Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Xaricdən 1 milyon gələn kimi qızına “Porsche” alacaqdı”- polkovnikin məhkəməsində qalmaqal

“Xaricdən 1 milyon gələn kimi qızına “Porsche” alacaqdı”- polkovnikin məhkəməsində qalmaqal

MTN polkovniki Mirəziz Əsgərov növbəti dəfə hakim qarşısına çıxarılıb. Polkovniki məhkəməsində zərərçəkmiş iş adamı Vidadi Əzizovun qardaşı ifadə verib.

Musavat.com xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda təqsirləndirilən MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin qardaşı Əziz Əzizov ifadə verib.

Ə.Əzizov ifadəsində deyib ki, 2012-ci ilin aprel ayında qardaşının həbs edilməsini onun xanımı Təranədən öyrənib: “Zəng edib dedi ki, Vidadini tutublar, evimiz yıxılıb. Mən evə gəldim və Vidadinin həbs edilməsi barədə atama dedim. Sonra Goranboydan Bakıya gəldim. Bakıda bacımgilə getdim, Təranə də orada idi. Təranə maskalı şəxslərin Vidadini tutduğunu, qoluna qandal vuraraq apardıqlarını dedi. Təranə Daxili İşlər Nazirliyinin 102 xidməti ilə əlaqə saxladığı üçün 16-cı polis bölməsindən zəng gəldi və bizi bölməyə çağırdılar.

Orada bizdən izahat aldılar, araşdırma aparandan sonra bildirdilər ki, Vidadi Əzizovun saxlanılması barədə Daxili İşlər Nazirliyində heç bir məlumat yoxdur. Bundan sonra evə qayıtdıq. Axşam Vidadi evə gəldi. Bildirdi ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb, onun bankdan götürdüyü pulun 670 min manatını götürüblər, 300 min manatını isə geri qaytarıblar”.

Əziz Əzizov bildrib ki, qardaşı sərbəst buraxılandan sonra rayona gedib. Amma ona yenidən MTN-dən zəng gəlib:

“Vidadi dedi ki, ondan əl çəkmirlər, yenə də 100 min manat verməsini istəyirlər. Qardaşımın dediyinə görə, yenidən 40 min düzəldərək MTN əməkdaşlarına verib”.

Məhkəmədə prokurorun və hakimlərin suallarını cavablandıran Əziz Əzizov bildirib ki, qardaşının bizneslə məşğul olduğunu bilsə də, onun nə qədər pulu olmasından xəbərsiz olub.

“Mən həmin gün bilmişəm ki, xaricdən qardaşıma 1 milyon manat pul gəlib. Qardaşımın Goranboy rayonunun Qarabucaq kəndində ferması olub, fermada xeyli sayda heyvan olub. Bu hadisələr baş verəndən sonra qardaşıma pul lazım oldu və buna görə də heyvanları satmaq qərarına gəldim. Bu səbəbdən əslən Şuşadan olan və Ağcabədi rayonunda yaşayan Çingiz adlı mal-qara alveri ilə məşğul olan şəxsi tapdım. Ona fermada olan qoyunları 31 min 500 manata satdım. Fermada olan digər heyvanları da sataraq pulları Vidadiyə verdim. Həmin vaxt Vidadi borca düşmüşdü, ona pul lazım idi”.

Zərərçəkmiş Vidadi Əzizovun məhkəmədə iştirak etmədiyini bilən hakim onun harada olması ilə maraqlanıb.

Vidadi Əzizovun vəkili bildirib ki, zərərçəkmiş həyat yoldaşı Təranə Əhmədovanı məhkəməyə gətirmək üçün gedib. Vəkil deyib ki, şahid kimi dindirilməli olan Təranə Əhmədovanın vəziyyəti yaxşı deyil və o, ayaq üstə çox dayana bilmir.

Bu sözlər həbsdə olan polkovniki qəzəbləndirib.

“Yalanlar hələ də davam edir. Şeytan maşını işə düşüb. İndi də yalan kulminasiya nöqtəsinə çatıb. Daha hansı yalanları danışacaqlar?”- deyə polkovnik bildirib.

Vidadi Əzizovun nümayəndəsi ilə təqsirləndirilən şəxsin arasında mübahisə yaranıb. Hakim mübahisəni sakitləşdirərək, tərəflərə xəbərdarlıq edib. Hakim tərəflərə səbirli olmağı tövsiyə edib.

Mirəziz Əsgərov bildirib ki, artıq səbri çatmır: “Gözləyərək bu günə çatmışam. Daha dözə bilmirəm, 1 il 8 aydır şər-böhtana görə, həbsdə saxlanılıram. Bu qədər şər-böhtan olmaz”.

Daha sonra şahid qismində Vidadi Əzizovun bacısı Solmaz İbrahimzadə ifadə verib.

