Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Xəzərin hüquqi statusu problemi

Xəzərin hüquqi statusu problemi

 Xəzərin hüquqi statusunun uzun dövrə dayanan tarixi vardır. Hələ XVIII əsrin sonlarından başlayaraq Xəzər sahilinin Azərbaycana məxsus tarixi ərazilərində böyük dövlətlərin mənafeləri toqquşurdu. Ancaq Xəzərin hüquqi statusu uzun illər ərzində Rusiya (SSRİ) və İran arasında bağlanmış müqavilələr ilə tənzimlənirdi. Xəzərsahili ərazilərin bölüşdürülməsi və Azərbaycan torpaqlarının gələcək “hüquqi statusu və mənsubiyyəti” ilə bağlı ilk dövlətlərarası sənəd Rusiya ilə İran arasında 1723-cü ildə Sankt-Peterburqda imzalanmışdır. Xəzərətrafı Azərbaycan torpaqlarının statusu ilə bağlı növbəti sənədlər isə 1732-ci ildə Rəştdə, 1813-cü ildə Gülüstanda və 1828-ci ildə isə Türkmənçayda imzalanmışdır. Ancaq bu müqavilələrin heç birində Xəzərin hüquqi statusu ilə bağlı maddə öz əksini tapmayıb, hüquqi baxımdan “status” anlayışı olmayıb. Buna baxmayaraq, Gülüstan və Türkmənçay müqavilələrinin bəzi maddələrində Xəzər dənizində Rusiya və İrana verilən bəzi imtiyazlar öz əksini tapmışdır. Belə ki, Türkmənçay müqaviləsinin dördüncü maddəsinə əsasən, “ Cəgir yüksəkliyinin zirvəsindən Xəzər dənizinə axan bütün sular Rusiyaya məxsus olacaqdır. İran tərəfinə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada iki dövlət arasında sərhəd xətti dağ zirvələri ilə müəyyənləşdiyindən qərara alınır ki, onların Xəzər dənizinə tərəf olan yamacları Rusiyaya, əks yamacları isə İrana məxsus olacaqdır”. Türkmənçay müqaviləsinin səkkizinci maddəsinə görə isə, “ Rusiya ticarət gəmiləri əvvəllər olduğu kimi Xəzər dənizində və onun sahili boyunca azad üzmək, eləcə də ona yan almaq hüququna malikdir. Gəmi qəzası hallarında İranda onlara lazımi kömək göstəriləcəkdir. Bu qayda üzrə İran ticarət gəmilərinə də Xəzər dənizində əvvəlki kimi üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir. Qarşılıqlı olaraq orada gəmi qəzaları ilə bağlı onlara hər cür kömək göstəriləcəkdir. Hərbi gəmilərə gəlincə isə, qədimdə olduğu kimi, yalnız Rusiya bayrağı altında olan gəmilər Xəzər dənizində üzə bilərlər. Bu səbəbə görə, onlara indi də əvvəlki müstəsna hüquq verilir və təsdiq edilir. Belə ki, Rusiyadan başqa heç bir dövlət Xəzər dənizində hərbi gəmilərə malik ola bilməz”. Bu maddə Gülüstan müqaviləsində olan  beşinci maddənin müddəalarının təkrarıdır.

1921-ci il fevralın 26-da Moskvada Rusiya və İran arasında bağlanmış müqavilə ilə Xəzərin hüquqi statusuna daha çox diqqət yetirilmişdir. Bu müqavilə ilə Rusiya və İran “ hər hansı bir xarici dövlətin gəmilərini Xəzər dənizinə buraxmamaq” haqqında qarşılıqlı öhdəlik götürdülər. Müqaviləyə əsasən, Xəzərin cənubunda İran, qalan bütün sahillərdə isə Rusiya ətraf ərazilərin və xalqların taleyini istədiyi kimi həll etmək imkanı qazanırdı. Növbəti – altıncı müqavilə 1940-cı ilin 25 martında (Ticarət və Gəmiçilik haqqında Müqavilə) yenidən Rusiya və İran arasında imzalandı. Bu maqavilələrlə Rusiyaya böyük imtiyazlar verilmişdi. Həmçinin, Xəzər dənizində yalnız Rusiya və İran gəmi saxlaya bilər, sərbəst üzə və balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə SSRİ-nin Xəzər dənizində payı 86%, İranınkı isə 14 % müəyyənləşmişdir.

SSRİ süquta uğradıqdan sonra Xəzər regionu yeni yaranmış dörd müstəqil dövlət arasında bölündü. Sovet İttifaqının dağılması ilə yeni hüquqi-siyasi mənzərənin yaranması və Xəzər regionun zəngin neft və təbii qaz ehtiyatlarına malik olması digər dövlətlərin bu bölgəyə marağını daha da artırdı və “Xəzərin statusu” məsələsini gündəmə gətirdi.

SSRİ-nin süqutuna qədər Xəzərin bölgüsü 1970-ci ildə SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən bölgüyə əsaslanırdı. Xəzər dənizi uyğun olaraq Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran arasında orta xətt prinsipi üzrə aparılırdı. Hal-hazırda da Xəzərin hüquqi statusu öz həllini tapmadığı üçün Xəzərətrafı dövlətlərin sərhədləri 1970-ci ildə qəbul edilmiş sektorial bölgüyə əsaslanır.

1992-ci ildən başlayaraq Xəzərin hüquqi statusu ilə bağlı hövzəətrafı dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərinin keçirilməsinə baxmayaraq, ortaq nəticəyə gəlinməyib və Xəzərsahili dövlətlərin fərqli yanaşmaları mövcuddur. Bu isə məsələni daha da çətin məcraya salır.

Xəzərin hüquqi statusu ilə bağlı mövcud olan yanaşmalardan birinə görə, Xəzər dənizinin dibi və səthi orta xətt prinsipi üzrə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir. Bu yanaşmaya Azərbaycan, Rusiya və Qazaxıstanın münasibəti müsbətdir.

İran Xəzərin hüquqi statusu ilə bağlı iki yanaşma irəli sürür. Birinci yanaşmaya əsasən, Xəzərin “kondominum” (dənizdən birgə istifadə) prinsipi əsasında  beş bərabər hissəyə bölünməsi təklif olunur. Müəyyən məqamlarda Türkmənistanın da dəstəyini qazanmış bu təklif heç bir yerli və beynəlxalq hüquqa uyğun gəlmir. Həmçinin, bu təklifin reallaşması coğrafi cəhətdən də qeyri-mümkündür.

İranın irəli sürdüyü digər təklifə görə, Xəzəri “qapalı su hövzəsi” adlandıraraq BMT-nin Dəniz hüquqları Konvensiyasının ona tətbiq edilməsinin mümkün olmadığını iddia edir, hər hansı ölkənin öz iqtisadi zonasında müstəqil fəaliyyət göstərməsini qəbul etmir və Xəzərsahili ölkələrdən su hövzəsinin “ ümumi istifadəsi tələblərinə” əməl etmələrini tələb edirlər.

Növbəti yanaşma isə Rusiya və İranın təklif etdiyi “kompromis variant” adlanırdı. Bu yanaşmaya görə, Xəzərdə hər bir sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik olur, bundan sonrakı 25 mil ərazi “iqtisadi zona” kimi qəbul edilir. Dənizin ortasında qalan ərazilər isə beş hövzəətrafı ölkənin ümumi istifadəsinə verilirdi.

Həmçinin, Xəzərin hüquqi statusu məsələsinə çətinlik yaradan problemlərdən biri də Xəzərsahili ölkələrin irəli sürdüyü yanaşmalarda Xəzərə dəniz yoxsa göl kimi yanaşmaqdır. Belə ki, BMT-nin 1982-ci ildə “Dəniz hüquqları Konvensiyasına ” əsasən, dənizlər və su hövzələri- açıq, yarım qapalı, qapalı olmaqla üç qrupa bölünür. Su hövzəsinin dəniz kimi qəbul olunmasının meyarı onun okeanla, yaxud başqa su hövzələri ilə birbaşa, boğazlar və çaylar vasitəsilə birləşməsi hesab olunur. Bu meyarlara dayanaraq, Xəzər heç bir dənizə və ya okeana çıxışı olmayan qapalı daxili dəniz, daha doğrusu, göldür.

Nəzərə alsaq ki, Rusiya-İran sazişləri artıq keçmişdə qalmışdır və Rusiyanın Xəzərdə sahib olduğu 86%-lik pay artıq dörd müstəqil dövlət arasında bölünmüşdür. Buna görə də Xəzərin hüquqi statusu hövzəətrafı beş ölkənin qarşılıqlı və birgə məsələsi olduğu üçün BMT-nin 1982-ci ildə qəbul edilmiş “ Dəniz hüquqları Konvensiyasına” əsalanmalıdır. Çünki günümüzdə ən aktaul məsələlərdən biri olan Xəzərin hüquqi statusu məsələsində Xəzərətrafı beş ölkənin maraqlarına cavab verən ortaq nəticəyə gəlmək çox çətindir.

Zərifə Əhmədzadə Rəsul qızı,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının, I kurs magistrantı

 

 

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …