Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Araşdırma / “Yaşıl bazar”da kütləvi dini mərasimlər təşkil olunur: Qanun nə deyir? – Ekspertlər danışır

“Yaşıl bazar”da kütləvi dini mərasimlər təşkil olunur: Qanun nə deyir? – Ekspertlər danışır

Paytaxt Bakının ən böyük və mərkəzi bazarı hesab olunan “Yaşıl bazar”da dini təriqət üzvlərinin kütləvi dini ibadət, ayin və mərasimləri təşkil olunur. Burada dini ayinlərin icrası nümayişkəranə şəkildə həyata keçirilir.

Bu barədə Azsiyaset.com saytına daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, günorta namazı vaxtı satıcılardan biri telefonla yüksək tonda azan səsi oxudur və bundan sonra bütün dindarlar yığışaraq kütləvi ibadət mərasimi təşkil edirlər. Bazarda araba ilə yük daşıyan fəhlələrdən tutmuş satıcılara, inzibati işçilərə qədər hər kəsin dini təbliğatın təsiri altına düşdüyü bildirilir. Ölkədə Məhərrəm ayı qeyd olduğuna görə, keçirilən mərasimlərin sayı və kütləviliyə də artmaqdadır.

“Yaşıl bazar”ın rəhbərliyi isə sadəcə pul qazanmaqla məşğuldur. Fəaliyyət sferasından asılı olmayaraq, istənilən müəssisədə insanların ictimai davranış formaları qanunlara uyğunlaşdırılmalıdır. 

REDAKSİYADAN: “Dini etiqad azadlığı haqqında” qanunda göstərilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.

Həmçinin, həmin qanunda qeyd olunur: “Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər”.

Qanunda yazılır: “Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir”.

Kütləvi dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təşkil olunur.

Belə olan halda, “Yaşıl bazar”da hər gün kütləvi ibadət tədbirlərinin nümayişkəranə şəkildə keçirilməsinin də qanunazidd olduğu görünür.

“Yaşıl bazar” bir müddət öncə yeni dizaynda fəaliyyətə başladıqdan sonra ora gələn xarici turistlərin də sayında da artım müşahidə olunur. Məsələ bundadır ki, bazarın alış-veriş mərkəzindən dini “toplantı” məkanına çevrilməsi insanların alıcılıq qabiliyyətini da aşağı salıb.

Bir daha qeyd edirik ki, Azərbaycanda dini azadlıqlar ən yüksək səviyyədə qorunur, insanlar inancına, əqidəsinə, irqinə və milli mənsubiyyətinə görə heç bir təqibə məruz qalmır və ölkəmizdə din dövlətdən ayrıdır.

Hazırda digər ölkələr kimi, Azərbaycan da koronavirus pandemiyasının ağır şərtləri ilə üz-üzə dayanıb. Ölkədə virusa yoluxanların sayı durmadan artır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 15 avqust tarixində 2993 yeni yoluxma faktı qeydə alınıb və analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib. 

Kütləvi tədbirlər və insanların bir yerə yığışması virusa yoluxma ilə bağlı ağır fəsadlara gətirib çıxarır. Bu baxımdan, kütləvi dini ibadət mərasimlərinin təşkili də yolverilməzdir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü – deputat Ceyhun Məmmədov Azsiyaset.com-a açıqlamasında bildirdi ki, bazarın öz funksiyası var və “Dini etiqad azadlığı” haqqında qanuna əsasən, kütləvi mərasimlər, ibadətlər yalnız məscidlərdə keçirilə bilər:

“Kimsə namaz qılmaq istəyirsə, çalışdığı yerdə dini ayini yerinə bilər. Amma kütləvi şəkildə və digər insanlara mane olaraq, belə tədbirlərin keçirilməsinə qanunvericilik icazə vermir. Bunu bütün vətəndaşlar nəzərə almalıdırlar. Sizin dediyiniz kimi, əgər bura bazardırsa, burada müxtəlif insanlar çalışırsa, deməli, onların içərisində namaz qılanlar da var, qılmayanlar da. Kimlərsə kütləvi dini ayinlərdə, mərasimlərdə iştirak etmək istəyirlərsə, onlar gedib bunu məscidlərdə yerinə yetirə bilərlər. Amma bu şəkildə, aşkarcasına, nümayişkəranə şəkildə kütləvi dini ayin icra etmək qanunla qadağandır”.

Deputat C.Məmmədov daha sonra qeyd edir: 

“Bu məsələdə bir meyar var. Məsələn, qanunda açıq şəkildə yazılır ki, kütləvi mərasimlər yalnız məscidlərdə keçirilə bilər. Bazarda 40, 50, 100 nəfərin bir yerə topalaşaraq, kütləvi şəkildə ayin təşkil etməsinə qanun icazə vermir. 2-3 nəfər özü üçün ibadət edə bilər, bunda problem yoxdur. Bazarının öz funksiyası var və digər insanlara mane olmaq doğru deyil. Əgər 50 nəfər bir yerə yığışıb namaz qılırsa, bu artıq kütləvi dini mərasimin icrası deməkdir. Digər tərəfdən, bazarda yüksək azan səsi ilə hamının kütləvi şəkildə ibadətə qalxması doğru deyil. Əslində bu məsələdə hansısa qadağadan yox, kütləvi tədbirdən söhbət gedir. Məscidin funksiyası nədir? Məscid – insanların kütləvi şəkildə ibadət etməsi üçün müəyyənləşdirilən bir yerdir. Bazarda, ictimai yerdə onlarla insanın bir yerə toplaşması bütün hallarda dini mərasimin icrası deməkdir”.

Məsələ ilə bağlı Azsiyaset.com-a danışan ilahiyyatçı Elşad Miri bildirdi ki, bu adamlar bazarda namaz vaxtı yığışıb namaz qılırlarsa, bu sadəcə alqışlanmalıdır:

“Yox əgər onlar asayişi pozurlarsa, ictimai qaydalara qarşı kobud yanaşırlarsa, təbii ki, o zaman o məsələ ilə bağlı müvafiq dövlət strukturları məşğul olmalıdır. Burada nə dini mənada, nə də ictimai mənada asayiş pozulmursa, heç bir problem yoxdur. Əvvəla, dəqiqləşdirilməlidir ki, bu insanlar namaz vaxtı bir araya gəlib namaz qılırlar, yoxsa başqa bir iş görürlər? Bununla bağlı hər hansı bir dəqiq məlumat varmı ki, onlar namaz qılmaqdan başqa, bir araya gəlib hər hansı başqa bir iş görürlər? İnsanlar bir yerə yığışaraq ibadətlə məşğul ola bilərlər. Bir yerə yığışıb icma qurmurlar, nə də nəsə meydana gətirmirlər ki. Sadəcə ibadətlə məşğuldurlar. Bu bilirsiniz, nəyə oxşayır? Nahar vaxtı olur, bu zaman insalar yığışıb bir yerdə yemək yeməli olacaqlar. İndi kimsə deyirsə ki, elə gəlin bir yerdə hamımız naharımızı birlikdə edək, o zaman bu hal hansısa asayişi pozmaqdırmı? Bu, gündəlik olaraq həyata keçirdiyimiz bir məsələdir. Ona görə də məsələyə bu prizmadan yanaşmaq lazımdır. Bu gün bu dindarların elədikləri dini etiqad haqqında qanunları pozmaq demək deyil. Sadəcə biz onları səhv çıxarmaq üçün hansısa vasitələrdən istifadə etməyə çalışırıq”.

Həmçinin oxuyun

AzTv-nin “Azərbayacan” nəşriyyatında nə işi var idi? – TƏHLİL

Bir müddət bundan öncə Azərbaycan Dövlət televiziyasında (AzTV) yayımlanan materialda “Azərbaycan” nəşriyyatı rəhbərliyinin fəaliyyəti ilə …