Şahid bildirib ki, hadisədən əvvəl qardaşı onlarda olub: “Qardaşımın öz evində təmir işləri gedirdi. Bu səbəbdən özü bizdə, həyat yoldaşı isə rayonda qalırdı. Hadisə baş verən günü qardaşımın həyat yoldaşı Bakıya gəlmişdi. Həmin gün evdən çıxdılar. Onlar gedəndən bir qədər sonra Təranə geri qayıtdı və Vidadinin tutulduğunu bildirdi. Biz də bununla bağlı hər yerə məlumat verdik. Günün sonunda qardaşımın sürücüsü gəldi, əlində də klok var idi. O, klokda pul olduğunu, pulu saxlamağımı bildirdi. Rasimin üstü torpaq idi, köynəyi də qana bulaşmışdı. Rasim pulun evində saxlanılmasının təhlükəli olduğunu, başqa yerdə saxlamağımı məsləhət bildi. Buna görə də pulu çemodana qoydum və üstünə də paltar yığdım. Həmin çemodanı qonşumuz Elmiragilə qoydum, onun içində pul olduğunu ev sahibinə demədim. Axşam saatlarında Vidadi gəldi və pulu soruşdu. Mən də qonşudan pulu gətirdim. Vidadi pulu saydı, 300 min dollar olduğu məlum oldu”.
Zərərçəkmiş Vidadi Əzizovun həyat yoldaşı Təranə Əhmədova da şahid kimi dindirilərkən eyni məzmunlu ifadə verib.

O bildirib ki, Vidadi Əzizovla rəsmi nikahları yoxdur, 1993-cü ildən birlikdə yaşayırlar.

“2012-ci ilin aprel ayının 7-də Goranboydan Bakıya gəldim. Vidadi ilə mebel almağa getdik. Mebel mağazasında başa düşdüm ki, bizi iki-üç nəfər gənc oğlan izləyir. Bu barədə Vidadiyə heç bir söz demədim. Daha sonra mebel mağazasından çıxaraq “Zaminbank”ın “Nərimanov” filialına getdik. Sürücü ilə mən maşında qaldıq, Vidadi isə banka girdi. Bir qədər sonra Vidadi bankdan çıxdı, əlində qara rəngli klok var idi. O, kloku maşının baqajına qoydu. Bütün bunları maşının güzgüsündən görürdüm. Bu zaman üzü maskalı, silahlı şəxslər hücuma keçdi. Mən də səs-küy saldım ki, Vidadini tuturlar. Ora gələn maskalılar mənim gözümdə 200 nəfər görünürdü. Həmin şəxslər Vidadinin qolunu bağladılar. Dedim ki, belə etməyin, o, infarkt keçirib, həmin ərəfədə əvvəl Vidadi İranda olarkən infarkt keçirmişdi. Həmin şəxslərdən biri silahı başıma dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacağam. Onlar əlimdə olan telefonu da aldılar. Onlardan biri dedi ki, MTN əməkdaşlarıdır. Sonra onlar Vidadini apardılar”.

Təranə Əhmədovanın sözlərinə görə, bununla bağlı 102-yə zəng vurub və sonra vəkil Cavanşir Süleymanovla birlikdə polisə bölməsinə gediblər: “Orada Vidadinin harada olduğunu bilmədiklərini dedilər. Cavanşir müəllim bir neçə yer ilə əlaqə saxlasa da, bir nəticə olmadı. Bundan sonra evə gəldik. Bir qədər sonra Vidadi gəldi və bildirdi ki, MTN əməkdaşları tərəfindən saxlanılmışdı. Onun pulunu alıblar. Budan üç gün sonra Vidadiyə tez-tez zəng gəlməyə başladı. Ondan zəng edənin kim olduğunu soruşdum. Dedi ki, MTN-dən Mirəzizdir, 40-50 min manat pul istəyir. Sonradan yoldaşım pulu ona verib”.

Təranə Əhmədova qeyd edib ki, Vidadi Əzizov bizneslə məşğul olub, bu səbəbdən Dubay, Ukrayna, İran və Türkiyəyə tez-tez gedib. Təranə Əhmədova qeyd edib ki, xaricdən gələn puldan son ana qədər xəbəri olmayıb: “Vidadi çox danışan adam deyildi. Çöldə nə iş görürdü, onu evdə danışmırdı”.

Polkovnik Mirəziz Əsgərov şahidin yalan danışdığını deyərək bildirib ki, rəsmi qaydada Vidadi Əzizov üç gün əvvəldən izlənilməsi ilə bağlı qərar olub.

“Bu şəxslərin xaricdən gələn pullardan xəbəri olub. Evdə də bunun söhbəti olub. Vidadi hələ qızına söz verib ki, pul xaricdən gələndən sonra ona “Porsche” avtomobil alacaq. Evdə maşının nə rəngdə alacaqları ilə bağlı sözləri də olub. Bütün bunlar dinləmə və izləmə sənədləri ilə tərtib edilib. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim. Çünki orada hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto və video çəkilişlərlə sübut olunur. Əslində hadisə baş verən günü bunların mebel almaq üçün mebel mağazasına getməyiblər. Onlar izlənmələrini müəyyən etmək üçün ora gediblər. Orada da onları cavan oğlanlar yox, kənardan bir nəfər əməkdaş izləyib”.

Növbəti məhkəmə prosesi mayın 17-nə təyin edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın