilə məşğul olmaqda ittiham olunurdular. Bu ittihamın nə dərəcədə əsaslı olması barədə heç nə deyə bilmərəm. Lakin məsələ bundadır ki, mənim oğlum sadəcə öz tanışlarının işlətmək üçün kafe axtardığını bidiyindən, onlara həmin obyekti tövsiyyə etmişdi və bundan sonra kafenin işləməsində heç bir iştirakı olmamışdı. Lakin, buna baxmayaraq ona qarşı da ittiham irəli sürüldü. Bundan sonra, həyat yoldaşım köməklik göstərməsini xahiş etmək üçün öz qohumumuz olan və həmin vaxt Yevlax RPŞ-nin rəisi işləyən Natiq Məşədiyevə müraciət etmişdi. Qeyd edim ki, Natiq Məşədiyev keçmiş MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin də yaxın qohumudur. Öz növbəsində Natiq Məşədiyev həyat yoldaşımı öz otağında qəbul edərək, bu işi yalnız pulla həll etmək mümkün olduğunu demişdi.

Guya ki, qohum olduğumuza görə, bu işi ucuz həll edəcəyini deyən Natiq Məşədiyev yoldaşımı Ucar RPŞ-nin baş müstəntiqi (2011-ci ildə), polis mayoru Nazim Əhmədovun yanına göndərmiş və ona polis rəisinə, bir də hakimə çatdırmaq üçün müstəntiqə 2000 (iki min) manat verməyi tapşırmışdı. Həqiqətən də bizdən 2000 manatı aldıqdan sonra, oğlumu buraxdılar. Lakin, sən demə Natiq Məşədiyevin öz planları varmış və bu plana əsasən o, bizdən hələ çox pul almaq niyyətindəymiş. Bu hadisənin üstündən bir ay keçəndən sonra, artıq bu dəfə Ucar məhkəməsinin hakimi Çingiz İsgəndərovun qərarı ilə oğlumu yenidən həbs etdilər. Bu zaman yenidən Natiqin yanına gedən həyat yoldaşım hətta onun yadına saldı ki, hələ sovet dövründə Natiq Məşədiyevin atası Qazaxda yeyinti üstündə həbs olunmuşdu və o zaman məhz mənim qaynanam, rayon məhkəməsində işləyən Dilarə Baratzadə Natiqin atasını məhkumluq həyatı yaşamaqdan qurtarmışdı. Yenə də Natiq Məşədiyev hakimlə aramızda vasitəçilik etdi. Bu dəfə hakimə vermək üçün 4000 (dörd min) manat ödəməli olduq və oğlumuzu sərbəst buraxdılar. (Bizimdovr.az) Nəhayət 2015-ci ildə oğlumuzu artıq üçüncü dəfə həbs etdilər. Həm də məhz elə Çingiz İsgəndərovun qərarı ilə. Bu dəfə isə, oğluma 3 il azadlıqdan məhrum etmə hökmü oxudular. Maraqlıdır ki, əslində kafeni işlədən digər şəxslərin hər birindən 7000 (yeddi min) manat alıb, hamısını buraxmışdılar. Məcbur olub Çingiz İsgəndərova əlavə olaraq, daha 2000 manat pul verdik. Bizə dedi ki, işi göndərəcək Şirvan Apellyasiya Məhkəməsinə və biz də gərək orda 7000 manat hakim İsmayıl Əhmədova və 1000 manat da vəkilə ödəyək ki, oğlumuzu buraxsınlar. Belə də etdik. Deyilən pulları tapıb verdik. Bundan sonra Emilə 1il şərti iş kəsdilər. Lakin 5 aydan sonra, prokurorun verdiyi protest əsasında işə yenidən baxılmalı oldu. Natiq Məşədiyev bizə dedi ki, bu protestin verilməməsi üçün prokurora 10000 (on min) manat verməliyik. Lakin bizim artıq buna imkanımız olmadı. İşə Ağır Cinayətlər Məhkəməsində baxıldı və oğlumuza 8 il 6 ay iş kəsildi. Hal-hazırda isə, iş Bakı Apellyasiya Məhkəməsindədir. İşi hakim İlqar Murquzov aparır. Qeyd edim ki, İlqar Murquzov bizə ikitərəfli, yəni həm mənə, həm də həyat yoldaşıma qohumdur. Bununla belə, o da bizə köməklik göstərmək üçün bizdən guya ki, məhkəmənin sədrinə vermək üçün böyük məbləğdə pul istəyir. Bizim isə, artıq pulumuz yoxdur…”
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Teref.info

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …

Bir cavab yazın