Ana səhifə / Araşdırma / Yeni “neft şoku” təkrarlana bilərmi? – Ekspert açıqladı

Yeni “neft şoku” təkrarlana bilərmi? – Ekspert açıqladı

Neftin dünya bazar qiymətinin aşağı düşməsi qlobal təklif artıqlığı ilə bağlı olsa da, dünya iqtisadiyyatındakı geriləmələr də qara qızıla tələbi azaltmaqla yanaşı, bazara psixoloji təsirlər etməkdədir.

Axar.az xəbər verir ki, bu sözləri neftin qiymətindəki azalmaların davam edib-etməyəcəyinə dair məsələyə münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, gözlənildiyi kimi, neftin qiymətində azalmalar davam etməkdədir:

“Oktyabrın əvvəllərində “Brent” markalı neftin bir bareli 86 dollardan baha satılanda neftin qiymətinin yüksək olsa da, dayanıqlı olmadığını və yaxın zamanlarda 70 dollardan aşağı düşməsinin gözlənildiyini bildirmişdik. İrana tətbiq edilən sanksiyaların yeni mərhələsində ABŞ-ın 8 ölkəyə “yandırdığı yaşıl işıq” da göstərdi ki, okeanın o tayında neft bazarındakı siyasi dalğalanmaları belə tənzimləyə bilir. Oktyabrdan bəri 20 faizə yaxın dəyər itirən “qara qızıl”ın qiymətinin hətta indiki intervalda stabilləşəcəyinə inananların sayı azalıb”.

İqtisadçı 2014-cü ilin “neft şoku”nun yenidən təkrarlanıb-təkrarlanmayacağı haqda da danışıb:

“Qiymət azalmaları məhz Çin birjalarında səhmlərin qiyməti aşağı düşməyə başladıqdan sonra sürətləndiBu, qlobal böhran və bu kontekstdən neftə tələbin kəskin azala biləcəyi mesajı idi. ABŞ-ın 8 ölkəyə İran neftini idxal etməkdə istisna tətbiq etməsi də sanksiyaların neft bazarında qıtlıq yaradacağı ilə bağlı gözləntilərin üstündən xətt çəkdi. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçüncü rübündə neftə olan gündəlik tələb 99.8 milyon barrel, təklif isə 100.74 milyon barrel olub. Rəqəmlərin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir.

Dünən “JP Morqan” şirkəti “Brent” markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər barreldə 10 dollar aşağı salıb. 2019-cu ildə neftin qiymətinin 83 dollar olacağını düşünən “JP Morqan” ekspertləri indi 73 dollar olacağını proqnozlaşdırırlar. Amma qiymət azalmaları davam edəcəyi halda gələn il üçün proqnozun daha da azaldılacağı istisna edilmir. Qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin “dadını çıxartmağa” səsləyən Tramp, əslində, ABŞ-ın adını da öz tvitində qeyd etməli idi. 2018-ci ildə hasilatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib. Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı da proqnozlaşdırılır.

OPEK 2014-cu il “neft şokunun” təkrarlanmasına imkan verməməyə çalışsa da, neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir. Digər tərəfdən neftin bir barrelinin daha 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Əslində, gələn il neft bumu proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdır. Doğrudur, OPEK+ gələn ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır. Amma hələlik bu potensial məhdudiyyətlər də bazardakı vəziyyətin kardinal dəyişməsi üçün yetərli deyil”.

V.Bayramov qeyd edib ki, neft bazarında volatilliyin yüksək olduğunu nəzərə alsaq, 2019-cu il üçün Azərbaycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur:

“Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlirlərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədəuyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa belə, il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür. Buna görə də büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır”.

İqtisadçının sözlərinə görə, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxınlaşmır:

“Bütün hallarda Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yol olaraq qalmaqdadır”.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …